Analitika

Aqrar sahədə yüksək nəticələr əldə olunur

31-01-2017 | 10:54        

  

Aqrar sahənin inkişafı üçün görülən tədbirlər nəticəsində bu sahənin ölkə üzrə ümumdaxili məhsuldakı payı artmaqda davam edir. Ötən il də qeyri-neft sektorunun inkişaf konsepsiyası çərçivəsində aqrar sahəni təşviq edən tədbirlər görülüb və mühüm nəticələr əldə olunub.

Ötən il ərzində kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat təşkil etməklə, əvvəlki illə müqayisədə 2,6 faiz artıma nail olunub. Qeyd olunmalıdır ki, bu artım yalnız ümumilikdə deyil, demək olar ki, əksər məhsullar üzrə müşahidə edilib. Belə ki, artım barama üzrə 300 dəfə, soya üzrə 2,8 dəfə, pambıq üzrə 2,5 dəfə, yaşıl çay yarpağı üzrə 75 faiz, şəkər çuğunduru üzrə 73 faiz, düyü üzrə 72 faiz, buğda üzrə 9,8 faiz, kartof üzrə 7,5 faiz və s. təşkil edib.

Əsas hədəflərdən biri, şübhəsiz ki, mövcud ixrac potensialının realizəsidir. Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin mart ayında imzaladığı Fərman dövlətin bu sahədə yanaşmasının ifadəsi idi. Bu mənada sənədin iki mühüm məqamını nəzərdən keçirmək yerinə düşür:

“1. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilsin.

2. Müəyyən edilsin ki, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir”.

Hesabat ilində ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib, kartof və soğan istisna olmaqla, bütün məhsulların ixracı üzrə artım baş verib. İxracdan əldə edilən 426 milyon ABŞ dolları vəsaitdən 108 milyonu pomidor və xiyarın, 105 milyonu qoz-fındığın, 24 milyonu pambığın, 15 milyonu gön-dəri xammalının, 8 milyonu tütünün ixrac payına düşüb. Keçən il ilk dəfə olaraq, 2,6 milyon ABŞ dolları dəyərində arpa ixrac edilib.

Kənd təsərrüfatının məlumatına görə, ötən il təxminən 90 min ton pambıq istehsal edilərək 24 pambıqçılıq rayonunun 457 kənd ərazi nümayəndəliyi üzrə təqribən 4300 pambıq istehsalçısı təhvil verdikləri məhsula görə 40 milyon manatdan çox vəsait əldə edib və əlavə olaraq yaxın günlərdə 9 milyon manat həcmində subsidiya alacaq.

Hesabat ilində 70 ton yaş barama istehsal edilib, onun yem bazasının bərpası məqsədilə bölgələrdə yeni çəkil bağlarının salınması üçün 1,5 milyon ədəd çəkil tingləri alınaraq 37 rayona əvəzsiz paylanılıb və tinglərin əkini həyata keçirilib. Barama istehsalı məqsədi ilə 5000 qutu ipəkqurdu toxumunun gətirilərək əvəzsiz paylanılması üçün zəruri tədbirlər görülüb.

Ölkədə çayçılığın inkişafına dövlət dəstəyi tədbirlərinin müsbət nəticəsi kimi yaşıl çay yarpağının istehsalı əvvəlki illə müqayisədə 75 faiz artaraq 1020 ton təşkil edib.

Fındıqçılığı inkişafı da diqqət mərkəzindədir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Azərbaycanda ildə təqribən 35 min ton fındıq istehsal olunur.

Əsas ixracyönümlü sahələrdən biri kimi, fındıqçılığın inkişafına ciddi dövlət dəstəyi göstərilməklə, zəruri miqdarda fındıq pöhrələri tədarük edilib, əlverişli torpaq-iqlim şəraitinə malik 13 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb ki, bu da mövcud bağların bir il ərzində 37 faizdən çox genişləndirilməsi deməkdir.

Buğda və çəltik istehsalına görə, ümumilikdə, 80 milyon manat, ilk dəfə olaraq süni mayalanma yolu ilə alınmış buzovlara görə 500 min manat, texnikaların dəyərinin 40 faizinin ödənilməsi üçün 28 milyon manat, damazlıq heyvanların dəyərinin 50 faizinin ödənilməsi üçün isə 8 milyon manat subsidiya verilib, məhsul istehsalçılarının istifadə etdikləri mineral gübrənin dəyərinin 70 faizi və ya 62 milyon manatı tam şəffaflıqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.

Vüsal Məmmədov