Siyasət

XİN 2011-ci İLİN FƏALİYYƏT PRİORİTETLƏRİNİ AÇIQLAYIB

08-01-2011 | 13:16        

  

Xarici İşlər Nazirliyi 2010-cu il üçün yekun hesabat açıqlayıb. Hesabatda bildirilir ki, son bir ərzində əsas fəaliyyət prioriteti ərazi bütövlüyünün bərpasında irəliləyişin əldə edilməsi, beynəlxalq aləmdəki etimadının artması və əməkdaşlıq əlaqələrinin genişlənməsi olub.
Hesabatda bildirilir ki, ötən il Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilib. Müzakirələr 2009-cu ilin dekabrında Minsk Qrupu həmsədrləri tərəfindən təqdim edilmiş yenilənmiş Madrid prinsipləri əsasında aparılıb. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında il ərzində, Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Soçidə, Sankt-Peterburqda və Həştərxanda üç görüş keçirilib. Son görüş nəticəsində tərəflər ATƏT-in Minsk Qrupu və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə hərbi əsir və girovların, həmçinin, atəşkəs rejiminin pozulması nəticəsində həlak olmuş şəxslərin cəsədlərinin qaytarılmasına dair birgə bəyanat qəbul ediblər. Bunun nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun cəsədlərinin vətənə qaytarmaqla, torpağa tapşırılması mümkün olub.
Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının başlıca prinsiplərinin razılaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərin başçılarının Kanadanın Muskoka şəhərində verdiyi birgə bəyanat olub. Bəyanatda dövlət başçıları tərəfindən münaqişənin həlli üçün işğal edilmiş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və digər prinsipləri nəzərdə tutan mərhələli həllinin zəruriliyi vurğulanıb”. Sənəddə həmçinin 2010-cu ilin 19-20 noyabr tarixlərində Lissabonda keçirilmiş NATO-nun Zirvə görüşünün yekun Bəyannaməsində regional ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəkləndiyi və regional münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinə çağırıldığı qeyd edilir. Yekun hesabatda həmçinin 2011-ci ilin xarici siyasət oriyentirləri də öz əksini tapıb. Belə ki, bu il ilk növbədə Azərbaycanın ərazi bütövlüyü əsasında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində yüksək səfərbərlik, Xəzəryanı bölgədə mehriban qonşuluq əlaqələrinin saxlanılması və zəngin karbohidrogen ehtiyatlarının ixracı və nəqlində ən sabit və etibarlı ölkə qismində mövqeyimizin möhkəmləndirilməsi məsələləri yer alır.