Bölgələr

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ağstafada vətəndaşların müraciətlərini dinləyib

15-03-2017 | 12:46        

  

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov martın 15-də Ağstafa şəhərində qərb bölgəsinin vətəndaşları ilə görüşüb.

Ağstafadakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan sakinlər iştirak edib.

Qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Vətəndaşların müraciətləri əsasən Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıqları ərazilərə yaxın hərbi hissələrdə xidmət keçmələri, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə baxılması məqsədilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.