Analitika

“Made in Azerbaijan”: xarici bazarlara doğru

06-12-2016 | 10:20        

  

Dünyada baş verən iqtisadi böhrandan Azərbaycan iqtisadiyyatının az təsirlənməsi, şübhəsiz ki, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafına yönəlik tədbirlərdən qaynaqlanır. Şaxələndirmə həm də ixracyönümlü istehsal sahələrinin yaradılmasını nəzərdə tutur. Prezident İlham Əliyevin ixracın stimullaşdırılması, Azərbaycanın dünya bazarlarına çıxması və bu bazarlarda möhkəmlənməsi üçün müəyyən etdiyi strateji xətt gələcək onilliklər, yüzilliklərdə ölkəyə mühüm iqtisadi dividentlər qazandıracaqdır. Bu mənada başlıca prioritetlərədən biri də dünya bazarına  “Made in Azerbaijan” brendinin çıxarılmasıdır.

Dövlət başçısı bu mövzuda bir neçə dəfə fikirlərini bildirib, hökumət qarşısında tələblər, vəzifələr qoyub. Ölkə rəhbərinin oktyabr ayında “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” fərman imzalayıb.

Fərmanda nəzərdə tutulan tədbirlər dövlətin bu sahəyə nə qədər əhəmiyyət verdiyini ifadə edir. Nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə 3 milyon manat ayrılıb.

***

Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev deyib ki, dünyada "Made in Azerbaijan" brendi təbliğ edilməlidir: "Bizim ənənəvi ixrac bazarımız var, bu, Rusiyadadır. İndi Rusiyada böyük kənd təsərrüfatı layihələri icra edilir. Onlarda da idxaldan asılılıq azalır. Ona görə, biz yeni bazarlara baxmalıyıq. Bu, Yaxın Şərqdir, Körfəz ölkələridir, digər ölkələrdir, Asiyadır, Çindir. Biz ora çıxmalıyıq. Buna görə biz artıq "Made in Azerbaijan" brendini yaradırıq. İndi xüsusi işlər gedir, vəsait ayrılıb. Bizim heyətlər bütün ölkələrə getməlidirlər, gəzməlidirlər, təqdimatlar keçirməlidirlər. Yoxsa biz burada gözləyirik ki, kimsə gəlib bizdən nə isə alacaq. İndi bütün şirkətlər, ölkələr bazarlar uğrunda mübarizə aparırlar. Ona görə, bu, yeni bir yanaşma olmalıdır. Həm dövlət orqanları təşkil etməlidir, həm sahibkarlar özləri maraqlı olmalıdırlar və mütləq burada valyutanın hərəkətinə də diqqət yetirilməlidir. Çünki ixraca gedən məhsulun pulu bəzi hallarda ya 50 faiz, ya da 100 faiz qayıtmır. Ona görə, burada çox ciddi nəzarət olmalıdır. İndi ixracın təşviqi ilə bağlı yeni sistem qurulur və bu, orada da nəzərdə tutulur. Bu, 100 faiz şəffaf olmalıdır və heç bir pozuntuya yol verilməməlidir".

***

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Azərbaycanın ixrac missiyalarının müxtəlif ölkələrə səfəri həyata keçirilir. İndiyədək Çin və Birləşmiş Ərəb Əmirlikləri olmaqla iki ölkəyə Azərbaycanın ixrac missiyası göndərilib və bu, davam etdiriləcək.
Azərbaycanın ixrac missiyasının Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə səfəri elə bu günlərdə başa çatıb. Səfər İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunub və ixrac missiyasının xərcləri dövlət tərəfindən qarşılanıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ixrac missiyasında meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi iştirak edib.

Səfər zamanı Azərbaycan iş adamları "Carrefour", "Spinneys", "Union Co-op" kimi iri marketlər şəbəkələrində və "Al Aweer" meyvə-tərəvəz mərkəzində olub, Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri ilə ikitərəfli görüşlər keçiriblər. Görüşlərdə Azərbaycan məhsullarının Dubayın iri marketlər şəbəkələrində satışı, distribüterlik, yerli məhsulların Birləşmiş Ərəb Əmirliklərinə ixracı və s. məsələlər barədə müzakirələr aparılıb. Dubay tərəfi Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq göstərib, nümunələrin göndərilməsi barədə sifariş veriblər. Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərində akkreditə olunmuş və məhsulların bu ölkənin tələblərinə uyğun olaraq halal məhsul qismində tanınmasını təmin edən sertifikasiya təşkilatının nümayəndələri əməkdaşlıq üçün ölkəmizə dəvət edilib.

Bu brendin xarici bazarlara çıxışı və özünü təsdiqi ölkəmizə nələr qazandıra bilər:

- Ölkəyə valyuta axını baş verər

- İqtisadiyyatın diversifikasiyası üçün əlavə imkanlar açılar

- Xarici iş adamları ölkəmizə kapital yatırmağa maraq göstərər

- Yeni iş yerləri açılar

- Keyfiyyətli brend ölkəmizi təbliğ edər, ölkəmizin nüfuzunun yüksəlməsinə gətirib çıxarar

Vüsal Məmmədov