Analitika

2017-ci il: stabilləşmə və artım ili

27-03-2017 | 10:34        

  

2017-ci ilin Azərbaycan iqtisadiyyatı üçün artım ili olacağı proqnozlaşdırılırdı. İlin ötən aylarının statistikası proqnozların özünü doğrultduğunu göstərir. İqtisadiyyatın ayrı-ayrı istiqamətləri üzrə özünü göstərən dinamika dünya iqtisadi böhranının təsirlərinin neytrallaşdığını, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilmiş tədbirlərin effektiv nəticələr verdiyini göstərir. Statistika üzərindəki təhlillər göstərir ki, ilin ilk rübü stabilləşmə və artımla müşahidə olunub.

Neftin qiymətinin aşağı düşməsi durumunda yaranmış vəziyyətə uyğunlaşma artıq sona çatıb. Azərbaycan Prezidenti İlham Əliyevin V Qlobal Bakı Forumunun rəsmi açılışında çıxışı zamanı bildirdiyi kimi:

“Təsəvvür edin ki, gəlirləriniz 3-4 dəfə azalırsa, bu, istənilən dövlət, istənilən ailə üçün böyük çağırışdır. Çünki ölkələr və insanlar müəyyən həyat tərzinə və inkişaf səviyyəsinə öyrəşir və birdən-birə gəlir kəskin şəkildə, 3-4 dəfə azalır. Yəni, bu, hökumətimiz üçün ciddi bir çağırışdır. Lakin hesab edirəm ki, çətinliklərə baxmayaraq, biz bunun öhdəsindən gələ bildik, halbuki, müəyyən çətinliklər qalmaqdadır.

Düşünürəm ki, neftin qiymətinin aşağı olması şəraitinə uyğunlaşma artıq geridə qalıb və 2017-ci il iqtisadi artım ili olacaqdır. Hətta ötən il, son 14 il ərzində ilk dəfə üzləşdiyimiz iqtisadi tənəzzül zamanı iqtisadiyyatımızın qeyri-neft göstəricilərinə nəzər salsanız artımın şahidi ola bilərsiniz.

Ötən il ərzində qeyri-neft sektorumuz 5 faiz, kənd təsərrüfatımız isə 2 faizdən çox artmışdır. Cari ilin ilk 2 ayı ərzində yenə də qeyri-neft sektorunda 5 faiz, kənd təsərrüfatında isə 3 faiz artım müşahidə edilir. Ümumi daxili məhsul artmağa başlamışdır və bu ilin ilk 2 ayı ərzində qeyri-neft ixracımız təqribən 50 faiz artmışdır”.

İlin yanvar və fevral ayları üzrə bəzi istiqamətlər üzrə qeydə alınmış statistik göstəriciləri nəzərdən keçirək.

Azərbaycan əhalisi 6980,3 milyon manatlıq gəlir əldə edib

Yanvar-fevral aylarında Azərbaycan əhalisi 6980,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,7 faiz çox gəlir əldə edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əhalinin hər nəfərinə orta hesabla 719,8 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 6376,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 4,9 faiz çox vəsait qalıb.

Ümumi daxili məhsul istehsalı 0,4 faiz artıb

Yanvar-fevral aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 10042,6 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1035,6 manata bərabər olub.

Ümumi daxili məhsulun 46,7 faizi sənayedə, 9,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 7,6 faizi tikintidə, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 15,8 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-nin 6,5 faizini təşkil edib.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi 56,8 faiz olub.

6,5 milyard manatlıq məhsul istehsal edilib

Bu ilin yanvar-fevral aylarında sənaye sahəsində 6,5 milyard manatlıq məhsul istehsal edilib.

Sənaye məhsulunun 22,5 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Emal sektorunda qida məhsullarının istehsalı 1,0 faiz, içkilərin istehsalı 59,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 48,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7 faiz, kağız və karton istehsalı 4,6 faiz, əczaçılıq məhsullarının istehsalı 58,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 82,3 faiz, tikinti materiallarının istehsalı 71,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 23,0 faiz, kompüter və elektron məhsulların istehsalı 82,8 faiz, elektrik avadanlıqlarının istehsalı 3,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 25,6 faiz, mebel istehsalı 73,2 faiz artıb.

Bu müddət ərzində tütün məmulatlarının istehsalı 63,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36,2 faiz, poliqrafiya məhsullarının istehsalı 66,1 faiz, neft məhsullarının istehsalı 6,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,7 faiz, hazır metal məmulatlarının istehsalı 11,0 faiz, maşın və avadanlıqların istehsalı 66,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 53,7 faiz azalıb.

İctimai iaşə dövriyyəsində 0,4 faiz artım var

Bu ilin yanvar-fevral ayları ərzində ictimai iaşə dövriyyəsi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,4 faiz artaraq 177,5 milyon manat olub.

Dövlət Statistika Komitəsindən  bildiriblər ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalaraq 70,7 milyon manat olub.

Məhsulların və göstərilmiş xidmətlərin dəyəri də artıb

2017-ci ilin yanvar-fevral aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 6,3 milyard manat olub. Bu da 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,5 faiz artım deməkdir.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-fevral aylarının səviyyəsini real ifadədə 0,9 faiz üstələyib, 51,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində yaranıb.

İnşaat sektorunda çalışanların sayı 5,4 faiz artıb

İnşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 90,7 min nəfər olub.

Orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2 faiz artaraq 835,4 manat təşkil edib.

Binaların tikintisində işləyənlərin əməkhaqqı 14,8 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əməkhaqqı isə 7,1 faiz artıb.

Tikinti materiallarının istehsalında 71,2 faiz artım

Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 71,2 faiz artaraq 54,7 milyon manat təşkil edib.

Sementin istehsalı 14,7 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 7,4 dəfə, tikinti əhənginin istehsalı 2,1 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 2,4 dəfə artıb.

Hazırladı: Vüsal Məmmədov

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR