Analitika

Dəmir yollarımızın infrastrukturu möhkəmlənir

17-05-2017 | 12:25        

  

Azərbaycan dəmir yolları şəbəkəsi və infarstrukturun müasirliyinə görə regionun ən qabaqcıl ölkəsidir. Dövlətimiz bu sahənin ən müasir şəkildə yenidən qurulması istiqamətində tədbirlərin görülməsi üçün lazımi tədbirləri ardıcıl şəkildə davam etdirir. Azərbaycan Dəmir Yollarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı Azərbaycan Dəmir Yollarının daha operativ və çevik fəaliyyət göstərməsini təmin edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, bu dövr ərzində ümumilikdə 383 kilometr dəmir yolu əsaslı təmir olunub, kontakt şəbəkə üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb, 153 dəst yeni yoldəyişən qurğu alınıb. Bakı-Böyük Kəsik sahəsində yolun enerji təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün yarımstansiyalarda tikinti işləri başa çatdırılıb, kontakt şəbəkə üzrə yenilənmə və dəyişikliklər, rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi işləri aparılır. Hazırda Asiya İnkişaf Bankının ayırdığı texniki yardım hesabına Fransanın “Sistra” məsləhətçi şirkəti tərəfindən Bakı-Yalama dəmir yolu xətti üzrə yolun əsaslı təmiri və eləcə də Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir yolu Ticarətinin Dəstəklənməsi Layihəsi” çərçivəsində bütövlükdə Yalama-Astara marşrutu üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.

Bu gün Bakı və Sumqayıt şəhərləri arasında hərəkət 2 il ömcə istifadəyə verilmiş sürət qatarları hesabına xeyli rahat və çevik həyata keçirilə bilir.

2015-ci il sentyabrın 12-də istifadəyə verilmiş Bakı-Sumqayıt qatarından artıq 1 milyon 500 minə yaxın vətəndaşımız istifadə edib.

Yenidən qurulmuş Bakı dəmir yolu vağzalı binası əsaslı təmir olunduqdan sonra, 2017-ci il fevralın 10-da, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib. Təmir-bərpa işləri, ümumilikdə, 200 min kvadratmetr sahəni əhatə edir. İşlər 1883-cü ildə inşa olunmuş və “Bakının Tiflis vağzalı” adı ilə tanınan binada, 1976-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş vağzal–mehmanxana kompleksində və ümumiyyətlə, bütün vağzal ərazisində aparılıb. Təmir-bərpa işləri hər iki binanın memarlıq üslubunun saxlanması ilə həyata keçirilib. 1926-cı ildə tikilmiş vağzal binasının dəmir yolu muzeyinə çevrilməsi məqsədilə lazımi yenidənqurma işlərinə başlanacaq.

***

Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı da artıq sərnişinlərin ixtiyarındadır. Astara-Rəşt dəmir yolunun inşası başa çatdıqdan sonra isə Naxçıvan-Bakı qatarı işə salınacaq ki, bununla da Naxçıvan əhalisinin Bakı ilə dəmir yolu vasitəsilə asan əlaqəsi təmin olunacaq, həmçinin Naxçıvanda istehsal olunan travertin, mərmər, gips, Badamlı və Sirab kimi məşhur təbii mineral sular, duz, müxtəlif növ kənd təsərrüfatı, o cümlədən meyvə-tərəvəz məhsullarının təqribən 30-32 saata paytaxt Bakıya daşınması mümkün olacaq. Eyni zamanda, sadaladığımız ixrac məhsullarının qonşu ölkələrin bazarlarına çıxarılmasına imkan yaranacaq. Bu məqsədlə hazırda muxtar respublikanın dəmir yolu təsərrüfatında yenilənmə prosesi həyata keçirilir.

Dəmir yollarımız beynəlxalq dəhlizlərə inteqrasiya edir

Dəmir yollarımız bizi həm də dünyaya çıxarır. Bu istiqamətlər üzrə də şaxələndirmə və infrastrukturun müasirləşdirilməsi üçün tədbirlər görülür. Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bu il istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində Gürcüstan ərazisində, Türkiyə sərhədinə qədər ümumilikdə 183 kilometr, o cümlədən 30 kilometr uzunluğunda Qars-Axalkalaki yeni dəmir yolunun inşası, Axalkalaki stansiyasında vağzal və təkər cütlərinin dəyişdirilməsi kompleksinin və 4450 metr uzunluğunda tunelin inşası reallaşdırılıb. Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər sınaq qatarının hərəkəti təmin edilib. Hazırda Türkiyə ərazisində layihənin tamamlanması istiqamətində işlər sürətləndirilib.

Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlərə dövlət başçısının 2015-ci il dekabrın 7-də imzaladığı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Sərəncamdan və Prezident İlham Əliyevin 2016-cı il fevralın 23-də İran İslam Respublikasına səfəri zamanı müvafiq müqavilələrin imzalanmasından sonra başlanılıb. Azərbaycan ərazisində 2016-cı il aprelin 20-də başlayan tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Görülən işlər nəticəsində, ümumilikdə, 16 kilometrdən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün tikintisi tam yekunlaşdırılıb, 2017-ci il martın 3-də ilk sınaq qatarı inşa edilən körpüdən keçərək İran ərazisinə daxil olub. İran ərazisində 1,4 kilometr uzunluğunda yolun və yük terminalının inşası isə hazırda davam edir.

