Analitika

Azərbaycan meyvə-tərəvəz ixracatını artırır

06-02-2017 | 09:50        

  

Ölkədə aqrar sahənin inkişafı və ixrac potensialının artırılması istiqamətində görülən tədbirlər nəticə verməkdədir.

Dövlət başçısının tapşırığına uyğun olaraq, son illər digər sahələrdə olduğu kimi, meyvə-tərəvəz istehsalında da müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqi məhsuldarlığı artırmaqla yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına, bu sahələrin daha gəlirli sahəyə çevrilməsinə və ixracın genişlənməsinə imkan yaradıb. Son bir il ərzində intensiv meyvə bağlarının əkin sahələri bir qədər də genişlənib, müasir istixana kompleksləri yaradılıb. 

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan meyvə-tərəvəz ixracı 2013-cü ilin eyni dövrü ilə müqayisədə 17,9% artaraq 268,1 mln. ABŞ dollarına çatmışdı. Ölkəyə meyvə-tərəvəz idxalında isə azalma müşahidə edilmişdi. Belə ki, illik müqayisədə idxal 13,4% azalaraq 22,3 mln. dollar olmuşdur. Bununla da, bu məhsullların idxalı ölkə üzrə cəmi idxalın 0,27%-ni təşkil etmişdi.

İxracda artım, idxaldakı azalma ilin sonrakı dövründə də davam edib.

Dövlət başçısının müəyyən etdiyi prioritetlərdən biri məhz ixracın təşviqidir. Bu istiqamətdə qəbul edilmiş qərarlara uyğun olaraq, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, ixrac missiyalarının təşkilinə və digər tədbirlərin icrasına başlanılıb. Keçirilmiş üç ixrac missiyası zamanı imzalanmış müqavilələrə əsasən, yeni bazarlar olan Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə ərzaq məhsullarının ixracına başlanılıb. Ötən ilin noyabrından etibarən şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və sair ölkələrə ixracı ilə əlaqədar ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib. “İxracatçılar Klubu”nun 10 iclası keçirilib, Export.az ixrac portalı istifadəyə verilib, şərab, nar, fındıq, meyvə-tərəvəz, tikinti materialları, arıçılıq məhsulları istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, mənşə sertifikatının verilməsi sadələşdirilərək müddəti üç gündən bir günə endirilib. Ümumilikdə, ötən il tərəvəz ixracı 41 faiz, meyvə ixracı 11 faiz, pambıq iplik ixracı isə 25 faiz artıb.

2015-ci illə müqayisədə meyvə ixracı 24 milyon ABŞ dolları həcmində artaraq ötən ildə 244 milyon dollara, tərəvəz ixracı isə 37 milyon dollar artaraq 129 milyon dollara çatıb. Bu isə regional və qlobal səviyyədə davam edən mürəkkəb iqtisadi proseslər şəraitində ölkəmizə əlavə valyuta gətirilməsində mühüm rol oynayır. İstehsal olunanməhsullar ənənəvi hesab olunan Rusiya və digər keçmiş ittifaq respublikalarının bazarları ilə yanaşı, artıq Avropa, ərəb və uzaq Asiya ölkələrinə ixrac olunur.

Vüsal Məmmədov