Analitika

Strateji Yol Xəritəsi: iqtisadi inkişafın yenilənmiş modeli

10-01-2017 | 12:54        

  

Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” postneft dövrünün 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışını müəyyənləşdirib.

Sənəddə deyilir ki, neft qiymətlərinin 2008–2009-cu illərdəki səviyyələrə qayıdacağı ehtimal edilmir, lakin bu, baş versə belə, resurs sənayesi bütün suallar üçün doğru cavab deyildir. Keçmiş iqtisadi əhəmiyyətinə baxmayaraq, neft–qaz sektoru əvvəlki illər ərzində ümumi məşğulluğun 1 faizdən çoxuna sahib olmayıb. İqtisadi artımın şaxələndirilməsi 10 milyona yaxın Azərbaycan vətəndaşına öz peşə arzularını gerçəkləşdirməyə və rifah səviyyəsini yüksəltməyə imkan verəcəkdir.

İqtisadi şaxələndirmənin sürətləndirilməsi üçün üç potensial imkan mövcuddur ki, bu imkanları əldən verməmək üçün müvafiq tədbirləri məhz indi həyata keçirmək olduqca vacibdir:

● Regionun ümumi iqtisadi inkişaf dinamikası daim dəyişir və ixracatı genişləndirmək imkanları yaradır. Azərbaycan ümumi əhali sayı 300 milyon nəfərdən çox olan və ÜDM-i 3 trilyon ABŞ dollarına çatan 4 üç iri iqtisadiyyat – İran, Türkiyə və Rusiya arasında yerləşir. İrana tətbiq edilən sanksiyalar aradan qaldırıldıqca və regiondakı digər iqtisadiyyatlar arasında yeni ticarət modelləri meydana gəldikcə, ölkə üçün unikal imkanlar açılır. Daha geniş diametrdə isə Azərbaycan cəmi ÜDM-i 30 trilyon ABŞ dollarına çatan 5 Avropa Birliyi, Çin və Körfəz ölkələri bazarlarının yaratdığı dairənin mərkəzində yerləşir. Məsələn, Azərbaycanla dünyanın ikinci iqtisadiyyatı sayılan Çinin arasında yalnız Qazaxıstan var; Azərbaycanla Körfəz ölkələri arasında təkcə İran, Azərbaycanla Avropa Birliyi arasında isə yalnız Gürcüstan yerləşir.

Beləliklə, həm qısa, həm də iriradiuslu dairədə Azərbaycanın bazarlara çıxmaq potensialı böyükdür.

● Qlobal iqtisadi mənzərə Avropada zəif və Çində azalan artıma görə dəyişməkdədir. Buna cavab olaraq, Çin onu əsas iqtisadi regionlarla birləşdirəcək “İpək Yolu” layihəsini həyata keçirməyi planlaşdırır ki, bu marşrutlardan biri də Azərbaycan ərazisindən keçir. Eyni zamanda, Avropa, Rusiya, İran, Hindistan və Mərkəzi Asiyanı birləşdirəcək Şimal–Cənub nəqliyyat dəhlizinin də bir xətti Azərbaycanın ərazisindən keçir. Bu təşəbbüslər ölkəmizin ərazisindən keçən əmtəə və sərnişin dövriyyəsinin həcmini artırmaqla marşrut boyu istehsal və nəqliyyat-logistika xidmətləri üçün imkanlar yaradacaqdır. Azərbaycan təkcə tranzit ölkəsi deyil, o, həm də öz ərazisindən keçən əmtəələr üzərində əlavə dəyər yaratmaq potensialına malikdir. Ümumilikdə isə Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinin hesabına qlobal dəyər zəncirlərində ölkənin mövqeləri gücləndirilə bilər. Azərbaycan üçün belə yeni beynəlxalq imkanların açılması yüksək və dayanıqlı iqtisadi artım potensialı yaradır. Strateji Yol Xəritəsi bu imkanlardan faydalanmaq üçün hazırlanmışdır.

