Mədəniyyət

Monteneqro Prezidenti Filip Vuyanoviç Müasir İncəsənət Muzeyində olub

17-09-2011 | 14:13        

  

Azərbaycana səfəri çərçivəsində Monteneqro Prezidenti Filip Vuyanoviç Müasir İncəsənət Muzeyində də olub. Müasir İncəsənət Muzeyində Monteneqro Prezidenti Filip Vuyanoviçə məlumat verilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan muzeydə müasir təsviri incəsənət nümunələri sərgilənir. İdeyaya görə, bu, sadəcə, muzey yox, özəl bir avanqard dünyasıdır. Muzeyin memarlıq layihəsinin, həmçinin dizayn və metal konstruksiyaların müəllifi rəssam Altay Sadıxzadədir. Qeyri-ənənəvi formada qurulan məkanda ekspozisiyaya yanaşma tərzi də fərqlidir. Burada Azərbaycan avanqardı geniş təqdim olunub. Əsasını 20-ci əsrin 2-ci yarısından bu günədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərlərinin təşkil etdiyi ekspozisiyada minə yaxın əsər var. Filip Vuyanoviç Altay Sadıxzadə, Rasim Babayev, Mirnadir Zeynalov, Əşrəf Murad, Kamal Əhmədov, Elyar Əlimirzəyev və digərlərinin əsərləri ilə tanış oldu. Muzeydə gənc müəlliflər də unudulmayıb. Təqdim olunan əsərlər əsasən müasir incəsənət, yəni modernizm adlanan istiqamətin nümunələridir. Muzeyə gələnlərdə Azərbaycanda təsviri incəsənət barədə ümumi təsəvvür yaratmaq məqsədilə buradakı zallardan birində ölkəmizin akademik incəsənəti də kiçik bir ekspozisiya ilə təqdim olunur. Müasir Azərbaycan təsviri incəsənəti - boyakarlıq, heykəltəraşlıq, qrafika, dekoratif-tətbiqi sənət ekspozisiyası tamaşaçını məşhur sənətkarların və gənc rəssamların yaradıcılığını əks etdirən əsərlərlə tanış edir. Qonağa bildirilib ki, muzeyin beynəlxalq əlaqələri də genişlənir. Bu mədəniyyət ocağı bu ilin may ayında ilk dəfə olaraq 47 ölkənin təmsilçisinin qatıldığı Avropa müasir incəsənət muzeylərinin müsabiqəsində də iştirak edib. Monteneqro Prezidenti muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Qonağa xatirə hədiyyəsi təqdim edilib.