Digər

Moskvada Xocalı soyqırımının 25 illiyi ilə bağlı “Ölməz yaddaş” adlı tədbir keçirilib

01-03-2017 | 11:05        

  

Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi, Ümumrusiya Azərbaycan Konqresi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi tərəfindən təşkil olunan anım tədbirində erməni əsirliyində olan Dürdanə Ağayevanın müəllifi olduğu "Erməni əsirliyində 8 gün" adlı kitab, eyni zamanda 25 Xocalı sakininin taleyindən bəhs edən sərgi nümayiş olundu. Heydər Əliyev fondunun vitse-prezident Leyla Əliyeva Azərbaycanlı və Rusiyalı gənc rəssamların Xocalı soyqırımı ilə bağlı rəsmləri ilə tanış oldu. Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımından ətraflı danışdı. Heydər Əliyev Fondunun vitse-prezidenti faciə qurbanlarının xatirəsini bir daha yad edərək, bu hadisələrdən 25 il ötməsinə baxmayaraq, onun acısının yaddaşlardan silinməyəcəyini dedi.

Leyla Əliyeva – Heydər Əliyev Fondunun vitse-prezidenti:

- Azərbaycan sülh ölkəsidir. Bizim ölkədə əsrlər boyü müxtəlif xalqların, dinlərin nümayəndələri mehriban qonşuluq şəraitində yaşayıblar və yaşayırlar. Bizim qonşu ölkələrimizlə də mehriban münasibətlərimiz var. Lakin bu gün biz sərt mövqe tutmağa da hazırıq. Ona görə ki, öz ərazi bütövlüyümüzün bərpasını tələb edirik, torpaqlarımız uğrunda mübarizə aparırıq. Deyirlər, zaman yaraları sağaldır. Lakin bizim yaramızı zaman sağaltmaq gücündə deyil. Xocalı qurbanları hər zaman bizim yaddaşımızda qalacaq. Bu günlərdə demək olar ki, dünyanın bütün ölkələrində Xocalı faciəsinə həsr olunan tədbirlər keçirilir. Biz konfranslar, seminarlar, sərgilər, təşkil edirik, filmlər çəkirik, kitablar nəşr edirik. Bu günlərdə, Afina, Brüssel, Vilnüs, London və Parisdə xatirə konsertləri keçirilib. Berlində sərgi, Bosniya və Hersoqaviniyada isə Xocalıya həsr olunan beynəlxalq konfrans keçirilib. Bir müddət əvvəl ABŞ-da "Sonsuz dəhliz" filminin təqdimatı olub. Bu filmdə Xocalıda baş verən bütün dəhşətlər haqqında danışılır. Bu film münaqişə tərəflərinə aidiyyatı olmayan, böyük insani dəyərlərə malik, ədalətə inanan insanlar tərəfindən çəkilib. Bu gün hər zaman olduğu kimi bu gecəni Rusiya paytaxtında, Moskvada keçiririk. Azərbaycan və Rusiyanı dostluq və mehriban qonşuluq bir-birinə bağlayır. Bir daha sizə təşəkkürumu bildirirəm ki, bu gün bizimləsiniz, bizi dəstəkləyirsiniz və bizim dərdimizə şəriksiniz.

Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva tədbir içtirakçılarına “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verdi. Azərbaycanın Rusiyadı səfiri Polad Bülbüloğlu Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən faciəvi səhifəsini təşkil etdiyini dedi, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, Heydər Əliyev Fondu və “Xocalıya ədalət” kampaniyası sayəsində dünya ictimaiyyətinin bu soyqırım barədə məlumatlandırıldığını bildirdi. Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski qeyd etdi ki, Xocalıdakı hadisələrə ədalətli qiymət verilməlidi. Həmin hadisələri törədənlər 100 il sonra yox, bizim dövrdə, hazırkı nəslin dövründə cəzalandırılmalıdırlar. Biz Dağlıq Qarabağ kimi yaralı münaqişənin həllini nəvələrimizə, hətta övladlarımıza belə saxlamamalıyıq. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev də Xocalı faciəsinin təkcə özünü azərbaycanlı hesab edənlərin qəlbində deyil, özünü insan hesab edən hər kəsin qəlbindəki yara olduğunu vurğuladı, rusiyalıların, bu gün azərbaycanlıların kədərinə şərik olduğunu dedi. Tədbirin rəsmi hissəsindən sonra Rusiyanın xalq artisti Aleksandr Rudinin rəhbərliyi altında "Musica Viva" Moskva kamera Orkestrinin konsert proqramı baş tutdu. Konsertdə Uzeyir Hacıbəylinin və Sergey Rahmaninin əsərləri səsləndirildi. Anım mərasimində Rusiya ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və siyasətçilər iştirak edirdi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.03.2017) :
Azbuludlu Gecə : +4+6 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.7 | Satış: 1.78

Rubl:
Alış: 0.0284 | Satış: 0.0302

Avro:
Alış: 1.8113 | Satış: 1.9041
AzTV TƏQDİM EDİR