Vaqon parkı yenilənir

Sizin verdiyiniz tapşırığa əsasən, Azərbaycan dəmir yollarında hərəkət heyətinin yenilənməsinə dair bir sıra işlər görülüb və hazırda davam etdirilməkdədir. Vaqon parkının yenilənməsi məqsədilə 3101 ədəd yeni yük vaqonları alınaraq vaqon parkına daxil edilib. Lokomotiv parkının sağlamlaşdırılması məqsədilə 10 ədəd yeni teplovoz və 4 ədəd yeni elektrovoz, Gürcüstanda əsaslı təmir keçmiş 3 ədəd elektrovoz, 5 ədəd teplovoz alınaraq istifadəyə verilib, tərəfimizdən təmir edilmiş 5 ədəd lokomotiv də istismara buraxılıb. Fransanın “ALSTOM” şirkətinin istehsalı olan 50 ədəd müasir elektrovozların alınmasına dair müqavilə imzalanıb və həmin elektrovozların Bakı-Böyük Kəsik marşrutunda istifadəyə verilməsi planlaşdırılır. Həmçinin dövlət başçısının Fransaya səfəriniz çərçivəsində həmin elektrovozların standartlara uyğun texniki istismarını təmin etmək üçün Biləcəri qəsəbəsi və Gəncə şəhərində depoların inşasının maliyyələşdirilməsi məqsədilə Fransa İnkişaf Agentliyi ilə kredit müqaviləsi imzalanıb.

İslahatlar çərçivəsində aparılan sağlamlaşdırma prosesi sərnişin vaqon parkını da əhatə edir. İsveçrənin “Stadler Reil Qrup” şirkətinin istehsalı olan 4 vaqondan ibarət 5 ədəd ikimərtəbəli sürət qatarı alınaraq ölkəyə gətirilib və həmin şirkətlə Bakı-Tbilisi-Qars marşrutu ilə hərəkət edəcək daha 30 vaqonun alınmasına dair təchizat müqaviləsi imzalanıb.

Beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı

Respublikanın tranzit potensialının artırılması məqsədi ilə Azərbaycan Dəmir Yolları ölkəmizin digər nəqliyyat strukturları ilə birgə, artıq bir neçə iri beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ötən ilin sonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Assosiasiyası yaradılıb, marşrutda vahid qiymətlər və vahid pəncərə sistemi tətbiq olunub. Hazırda Şərq-Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində işlər aparılır. Çinin cənub rayonlarından Avropaya nəql olunan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Azərbaycana və daha sonra Avropa ölkələrinə daşınmasını nəzərdə tutan yeni marşrutun yaradılması istiqamətində danışıqlar aparılır.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi məqsədi ilə Rusiya, Azərbaycan və İran dəmir yolları administrasiyalarının birgə fəaliyyəti nəticəsində İranın Bəndər Abbas limanından Rusiyanın Moskva şəhərinə 14 gün ərzində sınaq yüklərin daşınması həyata keçirilib və bu yüklərə vahid qiymət siyasətinin tətbiq olunması üzrə razılıq əldə edilib. Bundan başqa, Hindistandan Rusiyaya test olaraq konteynerlər nəql edilib və Hindistan yüklərinin bu dəhlizə daha intensiv və davamlı cəlb olunması üçün qarşı tərəflə ardıcıl iş aparılır.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni bir qolu kimi, Cənub-Qərb Nəqliyyat Marşrutunun inkişafı üçün iştirakçı ölkələrlə İran-Azərbaycan-Qara dəniz-Avropa və əks istiqamətdə yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə nəql olunması üçün davamlı iş aparılır.

Ümumiyyətlə, dünyada baş verən iqtisadi böhrana baxmayaraq 2016-cı il ərzində Azərbaycan Respublikası dəmir yolları vasitəsilə 15,4 milyon ton yük daşımağa müvəffəq olub. 2017-ci ilin ilk üç ayı ərzində isə 3,8 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Bu tendensiya ölkəmizdə beynəlxalq yükdaşımalar üzrə aparılan son islahatların bariz nümunəsidir.

Yük daşımalarında sifarişlərin onlayn şəkildə verilməsi və tariflərin onlayn hesablanması xidməti istifadəyə verilib. Eyni zamanda, sərnişinlərin məmnunluğunu təmin etmək məqsədi ilə biletlərin onlayn satışına başlanılıb.

Dövlət başçısının tapşırığına əsasən, dəmir yollarının yeni inkişaf proqramı hazırlanıb. Belə ki, qarşıdakı 3 il müddəti üçün müəyyən edilmiş investisiya portfelinə əsasən, Yalama–Astara istiqamətində dəmir yolunun əsaslı təmiri, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Yevlaxda Kür çayı üzərində ikinci körpünün tikintisi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Daha sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır ki, hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır.