Analitika

Kiçik və orta sahibkarlığın inkişafına dair Strateji Yol Xəritəsinin əsas hədəfləri hansılardır?

23-12-2016 | 14:59        

  

Azərbaycan iqtisadiyyatının yeni mərhələsinin yaxın, orta və uzunmüddətli perspektivində kiçik və orta sahibkarlığın inkişafına dair Strateji Yol Xəritəsi də ictimaiyyətə təqdim olundu. Təkcə 2020-ci ilədək strateji hədəflərə nail olmaq üçün 700 milyon manat investisiya xərclənəcəyi gözlənilir ki, nəticədə ölkə iqtisadiyyatında 1,3 milyard manat əlavə dəyər və 35000-ə yaxın yeni iş yeri yaradılacaq.

İqtisadiyyatın yeni mərhələsində davamlı inkişaf prioritetdir. Yəni, burada əsas məqsəd təkcə iqtisadi artım deyil, həm də sosial rifahın daha da yaxşılaşdırılmasıdır. Bu sahədə uğurlu praktikalar onu deməyə əsas verir ki, kiçik və orta sahibkarlıq iqtisadi inkişafın katalizatoru, hərəkətverici qüvvəsidir. Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi yaxın, orta və uzunmüddətli perspektivdə 5 strateji hədəf müəyyənləşdirib.

Birinci hədəf kiçik və orta sahibkarlıq fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılmasından ibarətdir. Bu hədəfə nail olmaq üçün görüləcək tədbirlər sırasında mərkəzləşdirilmiş kiçik və orta sahibkarlıq agentliyinin yaradılması var. Azərbaycanda hazırda müxtəlif dövlət orqanları öz səlahiyyətləri çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinə məsləhət, satış və digər xidmətlər göstərirlər, lakin beynəlxalq təcrübəyə əsasən, belə xidmətlərin vahid mərkəzdən göstərilməsi onlardan daha səmərəli istifadəyə və beləliklə, inkişafa daha yaxşı imkan yaradır. Birinci hədəfin prioritetləri sırasında normativ-hüquqi bazanın təkmilləşdirilməsi, rəqabət mühitinin gücləndirilməsi, bu sahədə fəaliyyət üçün icazə sənədlərinin əldə edilməsi sisteminin daha da asanlaşdırılması yer alır. Yeni iqtisadi modeldə sahibkarlıq klasterlərinin yaradılması da vacib şərtlərdəndir. Belə ki, əgər indiyədək Azərbaycanda mövcud olan sənaye parkları və məhəllələri dövlət tərəfindən dövlət vəsaiti hesabına yaradılırdısa, gələcəkdə xüsusi iqtisadi zonalar, sənaye parkları və məhəllələrinin infrastrukturunun özəl sektor tərəfindən özəl kapital hesabına yaradılması təşviq ediləcək.

İkinci hədəf kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışından ibarətdir. Maliyyə resurslarına çıxış potensial artıma nail olmaq üçün əsas sürətləndirici amildir. Hədəfə nail olmaq üçün kiçik və orta sahibkarlıq subyektlərinin müflisləşməsi məsələləri üzrə ixtisaslaşmış məhkəmələrin, iflas reyestrinin yaradılması nəzərdə tutulur ki, nəticədə ölkədə iflas tempi qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq 4 faizə çatdırılacaq. Maliyyə risklərinin azaldılması üçün ölkədə kredit zəmanət fondunun yaradılması da nəzərdə tutulur. İkinci hədəfin prioritetləri sırasında əmlak məsələləri üzrə fəaliyyətin təkmilləşdirilməsi, lizinq və alternativ maliyyə alətləri bazarının inkişafı da var.

Üçüncü hədəf kiçik və orta sahibkarlıq subyektlərinin beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılmasından ibarətdir. Ölkədə təklif olunan maliyyə məhsullarının təhlili göstərir ki, hazırda kiçik və orta sahibkarlıq subyektləri, əsasən, iki növ dəstək alətini əldə edə bilirlər. Bu alətlər ixracdan əvvəl və ya malın göndərilməsindən sonra təklif edilən kredit mexanizmləridir. Yaxın gələcəkdə beynəlxalq ticarətin maliyyələşdirilməsi üçün istifadə edilən xidmətlərin çeşidini və keyfiyyətini inkişaf etdirməklə, ölkədə sahibkarların beynəlxalq əməliyyatlardan əldə etdikləri gəlirlərinin əhəmiyyətli dərəcədə artımı gözlənilir. Prioritetlər sırasında ayrı-ayrı sektorlar üzrə ixrac assosiasiyalarının yaradılması da var.

Dördüncü hədəf kiçik və orta sahibkarlıq subyektlərinin bilik və bacarıqlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətləndirilməsindən ibarətdir. Qabaqcıl təcrübədə isə kiçik və orta sahibkarlığın inkişafında biznes inkubatrolarının əhəmiyyətli rolu şəksizdir. Həmin inkubatorlar profilindən asılı olaraq sahibkarlara müxtəlif çeşiddə xidmətlər təqdim edirlər. Azərbaycanda biznes inkubatorunun sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi görüləcək tədbirlərə daxildir. 2020-ci ilədək azı 5 yeni biznes inkubatorun yaradılması, həmçinin 25 startap və 3-5 model müəssisəsinin inkişafı nəzərdə tutulur.

Beşinci hədəf isə milli innovasiya sisteminin təkmilləşdirilməsi və innovasiya strukturunun formalaşdırılmasından ibarətdir.

Beləliklə, nəzərdə tutulmuş hədəflərin reallaşdırılması ilə kiçik və orta sahibkarlıq subyektlərinin ixrac etdikləri malların ümumi ixracdakı payda xüsusi çəkisinin artacağına şübhə yeri qalmır.

Rüfət Həmzəyev