Analitika

Azərbaycan şərab ixracatçısına çevrilir

21-04-2017 | 16:44        

  

Azərbaycanın şərabçılıq sahəsində təcrübəsi və böyük potensialı mövcuddur. Qeyri-neft sektorunun inkişaf strategiyasına uyğun olaraq ölkəmizin həm də bu sahədəki potensialının tam həcmdə realizəsi üçün tədbirlər həyata keçirilir. 1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında üzümçülüyün inkişafı Azərbaycanı bu sahədə keçmiş ittifaq ölkələri arasında liderlər sırasına çıxarmışdı. O vaxtlar bütün rayonlarında salınmış üzüm bağları Sovet hökumətinin yanlış “yenidənqurma” siyasəti nəticəsində demək olar ki, məhv edildi, şərab emalı müəssisələri istifadəsiz qaldı.

Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi zamanı müzakirə olunan aktual məsələlər sırasında şərabçılığın inkişafı da yer alırdı.

Dövlət başçısı müşavirədəki çıxışı zamanı bu mövzuya toxunaraq bildirdi: “Biz indi üzümçülüyü bərpa etməliyik və bərpa edirik. Yeni üzüm bağları salınmalıdır və bizim şərab zavodlarımız da tam gücü ilə işləməlidir. Mənə verilən məlumata görə, şərab zavodlarının istehsal potensialı ildə 100 milyon butulkadır. Ancaq biz bunun təqribən 20-30 faizini istifadə edirik. Ona görə, üzüm istehsalı, o cümlədən texniki üzümün istehsalı artmalıdır, şərab zavodlarımız tam gücü ilə işləməlidir və ixrac da kəskin şəkildə artmalıdır. Məndə olan məlumata görə, keçən il ixrac artıb. Ancaq əgər biz rəqəmlərə baxsaq görərik ki, konyak və şərab ixracı ölkəmizə cəmi 17,5 milyon dollar vəsait gətirib. Ona görə, biz şərab və konyak məhsullarının istehsalını və ixracını ən azı 5 dəfə artıra bilərik, özü də qısa müddət ərzində. Biz buna da nail olmalıyıq. Üzümçülüyün, şərabçılığın inkişafı ilə bağlı əlavə təkliflər hazırlanacaq”.

***

“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına ciddi şəkildə təkan verir. Bu sahədə müəyyən irəliləyişlər əldə edilib, hazırda isə proses intensiv şəkildə davam edir.

Bu illər ərzində üzüm istehsalı və emalı sahəsinin inkişafına dövlət tərəfindən 40 milyon manatdan çox güzəştli kredit verilib, müasir bağlar salınıb, son texnoloji avadanlıqlarla təchiz olunmuş şərab zavodları qurulub, məhsulların çeşidləri və keyfiyyətində xeyli dönüş əldə edilib.

Nəticədə Azərbaycanın şərab və konyakları mötəbər sərgi və dequstasiyalarda ən yüksək qiymətə və təltiflərə layiq görülüb. Təkcə son aylar ərzində şərablarımız Çində keçirilən sərgidə qızıl medala, Bolqarıstanda keçirilən müsabiqədə isə gümüş medala layiq görülüb.

Şərab və konyak məhsullarımızın qeyri-neft ixracında payı da artmaqdadır. Ötən illə müqayisədə bu ilin ilk üç ayı ərzində şərab ixracı 29 faiz, konyak məhsullarımızın ixracı isə 2,3 dəfə artıb.

Mart ayında respublikamızın qabaqcıl 9 şərab istehsalçısı dünyanın şərabçılıq sahəsində ən mötəbər, 60 mindən çox qonağı və 6200 stendi olan “Provayn Düsseldorf” sərgisində vahid ölkə stendi ilə iştirak edib. Sərgiyə qatılan 59 şərab istehsalçısı ölkəsinin sırasında Azərbaycan da yer alıb.

***

Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqinə, yerli şirkətlərin xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarına çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları” təsdiq olunduğu tarixdən etibarən, yəni ötən 5 ay ərzində Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Çin Xalq Respublikasına səfər çərçivəsində beynəlxalq şərabçılıq sərgisində yerli şərab məhsullarımızdan biri qızıl medala layiq görülüb və 500 min şüşə şərabın Çinə ixracına dair imzalanmış müqavilənin icrasına başlanılıb. Dubaya ixrac missiyası çərçivəsində nar şirəsi, alma və balın ixracına dair razılaşmalar əldə edilib.

Cari ilin yanvarında 18 şirkətin iştirakı ilə Almaniyaya təşkil edilən ixrac missiyası çərçivəsində bu ölkəyə çay və narın ixracı ilə bağlı ilkin razılaşma əldə edilib, nar şirəsinin İsveçə ixracı ilə bağlı isə müqavilə imzalanıb. Pakistan və Əfqanıstana həyata keçirilən ixrac missiyaları çərçivəsində quru süd və süd məhsulları, nar şirəsi, qənnadı məhsulları, mebel, boru, metal konstruksiyaları və digər tikinti materiallarının ixracı üzrə, Qətərə ixrac missiyası çərçivəsində isə ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edilib. Həmçinin “Gulfood” beynəlxalq ərzaq, “Prowein” şərab sərgilərində sahibkarlarımız vahid ölkə stendləri ilə iştirak edib, çeşidli məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar bağlayıb və sifarişlər qəbul olunub.