İqtisadiyyat

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

21-04-2017 | 16:18        

  

Aprelin 21-də Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

Parlament sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “SOCAR Umid Oil and Gas Limited” şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” “SOCAR Umid Oil and Gas Limited” şirkəti ilə “Umid, Babək Eksploreyşn end Prodakşn” şirkəti arasında müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi haqqında məlumat verib.

Valeh Ələsgərov Risk Xidmət Sazişinin məqsədləri barədə danışaraq bildirib ki, yerli bazarın neft və təbii qaza olan tələbatının ödənilməsi SOCAR-ın fəaliyyət hesabına həyata keçirilir. Eyni zamanda, yerli bazarda enerji daşıyıcılarının qiymətlərinin tənzimlənməsi yeni təbii qaz ehtiyatlarının kəşfi və işlənməsinə iri həcmdə sərmayənin cəlb edilməsinin kommersiya cəhətdən əlverişli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində ölkənin ildən-ilə artan təbii qazla tələbatının təmin edilməsinə gələcəkdə problemlər yarada bilər. Hazırda yeni yataqların kəşfi və işlənməsi xarici neft şirkətləri ilə Hasilatın Pay Bölgüsü sazişləri üzrə aparılır. Bu sazişlər birinci növbədə dövlət üçün maksimum gəlir əldə etmək məqsədilə hasil olunmuş karbohidrogenlərin dünya bazarına ixracı sxemi üzərində qurulub.

Komitə sədri bildirib ki, daxili bazar üçün təbii qaz təchizatının tam nəzarət altında saxlanılması və xarici amillərdən asılılığın azaldılması, daxili bazarda təbii qaza olan tələbatın mümkün qədər aşağı qiymətlə təmin edilməsi hökumətin əsas strateji məqsədlərindən hesab olunur. Məqsədlərə nail olmaq üçün hökumətin göstərişi ilə “Ümid-Babək” blokunun SOCAR tərəfindən işlənilməsinə qərar verilib.

Qeyd edilib ki, yatağın işlənilməsi üçün maliyyələşmənin təşkili və irihəcmli sərmayənin cəlb olunması məqsədilə saziş tərəfləri arasında Azərbaycanda qüvvədə olan Hasilatın Pay Bölgüsü sazişlərinə uyğun qaydada sərmayəçilərin hüquqlarını və iqtisadi maraqlarını müdafiə edən razılaşmanın mövcudluğu zəruridir və bunu təcrübə də göstərir.

Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti SOCAR-a “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında Risk Xidmət Sazişini hazırlamaq və onu imzalamaq səlahiyyəti verilib. Mahiyyət baxımından Hasilatın Pay Bölgüsü sazişlərinə tam oxşar olan Risk Xidmət sazişləri ölkədə hazırda fəaliyyətdə olan neft-qaz sazişləri modelini dəyişmədən ayrıca hüquqi baza yaradılmasına imkan verir və bu da hökumətin maraqlarının müdafiəsinin tam təmin olunmasına şərait yaradır.

Sonra Valeh Ələsgərov Sazişin tələblərindən irəli gələn məsələlərlə bağlı deputatların suallarını cavablandırıb.

Komitə üzvləri belə bir Sazişin bağlanmasını Azərbaycanın neft strategiyasında daha uğurlu bir addım kimi qiymətləndiriblər.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR