Analitika

Lapşin məğlubiyyəti və məyus erməni ictimaiyyəti

10-02-2017 | 08:45        

  

Məlum olduğu kimi, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin “müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin fevralın 7-də Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib.

Xatırladaq ki, A.Lapşin “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün “http//puerrtto.livejournal.com” internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilmişdi.

A.Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Lapşinin Azərbaycana saxlanılması və təhvil verilməsi erməni cəmiyyətində əməlli-başlı məyusluq yaradıb. Baş verənlər Azərbaycanın beynəlxalq nüfuzunun ifadəsi olmaqla yanaşı, ciddi mesaj xarakteri daşıdı: beynəlxalq miqyasda tanınmamış qondarma Dağlıq Qarabağa səfər etmək istəyənlər Lapşinin aqibəti ilə üzləşə bilər. Bu fakt Dağlıq Qarabağa səfərlərin kampaniyasını aparan Ermənistanda ciddi narahatlıq yaradıb.

***

Ayrı-ayrı ölkələrin vətəndaşlığını daşıyan Aleksandr Lapşin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi və ya ona siyasi don geyindirilməsi cəhdləri düzgün deyil. Sırf hüquqi xarakter daşıyan bu məsələ hüquqi müstəvidə baxılmalıdır.

Bu barədə Azərbaycanın xarici işlər nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir: “A.Lapşin məsələsi bir daha göstərir ki, Ermənistan əcnəbi vətəndaşları müxtəlif qeyri-qanuni yollar və aldatma ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq edir və sonradan həmin şəxsləri özünün siyasi təbliğatının alətinə çevirməyə çalışır”.

Ümumiyyətlə, Azərbaycan XİN ölkənin işğal altında olan torpaqlarına qanunsuz səfər etdikləri üçün xarici ölkələrin 623 vətəndaşını, o cümlədən 180 əcnəbi jurnalisiti "arzuolunmaz şəxslər” siyahısına daxil edib. Jurnalistlərin çoxu Litva, Yaponiya və Avstriya vətəndaşlarıdır. Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa daha çox ABŞ, Almaniya, Rusiya, Fransa, İtaliya və Ukrayna vətəndaşları səfər ediblər.

"Arzuolunmazlar"dan 20-si ötən il ermənilər və onların havadarları tərəfindən aldadılaraq, işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz aparıldıqlarını etiraf edib və rəsmi şəkildə üzr istəyiblər. Bundan sonra həmin şəxslər "qara siyahı"dan çıxarılıb.

Heç şübhəsiz, rəsmi Bakı işğal altında olan torpaqlarına səfəri qadağan etmir, bunun üçün ilk növbədə Azərbaycanın suveren hüquqlarına hörmət olunmasını tələb edir. "Euronews”, "Al-Jazzera”, Polşa televiziyası və başqaları belə davranıb.

Son hadisə isə, təbii ki, beynəlxalq hüququn tələblərini bir daha ciddi tonda xatırlatdı. Oxşar hadisələrin təkaralanacağı halda anoloji hüquqi tədbirlərin görüləcəyini artıq istisna etmək olmaz. Bu isə işğalçı ölkədə və işğalçının xarici dostlarında məyusluq, dərin narahatlıq yaradıb.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR