Analitika

Azərbaycan iqtisadiyyatı kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid mərhələsindədir

17-04-2017 | 10:27        

  

Son on ildə Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar, yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, infrastruktur, əhalinin sosial rifahının yaxşılaşma səviyyəsi, habelə normativ-hüquqi qanunvericilik və institusional baza ölkəmizə davamlı inkişafa keçidi mühüm bir məsələ kimi qarşıya qoymuşdur. Eyni zamanda, qlobal maliyyə böhranı və son iki ildə dünya bazarında xam neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, manatın devalvasiyası, milli iqtisadiyyatın inkişafında neft amilinin rolunun məhdudlaşması, ticarət tərəfdaşlarımız olan ölkələrdə ÜDM-in azalması nəticəsində respublikamızın tədiyyə balansının və qeyri-neft büdcə kəsirinin çoxalması, bütövlükdə iqtisadi inkişafın xarakterinə qlobal təzyiqlərin artması davamlı inkişaf baxımından müvafiq strateji yol xəritəsinin işlənib hazırlanması və reallaşdırılmasını obyektiv zərurətə çevirdi.

Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) eksperti, iqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri, professor Məhiş Əhmədov söyləyib.

M.Əhmədov bildirib ki, Strateji Yol Xəritəsində davamlı inkişafın məqsədlərinə və prinsiplərinə uyğun olaraq ölkəmizdə formalaşdırılan inklyüziv və transparent milli iqtisadi inkişaf modeli iqtisadi artımla sosial inkişafın və sosial bərabərliyin uyğunluğuna, həmrəyliyinə əsaslanan güclü, şəffaf və açıq iqtisadiyyatın yaradılması əsasında nəzərdə tutulur. Geniş mənada inklyüziv iqtisadi artım təhsil və tibbi xidmətin aztəminatlı əhali qrupları üçün əlçatan olmasını, ətraf mühitin qorunmasını, məhsul və xidmət vahidinə çəkilən xərclərin aşağı salınmasını, inklyüzivlik iqtisadi artımın humanitar və mənəvi aspektlərinin gücləndirilməsini tələb edir.

Strateji Yol Xəritəsində sosial-iqtisadi proseslərin 360 dərəcəli diaqnostikası əsasında qiymətləndirilməsi öz əksini tapmışdır ki, bu da inkişafın hər hansı bir sahənin, istiqamətin, sferanın səmərəliliyi baxımından deyil, bütünlükdə ölkədə cari və perspektiv dövrdə həyata keciriləcək təkrar istehsalın səmərəliliyinin təmin edilməsi baxımından dəyərləndirilməsini zəruri edir.

M.Əhmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təşviqi və əməli cəhətdən səmərəli reallaşdırılmasını təmin etmək məqsədilə milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə 12 strateji yol xəritəsi hazırlanıb və təsdiq edilib. Bu yol xəritələri arasında mühüm əhəmiyyət kəsb edən “Azərbaycan Respublikasının milli iqtisadiyyatının perspektivliyi üzrə strateji yol xəritəsi” mövcud vəziyyətin GZİT təhlili və 360 dərəcəli diaqnostikası əsasında 2020-ci ilədək ölkəmizdə iqtisadi inkişaf strategiyası, tədbirlər planı və 2025-ci ilədək qarşıda duran başlıca məqsədlər, hədəflər və baxışlar sistemini özündə əks etdirir. Sözügedən sənəddə nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün tələb olunan investisiyalar, inkişaf amilləri və şərtlər dəyərləndirilib. Aydındır ki, yaxın gələcəkdə ölkəmizin qarşısında duran strateji məqsəd və hədəflərin yerinə yetirilməsi müvafiq olaraq milli iqtisadiyyatın strukturunun dəyişən şəraitə və tələbə uyğun təkmilləşdirilməsini, real və maliyyə sektoru arasında tarazlığı təmin edilməsini tələb edir ki, bu da öz növbəsində yaxın gələcəkdə ölkəmizin davamlı inkişaf modelinə keçməsinə imkan verəcəkdir.

Məlumdur ki, son illərə kimi ölkəmizdə sosial-iqtisadi proseslərin tənzimlənməsi zamanı əsasən fiskal, başqa sözlə, büdcə-vergi tənzimlənməsi sistemi həlledici rol oynayıb. Lakin son iki ildə ölkəmizin iqtisadiyyatına xarici amillərin neqativ təzyiqi, qlobal çağırışlar, məhsul və xidmətlərə daxili qiymətlərlə dünya bazar qiymətləri arasında yaranan kəskin fərqlər, üzən məzənnə rejimi əsasında monetar tənzimləmənin geniş tətbiqini obyektiv zərurətə çevirdi. Bununla bağlı Strateji Yol Xəritəsində birmənalı qeyd olunur ki, ölkəmizdə uzunmüddətli makroiqtisadi sabitliyi və davamlı inkişafı təmin etmək üçün hər bir halda ölkəmizin maliyyə imkanlarına və qarşıda duran prioritet məqsəd və vəzifələrə uyğun olaraq fiskal və monetar tənzimləmənin optimal nisbətdə tətbiqi zəruridir.

