İqtisadiyyat

Sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirilir

31-03-2017 | 15:00        

  

Ölkəmizdə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirilir. Cəlilabadda keçirilən bu dəfəki işgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 226 min manat güzəştli kredit verilməsi barədə qərar qəbul edilib.

Bu ilin ötən dövrü ərzində 90-a yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 20,7 milyon manat güzəştli kredit verilib. Cəlilabad rayonunda 100-ə yaxın sahibkarın iştirak etdiyi  işgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu barədə məlumat verdi. Onun sözlərinə görə, ümumilikdə indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 118,6 milyon manat güzəştli kredit ayrılıb. Sayca 7-ci olan bu forumadək isə Lənkəran iqtisadi rayonunda müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, quşçuluq fabrikləri və cins iri buynuzlu heyvandarlıq kompleksləri, meyvə-tərəvəz müəssisələri, iri fermer, istixana, çayçılıq, üzümçülük təsərrüfatları və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

Bu dəfəki, görüşdə isə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 226 min manat güzəştli kredit verilməsi barədə qərar qəbul edildi. Əsasən, heyvandarlıq, arıçılıq, çayçılıq, üzümçülük sahələrinin inkişafına yönəldiləcək kreditlər 30-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək.