Analitika

Müsəlman aləmində birliyi möhkəmləndirmək missiyası

20-02-2017 | 09:40        

  

XX əsrin 90-cı illərindən başlayaraq islamafobiya yenidən gündəmə gəlib.

Daha sonra 11 sentyabr 2001-ci ildə Nyu-Yorkdakı "Əkiz qüllələr"ə terror hücumundan sonra xristian dünyasında islamafobiya daha da güclənib. Bu neqativ münasibətin bəzi qüvvələr tərəfindən daha da alovlandırılması halları da mövcuddur. İslamı və müsəlmanları Avropa mədəniyyəti və materialist həyat tərzi üçün "potensial düşmən" kimi görən Qərb ziyalıları içərisindəki irqçi meyllər də XXI əsrin əvvəllərindən başlayaraq güclənib.

Dünyanın hazırkı mürəkkəb siyasi şəraitində islama inam, müsəlmən ölkələrə etimad da sınaq qarşısındadır. Yalnız Azərbaycan kimi tollerantlıq nümunələri islama münasibəti dəyişdirmək iqtidarındadır. Sivilizasiyaların dialoqu məkanına çevrilmiş ölkəmiz çox mühüm tarixi missiyanı öz üzərinə götürməkdədir: müsəlman aləmində birliyi möhkəmləndirmək və islamın xoşməramlı ruhunu, dəyərlərini, eləcə də bir müsəlman ölkəsi olaraq Azərbaycanın tollerant özünəməxsusluğunu dünyaya çatdırmaqla islamafobiyanın aradan qaldırılmasına dəstək vermək.

Azərbaycan dövləti bu istiqamətdə məqsədyönlü ardıcıl tədbirlər həyata keçirməkdədir.

Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir və verməkdədir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır.

Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” edilməsi də dövlətin bu yöndəki münasibətinin ifadəsidir.

Məlum olduğu kimi, məhz bu il Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının evsahibi kimi çıxış edəcək. Oyunların 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Bu oyunlar bütün dünyaya islam həmrəyliyi və islamın xoşməramlı ruhu məzmununda mesajlar verəcək.

“Biz bu Oyunları keçirməklə bir daha öz gücümüzü, imkanlarımızı göstərəcəyik, öz dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik və çalışacağıq ki, İslam aləmini birləşdirək" – deyə prezident İlham Əliyev tədbiri şərh edərkən deyir.

Prezidenti İlham Əliyev nüfuzlu Əl-Cəzirə televiziyasına müsahibəsində bu mövzunu ətraflı şəkildə şərh edib. Müxbirin “2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Bu hadisə Azərbaycana və İslam ölkələri ilə əlaqələrə necə təsir göstərəcək? Eyni zamanda, Azərbaycan bu il İslam Həmrəyliyi Oyunlarını keçirəcək. Sizcə, bütün bu təşəbbüslərlə Azərbaycan İslam dünyası ilə strateji həmrəylik nümayiş etdirir? Bəlkə İslam dünyasında daha önəmli rol oynamağa, yoxsa İslam dünyasını yaxınlaşdırmağa çalışır? Biz onu da bilirik ki, Azərbaycanın bütün millətlərlə və mədəniyyətlərlə münasibətləri yüksək səviyyədədir. Yoxsa Azərbaycan mədəniyyətləri bir-birinə yaxınlaşdırmaq istəyir?” sualına dövlətimizin başçısı bu cür cavab verib:

- Bəli, düşünürəm ki, sualın cavabını özünüz verdiniz. Sizin qeyd etdikləriniz tam mənada bizim hədəflərimizdir. Azərbaycan İslam sivilizasiyasının bir parçasıdır və biz bununla fəxr edirik. Biz tarixi, dini abidələrimizlə fəxr edirik. Sizə deyə bilərəm ki, Sovet İttifaqı dövründə Azərbaycanda yalnız 20-dən az məscid var idi, çünki ateizm dövründə məscidlərimizin böyük əksəriyyəti dağıdılmışdı. İndi isə 2000-dən artıq məscid var. Onlar müstəqillik dövründə tikilib. Biz onları təkcə tikməmişik, həm də tarixi məkanlarımızı, bütün məscidlərimizi bərpa etmişik və müsəlman aləminin ən qədim məscidlərindən biri Azərbaycanda, qədim Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilib. Bax, bu, bizim tariximiz və mədəniyyətimizdir. Məqsədimiz ilk növbədə, müsəlman dünyasında birliyi gücləndirməkdir. “İslam Həmrəyliyi İli”nin elan olunması da elə bu, deməkdir.

Düşünürəm ki, indi müsəlman dünyasının əvvəl heç zaman olmadığı qədər daha çox birliyə ehtiyacı var. Müsəlman dünyasında bu birlik çatışmır. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. IV İslam Həmrəyliyi Oyunlarının təşkil olunması da bunu göstərir, çünki bu, təkcə idman deyil, bu, təkcə idmançıların bayramı olmayacaq, bu, müsəlman dünyasının gənclərini birləşdirəcək, onlar Bakıya gələcəklər, ölkəmizi görəcəklər, əlaqələr quracaqlar və bu əlaqələr bütün müsəlman gənclərinə ölkələr arasındakı əlaqələri gücləndirməyə kömək edəcək. Biz islamofobiya meyillərinin artmasından, İslamın bəzi beynəlxalq media orqanları tərəfindən, necə deyərlər, terror dini kimi təqdim olunmasından çox narahatıq. Terrordan ən çox müsəlmanlar ziyan çəkib. Bizim qədim sivilizasiyamız, dəyərlərimiz, dünyaya töhfələrimiz var. Biz bunu nümayiş etdirməliyik. Azərbaycan Avropa ölkələrində çox işlər həyata keçirir, biz sərgilər, təqdimatlar təşkil edirik, İslam mədəniyyətini təbliğ edirik və beləliklə, göstəririk ki, qədim sivilizasiyaya malikik və eyni zamanda, bununla Azərbaycanda müsəlman həmrəyliyini gücləndiririk. Ümumiyyətlə, Azərbaycanda bütün dinlərin nümayəndələrinin hamısının arasında yüksək səviyyədə birlik mövcuddur. Biz sülh şəraitində yaşayırıq və heç zaman ayrı-seçkilik etmirik. Budur, irəli getməyin yolu.

Müsəlman ölkələri bizə çox böyük hörmətlə yanaşır. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Azərbaycanda çoxsaylı tədbirlər təşkil edib və Ermənistan-Azərbaycan münaqişəsində bizi tam dəstəkləyir. Beləliklə, bizim planlarımız bunlardır. Biz bununla bir daha müxtəlif hədəflərə nail olmaq, müsəlman aləmində birliyi möhkəmləndirmək işinə töhfəmizi vermək, Azərbaycanda həmrəyliyi daha da gücləndirmək və İslamı dünyaya sülh və mədəniyyət dini kimi təqdim etmək üçün daha çox çalışmaq istəyirik.

Beləliklə, dünyada terrordan ən çox əziyyət çəkən ölkələrdən biri kimi Azərbaycan islamın terrorla assossiyasiya olunmasından narahatdır və bu yanaşmanın nə qədər qeyri-adekvat olduğunun bütün dünya ictimaiyyətinə çatdırılmasını vacib hesab edir, bu yöndə effektiv addımlar atır.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.03.2017) :
Azbuludlu Gecə : +4+6 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.7 | Satış: 1.78

Rubl:
Alış: 0.0284 | Satış: 0.0302

Avro:
Alış: 1.8113 | Satış: 1.9041
AzTV TƏQDİM EDİR