Bölgələr

Naxçıvan Muxtar Respublikasının yaranmasından 93 il ötür

09-02-2017 | 09:38        

  

Bu gün Naxçıvan Muxtar Respublikasının yaranmasından 93 il ötür. İndi ölkəmizdə bütün sahələrdə görülən irimiqyaslı işlər Naxçıvan Muxtar Respublikasından da yan keçmir. Naxçıvan da sürətlə inkişaf edir, müxtəlif sahələrdə qazanılan uğurlarla diqqəti cəlb edir.

1924-cü il fevralın 9-u Naxçıvan Muxtar Respublikasının yarandığı gündür. Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələri olan bu qədim bölgəsi tarixən sınaqlarla dolu mürəkkəb, eyni zamanda şərəfli bir yol keçib, bu gün isə özünün dinamik inkişaf dövrünü yaşayır. Bu inkişafın təməli isə ulu öndər Heydər Əliyevin Naxçıvana qayğısı ilə başlayır. Heydər Əliyev 1990-cı il iyulun 22-də Naxçıvana gələndə Muxtar Respublika ağır mühasirədə, hərbi təcavüz təhlükəsi ilə üz-üzə idi. Onun gəlişi buradakı ab-havanı tamamilə dəyişdi. Böyük Atatürkün vaxtilə "Türk qapısı" adlandırdığı Naxçıvanı, məhz Heydər Əliyev 1991-1993-cü illərin ağır, mürəkkəb sınaqlarından alnıaçıq çıxardı. Dahi siyasətçi gözəl bilirdi ki, Naxçıvanın qorunub saxlanması Azərbaycan dövlətçiliyi üçün nə deməkdir. Ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü mühüm tarixi hadisələrlə yadda qaldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan bayrağının ilk dəfə salona gətirilməsi, Muxtar Respublikanın Ali Məclisinin sədri işləyərkən ulu öndərin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul edilməsi bu cür tarixi hadisələrdəndir. 1993-2003-cü illərdə də ulu öndər bu diyardan qayğısını əsirgəmədi. Azərbaycana ikinci dəfə rəhbərliyi dövründə Muxtar Respublikaya diqqət artırıldı. Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində qərarlar qəbul olundu.

Ulu öndərin quruculuq xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Muxtar Respublikada böyük dəyişikliklərə səbəb olub. Yüksək potensiala malik Naxçıvan bütün dövlət proqramlarını, infrastruktur layihələrini ölkəmizin dinamik inkişaf xəttinə uyğun şəkildə uğurla həyata keçirir. Sənaye dinamik inkişaf edir, mövcud müəssisələrin fəaliyyəti bərpa edilir, yeni-yeni istehsal sahələri yaradılır. Aqrar sahənin inkişafına da xüsusi diqqət yetirilir. Bütün sahələrdə qazanılan böyük nailiyyətlər isə insanların rifahına xidmət edir. Səhiyyə müəssisələrinin tikintisi və yenidənqurulması prosesi də uğurla davam etdirilir. Təhsilin inkişafı da prioritetdir. Yeni məktəblər tikilir, müasir informasiya-kommunikasiya vasitələri ilə təmin olunur. Heydər Əliyev Fondunun dəstəyi bu regionun təhsilinə də böyük töhfələr verir. Naxçıvan qədim mədəniyyət mərkəzi, tarixi abidələr diyarıdır. Mədəniyyət ocaqlarının bərpası və müasir obyektlərin tikintisi də diqqət mərkəzindədir, kitabxanalar, muzeylər, mədəniyyət evləri yenidən qurulur...

...Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına dəfələrlə səfər etməsi, burada aparılan abadlıq-quruculuq işləri ilə tanış olması, elm, təhsil və mədəniyyət, idman, səhiyyə və sosial təminat, energetika, meliorasiya, yol tikintisi, sahibkarlıq və digər sahələri əhatə edən müxtəlif obyektlərin açılışlarını etməsi sakinlərin qurub-yaratmaq əzmini daha da artırır.

Prezident İlham Əliyevin 2017-ci il yanvarında (11 yanvar 2017-ci il) Naxçıvan Muxtar Respublikasına növbəti səfəri də Azərbaycanın bu parçasının da ildən-ilə daha sürətli inkişafını, abadlaşmasını, çiçəklənməsini göz önünə gətirdi. Dövlətimizin başçısı səfər çərçivəsində bir neçə rayonda oldu, yeni obyektlərin açılışını etdi. Ordubad Su Elektrik Stansiyasının təməlini qoydu. Araz çayı üzərində yerləşəcək, 36 meqavat güclü, derivasiya tipli stansiya bu Su Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanda, o cümlədən Naxçıvanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlu davamını nümayiş etdirir. Ölkə rəhbəri Culfa və Şahbuz rayonlarının mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimlərində də iştirak etdi. Bu önəmli layihələrin icrası hər iki şəhərin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun təmiz, içməli su ilə təminatına imkan yaradıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının, eyni zamanda Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışını da etdi. Burada yaradılan şərait dövlətimiz tərəfindən əsgər və zabitlərin sosial məsələlərinin həlli istiqamətində atılan addımların ardıcıl xarakter aldığını göstərir. ...Prezident İlham Əliyev Naxçıvanın nəqliyyat problemlərinin həllini də xüsusi diqqətdə saxlayır. Artıq Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu fəaliyyətə başlayıb. İran və Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzərində iş davam edir. Bu dəhliz tam işə düşəndən sonra Naxçıvanın əlaqələri daha da genişlənəcək, Muxtar Respublikada istehsal olunan mallar rahat şəkildə dünya bazarlarına çıxacaq, bu isə əhali üçün əlavə imkanlar yaradacaq... 1939-cu ildən fəaliyyət göstərən Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binası da əsaslı yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildi. Bu məktəb ölkəmizdə rus dilinin öyrənilməsinə təkcə Bakıda deyil, Naxçıvanda, digər bölgələrdə də böyük maraqdan xabər verir.

Naxçıvan indi mötəbər beynəlxalq tədbirlərə də uğurla ev sahibliyi edir. 2009-cu ilin oktyabrında burada Türkdilli ölkələrin dövlət başçılarının 9-cu zirvə toplantısı keçirildi, türk dünyasının tanınmış lideriləri Naxçıvan Muxtar Respublikasına toplaşdılar.   

2009-cu ilin oktyabrında Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin 6-cı toplantısında Naxçıvan 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Heç şübhəsiz, Azərbaycanın mirvarisi olan Naxçıvanda keçiriləcək tədbirlər ölkəmizin zəngin mədəniyyət və tarixini bir daha dünyaya nümayiş etdirəcək...

“Xəbərlər”, Azərbaycan Televiziyası