Analitika

Sosial siyasətin əsas hədəfi: əhalinin sosial müdafiəsini gücləndirmək

26-01-2017 | 12:14        

  

Azərbaycan dövlətinin prioritet istiqamət olaraq qəbul etdiyi sosialyönümlü siyasət xətti dünya iqtisadi böhranının ölkə iqtisadiyyatına təsir etməsi fonunda belə uğurla davam etdirilir.

Məlum olduğu kimi, əhalinin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamlar imzaladı.

Minimum aylıq əməkhaqqının məbləğinin artırılaraq 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilməsi barədə sərəncam ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Bildirilir ki, minimum aylıq əməkhaqqının artırılması dövlət və özəl sektor işçilərinin maaşlarının artımına səbəb olacaq.

***

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman da sosial təminatın möhkəmləndirilməsi tədbirlərindəndir.

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Nazirlər Kabinetinə bu Fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək, Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti isə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.

Buna qədər isə Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”na əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin istifadə etdiyi kommunal xidmət xərcləri mərkəzləşmiş qaydada xidmət təşkilatlarına ödənilirdi. Amma məcburi köçkünlər müxtəlif vaxtlarda sözügedən komitəyə ünvanladıqları çoxsaylı müraciətlərdə, keçirilən səyyar görüşlərdə istifadə etdikləri kommunal xərclərin mərkəzləşmiş qaydada xidmət təşkilatlarına yox, vahid plastik kart vasitəsilə onların özlərinə verilməsini istəyiblər. Bu istəyə də ölkə rəhbəri tərəfindən müsbət cavab verildi və artıq məcburi köçkünlər kommunal xidmət xərcləri üçün büdcədən ayrılan vəsaiti plastik kart vasitəsilə özləri əldə edəcəklər.

Bu prinsipin tətbiqi həm də enerji daşıyıcılarına qənaətə gətirib çıxaracaqdır.

Vüsal Məmmədov