Mədəniyyət

Dünən Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin “Azərbaycan. Ceyranların xilası” sənədli filminin təqdimatı keçirilib

15-03-2017 | 10:25        

  

Filmin təqdimatından əvvəl Leyla Əliyeva “Azərbaycan. Ceyranların xilası” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış oldu. Layihənin məqsədi Azərbaycanın təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Azərbaycan faunasının incisi - ceyranlar haqqında bəhs edən film Şirvan, Ağgöl, Abşeron, Korçay və Qobustandakı xüsusi mühafizə olunan təbiət ərazilərində çəkilib. Cənubi Qafqazda ceyranlar vaxtilə sıx məskunlaşmışlar, amma keçən əsr ərzində onların sayında kəskin azalma müşahidə olunmuşdu. 1961-ci ildə aparılan aviasayğı nəticəsində respublika ərazisində 131 baş ceyran qeydə alınıb. Bu nadir növün xilası üçün 1961-ci ildə Bəndovan dövlət təbiət yasaqlığı, 1969-cu ildə Şirvan dövlət qoruğu yaradılıb və 20 il sonra bu ərazilərdə məskunlaşmış ceyranların sayı 3 minə çatıb. 2003-cü ildə isə ərazidə Şirvan Milli Parkı yaradılıb. Nəticələrə baxdıqda əminliklə söyləmək olar ki, Cənubi Qafqazda ceyranlar Azərbaycanda aparılan işlər sayəsində xilas edilib. 2010-cu il dekabrın 24-də Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" proqramının icrasına başlanılıb. Layihə çərçivəsində Şirvan Milli Parkının ərazisindən ceyranlar Acınohur-Sarıca və Mil düzlərinə, Bozdağ silsiləsinə və Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə gətirilib. Təsis edildiyi dövrdən etibarən, IDEA İctimai Birliyi ceyranların bərpası və mühafizəsi üzrə fəaliyyəti dəstəkləyib və işlərin daha da sürətləndirilməsinə öz töhfəsini verib. “Azərbaycan. Ceyranların xilası” filmi İqor Bışnyovun rejissorluğu ilə IDEA tərəfindən reallaşdırılan sayca 4-cü filmdir. İlk 3 film IDEA İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Şirvan Milli Parkı”, “Quşlar cənnəti – Ağgöl Milli Parkı” və “Göygöl Milli Parkı” sənədli filmləri olub.

Filmin nümayişindən sonra tamaşaçıların qarşısına çıxan rejissor İqor Bışnyov ilaxır çərşənbə münasibətilə təberiklərini çatdırdı. O, filmin ilk nümayişinin məhz bu gün keçirilməsinin təsadüfi olmadığını qeyd etdi. Novruz bayramı kimi ceyranın da Azərbaycanın rəmzlərindən biri olduğunu vurğuladı. Bundan başqa, layihənin reallaşdırılmasında iştirak edən çəkiliş qrupunun bu gün Azərbaycanda işə başlamasından düz 4 il ötür. “Biz əsasən Azərbaycanın milli parkları haqqında filmlər çəkirik. Amma çəkilişlərə başladığımız ilk gündən bu günə qədər bütün filmilərimizin kadrlarında ceyran olub. Bu, təsadüfi deyil. Çünki Azərbaycanın sayəsində Cənubi Qafqazda ceyranlar yox olmaq təhlükəsindən xilas olublar”, deyən İqor Bışnyov ölkəmizdə Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ətraf mühitin qorunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi. Bildirdi ki, dünyanın heç bir ölkəsində dövlətin birinci şəxslərinin simasında təbiətə bu cür qayğı yoxdur və məhz belə insanların fəaliyyəti başqalarına müsbət təsir göstərir. Rejissor “Azərbaycan. Ceyranların xilası” layihəsinin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirdi. Layihə çərçivəsində çəkilişlərin davam etdirələcəyinə ümidvar olduğunu bildirən rejissor çıxışını “ceyranları qorumaqla gələcəyimizi qoruyuruq” sözləri ilə yekunlaşdırdı. IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Azərbaycan. Ceyranların xilası” filmi ölkəmizin ali təhsil müəssisələrində, həmçinin birliyin Bakı və Gəncə şəhərlərindəki resurs mərkəzlərində nümayiş etdiriləcək. Bununla yanaşı, filmin digər ölkələrdə və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də nümayişi nəzərdə tutulur.

"Xəbərlər", Azərbaycan Televiziyası