Analitika

Azərbaycan turistlərin sevimli ölkəsinə çevrilir

10-04-2017 | 10:48        

  

Ölkəmizdə qeyri-neft sektorunun potensialı yüksək qiymətləndirilə bilən istiqamətlərindən biri də turizm sahəsidir. Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadiyyatın diversifikasiyası strategiyasında turizm sahəsi prioritet kimi müəyyən edilib və bu sahədə ardıcıl layihələr, tədbirlər həyata keçirilir.

Turizm sahəsi ilə bağlı strateji yol xəritəsində 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış Azərbaycanın həm regionölkələri arasında, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevrilməsinə nail olmaqdır.

Görülən tədbirlərin artıq nəticələr verdiyini, Azərbaycana turist axınının formalaşmağa başladığı diqqət çəkir. Bu tədbirlərin xüsusilə efektiv olduğunu söyləmək mümkündür:

* İnfrastrukturun yaxşılaşdırılması

* Viza rejiminin sadələşdirilməsi

* Ölkəmizlə bağlı beynəlxalq miqyasda təbliğat, tanıtım işləri

* Qiymətlərin müəyyən qədər ucuzlaşdırılması

Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum, WEF) turizm sektorunda rəqabətqabiliyyətlilik reytinqində ("The Travel and Tourism Competitiveness Report") artıq 71-ci yerdə qərarlaşıb.

Bundan öncə tərtib olunan reytinqdə Azərbaycan 84-cü pillədə yer alıb. Beləliklə, ölkəmiz 13 pillə irəliləyib.

Reytinqin müəllifləri Azərbaycanın bu qədər irəliləməsinin səbəbi kimi xarici vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsini, ətraf mühitin qorunması üzrə atılan addımları və hotellərdə qiymətlərin endirilməsini göstərir.

Sözügedən reytinq 2007-ci ildən etibarən iki ildən bir tərtib olunur. Tərtibatçılar turistlərin qəbulu ilə bağlı 14 mövqe üzrə qiymətləndirmə aparırlar. Bura tarixi və mədəni irs, iqtisadiyyatın inkişafı, nəqliyyat, hotelçilik sektoru, kommunikasiya, səhiyyə və s. aid etmək olar.

***

Turizm üzrə Trip Advisor beynəlxalq axtariş portalı Azərbaycan paytaxtını 2017-ci ildə turistlər üçün 10 cəlbedici məkan sırasına daxil edib. Deyilir ki, 2016-cı ildə Azərbaycana 2,5 milyon turist gəlib, bu isə 2015-ci illə müqayisədə təxminən 12 faiz çoxdur.

Gələn turistlər əsasən Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları olub.

Bir sıra ölkələr üçün viza rejiminin asanlaşdırılması, yəni aeroportda verilməsi Yaponiya, Malayziya, Sinqapur, Səudiyyə Ərəbistanı, Oman, Çin, Koreya Respublikası, Küveyt, Bəhreyn və digər ölkələrdən Azərbaycana gələn turistlərin sayını nəzərəçarpacaq dərəcədə artırıb.

Yazıda bildirilir ki, ötən il Azərbaycana Rusiyadan 740 min turist gəlib.

Materialda Heydər Əliyev Beynəlxalq Aeroportunun iş qrafiki haqqın da məlumat verilir, ötən il hava limanının 3,26 milyon sərnişinə xidmət etdiyi qeyd olunur və bu, Azərbaycanın mülki aviasiya tarixində ən böyük göstərici kimi dəyərləndirilir.

***

Mart ayında, xüsusilə Novruz günlərində ölkəmizə turist axını xeyli yüksəlib. Avropa, ərəb ölkələrindən, İrandan gələn xeyli turist ölkəmizin paytaxtında və regionlarda bir neçə gün keçirib və Novruz şənliklərində iştirak edib.

Vüsal Məmmədov