● Dayanıqlı iqtisadi artımı təmin edəcək investisiya qoyuluşlarında maraqlı olan Azərbaycanda qlobal investisiya meyilləri nəzərə alınacaqdır. 2007-ci illə müqayisədə dünya üzrə birbaşa xarici investisiya axını 2015-ci ildə 36 faiz artaraq 1,7 trilyon ABŞ dollarına çatmışdır. 2015-ci ildə inkişaf etmiş ölkələr birbaşa xarici investisiyaların 55 faizini cəlb edə biliblər. Artım əsasən birləşmə və satınalmalar (“M&As”) hesabına baş vermişdir. 2015-ci ildə Asiya regionunda inkişaf etməkdə olan ölkələr dünya üzrə birbaşa xarici investisiyaların 1/3-ni cəlb etmişdir. Bu mənada Asiya regionu dünya üzrə ən çox investisiya cəlb edən regiondur. Rusiya və Qazaxıstan başda olmaqla, keçid ölkələrinə birbaşa xarici investisiya axını 2015-ci ildə 54 faiz azalmışdır. Aşağı xammal qiymətləri və regional münaqişələr keçid ölkələrində birbaşa xarici investisiya axınları üçün əsas maneə olmuşdur. Birləşmə və satınalmaları nəzərə almasaq, dünyada birbaşa xarici investisiyaların axını qısamüddətli perspektivdə zəifləyəcəkdir. Çünki qlobal iqtisadiyyat kövrəkdir, qlobal maliyyə bazarları volatildir, tələb aşağıdır və inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempi zəifdir. İnvestisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühiti təmin ediləcək və özəl sahibkarlığın inkişafı daha da stimullaşdırılacaqdır.

Yol xəritəsinin strateji hədəflərindən biri, şübhəsiz, iqtisadi rifahın yüksəldilməsidir. Sənəddə bununla bağlı deyilir:

2025-ci ildə makroiqtisadi sabitlik, xüsusilə fiskal dayanıqlılıq, əlverişli biznes mühiti, inkişaf etmiş infrastruktur, xarici bazarlara sərbəst çıxış və xarici investisiyaların cəlb edilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı xarici şoklara daha davamlı olacaq və ölkədə əmək məhsuldarlığı Şərqi Avropa ölkələrinin müvafiq göstəricisinə çatdırılacaqdır. Azərbaycan iqtisadiyyatı, Dünya İqtisadi Forumunda bildirildiyi kimi, səmərəlilikəsaslı modeldən innovasiyaəsaslı modelə keçəcəkdir. Əhalinin adambaşına düşən real gəlirləri ildə təxminən 5 faiz artacaq və Azərbaycan Dünya Bankının təsnifatına əsasən, “yüksəkgəlirli ölkə” statusu qazanacaqdır. Bu inkişaf prosesləri nəticəsində 2025-ci ildən sonrakı dövrdə adambaşına düşən gəlir səviyyəsinə görə Azərbaycan Şərqi Avropa ölkələrinin səviyyələrinə yaxınlaşacaqdır.

İnnovasiyaəsaslı modelin inkişaf etdirilməsi üçün fiziki, insan, institusional və sosial kapital təmin olunacaqdır.2025-ci ildən sonra Azərbaycanın şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatında ümumi əlavə dəyərin dörddə üçündən çoxu qeyri-neft sektorlarında yaranacaqdır.

Növbəti illərdə rəqabətədavamlı əmək xərcləri Azərbaycan iqtisadiyyatı üçün qısamüddətli katalizator rolunu oynayacaqdır. Lakin faktiki rəqabət üstünlüyü qabaqcıl texnologiyalar və digər innovasiya formalarından istifadə ilə yanaşı, keyfiyyətli təhsil və peşə təliminin nəticəsi kimi yüksək məhsuldarlıq hesabına yaranacaqdır. Başqa sözlə, 2025-ci ilədək olan dövr biliktutumlu iqtisadiyyata keçid dövrü olacaqdır.

