Analitika

Aztəminatlı ailələr güzəştli şərtlərlə mənzillər əldə edəcək

29-12-2016 | 10:37        

  

Dünyanın iqtisadi böhrandan çıxış yolları axtardığı indiki dövrdə belə Azərbaycan sosialyönümlü siyasətinə sadiqdir. Şübhəsiz, dünyada baş verən iqtisadi eniş ölkəmiz üçün də təsirsiz olmadı, ancaq uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti bu təsiri minimuma endirdi. Neftin qiymətində baş verən kəskin azalma ilə əlaqədar olaraq dövlət büdcəsinin gəlirlərinin azalması, əlbəttə ki, bir sıra layihələrin təxirə salınmasına səbəb oldu – ancaq bu sırada sosial layihələr, sosial tədbirlər olmadı. Nəinki belə tədbirlər ixtisara salınmadı, budur, məhz böhran ilində ciddi bir soisial layihəyə start verilib. Dövlət aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillər əldə etməsi üçün olduqca əhəmiyyətli layihəyə başlayıb.

Doğrudur, ötən yaxın illər ərzində bu istiqamətdə müəyyən işlər görülüb, ancaq Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və aztəminatlı ailələrin güzəştli şərtlərlə əldə edə biləcəyi mənzillərin tikintisinə başlanılması daha böyükmiqyaslı, ciddi tədbirlərin başlanması deməkdir. 

Xatırladaq ki, 2003-2015-ci illərdə dövlət vəsaiti hesabına tikilmiş mənzillərin ümumi sahəsi 3 milyon 200 min kvadratmetr olub. Bununla yanaşı, vətəndaşların yaşayış sahələrinə olan tələbatının təmin olunması məqsədi ilə 2005-ci ildə ölkədə uzunmüddətli ipoteka kreditləşməsini həyata keçirmək üçün Azərbaycan İpoteka Fondu yaradılıb. Həmin ildən başlayaraq bu günə qədər Fond vasitəsilə 18 mindən çox ailəyə 730 milyon manatdan çox ipoteka krediti verilib.

Bu il aprelində Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması bu sahədə yeni mərhələnin başlanğıcıdır.

“Bu, yeni sosial təşəbbüsdür”

Bu günlərdə Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində dövlət başçısı bildirdi ki, vətəndaşların mənzil-məişət problemlərini həlli prioritetdir və dövlət bu istiqamətdə siyasətini ardıcıl şəkildə davam etdirəcək. Sitat: “Bu, yeni bir sosial layihədir. Bu layihənin icra edilməsi bir daha onu göstərir ki, sosial məsələlərin həlli bizim üçün həmişə prioritet olmuşdur. Bu il aprel ayının 11-də mənim Sərəncamımla Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Bu agentliyin əsas vəzifəsi vətəndaşların mənzil-məişət problemlərini həll etməkdən ibarətdir. Eyni zamanda, Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti nəticəsində inşaat sektorunun inkişafına yeni təkan veriləcək və bu da, öz növbəsində, minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq.

Bu, yeni sosial təşəbbüsdür, yeni sosial layihədir. Sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaqdır. Ümumiyyətlə, son illər ərzində biz ciddi iqtisadi islahatlarla yanaşı, həmişə sosial məsələlərin həllinə də böyük diqqət vermişik. Son 10 il ərzində pensiyalar 7 dəfə, maaşlar 5 dəfə artmışdır. Ölkəmizdə bir çox sosial infrastruktur obyektləri tikilmişdir. Üç mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib təmir edilmişdir. Doxsandan çox məcburi köçkün qəsəbəsi salınmışdır və bu proses davam edir. Ünvanlı sosial yardımın məbləği artırılır və bu proqram üzrə yardım alanların sayı da lazım gələndə artırılır. Bir sözlə, sosial siyasət bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə ki, bu siyasəti daha da uğurla aparmaq üçün bizim güclü iqtisadi imkanlarımız olmalıdır. Bu imkanları biz yaradırıq, hətta böhranlı vaxtlarda da ciddi islahatlar aparılır və bu islahatlar öz nəticələrini verməkdədir”.

Olduqca mühüm iki sənəd

Prezident İlham Əliyev cari il noyabrın 16-da, “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Fərman imzaladı. Bu fərmanla agentliyin sifarişi ilə inşa olunacaq mənzillərin ölkə vətəndaşları tərəfindən güzəştli şərtlərlə əldə edilməsi qaydasını təsdiqləndi. Bu qaydaya əsasən müəyyən edilmiş sosial kateqoriyalara aid olan aztəminatlı ailələr mənzilləri orta bazar qiymətindən aşağı qiymətə və “Azərbaycan İpoteka Fondu”nun güzəştli ipoteka krediti vasitəsilə 30 ilədək uzunmüddətli ödəniş şərtləri ilə əldə edə biləcəklər.

Bununla yanaşı, dekabrın 6-da “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” də təsdiqləndi.

Dövlət başçısı bildirir ki, bu layihənin icra edilməsi nəticəsində inşaat sektoru da canlanacaq: “Bu il inşaat sektorunda tənəzzül yaşanır. Əgər biz ümumi daxili məhsulumuzun inkişafının və tənəzzülünün dinamikasına nəzər salsaq görərik ki, bu gün ümumi daxili məhsulu aşağı aparan amil inşaat sektorundakı tənəzzüldür. Bunun da iki səbəbi var. Dövlət investisiyaları azalıb, bu da təbiidir. Çünki bizim gəlirlərimiz azalmışdır və biz, ilk növbədə, öz gəlirlərimizi sosial məsələlərin həllinə yönəltmişdik. Onu da qeyd etməliyəm ki, bu il, bir dənə də olsun, sosial proqram ixtisara düşmədi. Bu, birinci məsələdir. Digər səbəb isə əlbəttə ki, sahibkarlar da mənzil inşaatına az fikir verməyə başlamışlar. Ona görə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti və icra ediləcək digər layihələr nəticəsində biz inşaat sektorunu canlandıracağıq. Bu, özlüyündə böyük bir hərəkətə, canlanmaya gətirib çıxaracaq, inşaat sektorunda minlərlə iş yeri yaradılacaq. Eyni zamanda, inşaat materialları ilə məşğul olan, onları istehsal edən şirkətlər də öz fəaliyyətini bərpa edəcək, genişləndirəcəklər. Beləliklə, bu layihənin ölkə iqtisadiyyatına da çox müsbət təsiri olacaqdır”.

Vüsal Məmmədov