Müasir dövrdə sosial-iqtisadi proseslərin tənzimlənməsinin bu prinsipial yanaşmasına uyğun olaraq Strateji Yol Xəritəsində müasir dövrdə davamlı inkişaf baxımından qlobal və regional mühitin dəyərləndirilməsi əsasında yaxın gələcəkdə ölkəmizin iqtisadi inkişafının xarakterinə: qlobal iqtisadi güc mərkəzlərinin Asiyada yeni yaranmaqda olan bazarlara doğru yerdəyişməsi; texnoloji innovasiyaların əhəmiyyətli təsirləri; dəyişən geosiyasi konfiqurasiya və neft-qaz amillərinin təsirlərinin rolu xüsusi qeyd olunur.

Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanın enerji, ərzaq, maliyyə, nəqliyyat və sair istiqamətlərdə təhlükəsizliyinin təmin edilməsi sahəsində çox böyük işlər görülüb, güclü iqtisadi, sosial, bazar infrastrukturu yaradılıb ki, bu da yaxın gələcəkdə ölkəmizdə milli iqtisadiyyatın davamlı və dinamik inkişafına qarşı mümkün ola biləcək kataklizmləri və bütövlükdə qeyri-sabitliyin neqativ təsirinə davamlılığını kəskin artıracaqdır.

Beynəlxalq Valyuta Fondu son illər ölkəmizdə bütün istiqamətlər üzrə yaradılmış potensialı və imkanları dəyərləndirərək 2025-ci ilədək Azərbaycan iqtisadiyyatının illik 2-3 faiz artımını proqnozlaşdırır. Bu gün Azərbaycan iqtisadiyyatı əslində kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid mərhələsindədir. Belə ki, iqtisadi artımda intensiv amillərin xüsusən, elmtutumlu habelə, ixtisaslı əməktutumlu sahələrin üstün inkişafı hesabına iqtisadi artımda intellektual kapitalın payı artmağa doğru meyl edir, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi artır, idxal və ixracın strukturu təkmilləşir, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi tədricən artır, bütünlükdə yeni sənaye parkları, məhəllələrinin yaradılması əsasında iqtisadiyyatın modernləşməsi prosesi müşahidə olunur.

Strateji Yol Xəritəsində milli iqtisadiyyatın GZİT təhlili əsasında iqtisadi inkişafın dörd mərhələsi qeyd olunub. Sonuncu dördüncü inkişaf mərhələsi iqtisadi artımın qeyri-neft sektoruna ötürülməsi, artım sürətinin səngiməsi dövrü kimi xarakterizə olunur.

Strateji Yol Xəritəsində göstərilir ki, Azərbaycan 2015-ci ildən etibarən iqtisadi inkişafın postneft erası dövrünə daxil olub. Bu zaman qarşıda duran vəzifələri həll etmək üçün Azərbaycan iqtisadiyyatı aşağıdakı üç böyük potensial imkanına malikdir.

Birincisi, ölkəmiz İran, Türkiyə və Rusiyanın bazarları arasında yerləşir. Təhlillər göstərir ki, qısa bir zaman kəsiyində ölkəmiz həmin bazarlara böyük miqyasda və çox istiqamətdə daxil olmaq üçün böyük potensiala malikdir.

İkincisi, Azərbaycan yaxın gələcəkdə bərpa olunacaq İpək Yolunun imkanlarından kifayət dərəcədə bəhrələnmək üçün güclü nəqliyyat və logistika xidmətləri imkanlarına malik olacaq.

Üçüncüsü, ölkəmiz bu sahədə ancaq tranzit imkanlarına deyil, eyni zamanda, öz ərazisindən keçən, daşınan əmtəələrin üzərinə əlavə dəyər gətirməklə qlobal dəyər zəncirindən fəal faydalanmaq imkanına malik olacaq.

Dünya təcrübəsi göstərir ki, bu gün milli iqtisadiyyatların davamlı inkişaf modelinə keçidinin təmin edilməsi həlledici dərəcədə insan kapitalının həcmi və keyfiyyəti ilə bağlıdır. Bununla bağlı Davos Dünya İqtisadi Forumunun hazırladığı insan kapitalı indeksinə görə Azərbaycan 2015-ci ildə 124 ölkə arasında 63-cü yerdə, habelə Dünya İqtisadi Forumunun 2016-cı il üçün illik qlobal rəqabətlilik hesabatında Azərbaycan 144 ölkə arasında 78-ci yerdə qərarlaşmış, habelə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə son illərdə 3 pillə irəliləyərək 40-cı yerdən 37-ci yerə yüksəlmişdir.