2025-ci ildən sonrakı dövrdə innovasiyaəsaslı inkişaf modelinə keçid əvvəlki illərdə rəqabət üstünlüyü olan və inkişaf etmiş qeyri-neft sektorlarında ixtisaslaşmanın daha da dərinləşdirilməsi hesabına daha çox dəyərin ölkədə qalmasını təmin edəcəkdir. Texnologiya transferi və biliyin kommersiyalaşdırılmasının genişləndirilməsi investisiya qoyuluşunun səmərəliliyini artıracaqdır. İqtisadiyyatın həm regional, həm də sahələrarası strukturunun optimallığı artacaq ki, bu da tarazlı və dayanıqlı inkişafı təmin edəcəkdir. Xüsusilə, Azərbaycanda regional inkişaf mərkəzlərinin formalaşması bölgələrdə iqtisadiyyatın rəqabətqabiliyyətli sahələrində ixtisaslaşmanın dərinləşdirilməsi hesabına ümumi iqtisadi inkişafı təmin edəcəkdir.

Bakı beynəlxalq əhəmiyyətə malik sənaye və xidmət mərkəzinə çevriləcəkdir. 2025-ci ildən sonrakı dövrdə karbohidrogen və qeyri-karbohidrogen gəlirləri arasındakı tarazlığa nail olunacaq və hər il ARDNF-dən iqtisadiyyata inyeksiyalar "qızıl qayda" əsasında təmin ediləcəkdir. Belə yanaşma neft-qaz qiymətlərindəki  dəyişikliklərin təsirini yumşaldaraq sərbəst üzən yerli valyutaya inamı artıracaq və iqtisadi inkişafın dayanıqlılığını təmin edəcəkdir. Makroiqtisadi sabitlik həm yerli, həm də xarici özəl sektor nümayəndələrinin investisiya qoyuluşlarının stimullaşdırılması üçün zəmin olacaqdır. Beynəlxalq maliyyə bazarları ilə inteqrasiya və maliyyə texnologiyalarının tətbiqi əsasında rəqabətqabiliyyətli maliyyə sistemi dayanıqlı iqtisadi inkişafı dəstəkləyəcək və əhalinin rifahını yaxşılaşdıracaqdır.

Qeyri-neft sektoruna əlavə investisiya qoyuluşları 2025-ci ilədək və ondan sonrakı dövrdə daha rəqabətli iqtisadiyyatın vacib hərəkətverici qüvvəsi olacaqdır. Bu səbəbdən gələcəkdə sənaye və xidmət sektorlarına birbaşa xarici investisiyalar daha geniş miqyasda cəlb ediləcəkdir. Texnologiya, bacarıqlar və qlobal dəyər zəncirlərinə çıxış təklif edən iri xarici şirkətlərin qeyri-neft sektoruna investisiya yatırımı Azərbaycanın qlobal iqtisadi xəritədə yerini möhkəmləndirəcəkdir. Azərbaycana xarici investorlar strateji olaraq üç aspekt üzrə cəlb ediləcəkdir: son dərəcə cəlbedici investisiya imkanlarının yaradılması (məsələn, müasir infrastruktura malik sənaye parkları); aparıcı beynəlxalq şirkətlərə məqsədyönlü çıxış; mövcud və gələcək investorlar üçün birinci sinif xidmətlər.

2025-ci ildən sonrakı dövrdə ixrac təkcə mal deyil, həm də xidmət çeşidinin artması hesabına şaxələnəcək və böyüyəcəkdir. İxracın artan məhsul və xidmət sayına əsaslanması neft və qaz qiymətlərindəki dəyişkənliklərdən asılılığı azaldıb, xarici valyuta gəlirini sabitləşdirəcəkdir.

Vüsal Məmmədov