Analitika

Dünya neft bazarı necə dəyişəcək?

23-11-2016 | 15:03        

  

Dünya neft bazarında təbaddülatlar davam etməkdədir. Ancaq OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) son iki ildə ucuzlaşmaqda davam edən “qara qızıl”ın qiymətinin yüksəlməsi üçün səylərini intensivləşdirib. Nikbinlik yaradan nəticələr də var...

Arzuolunan səviyyədə olmasa da, qiymətlərdə müəyyən qədər artım müşahidə olunur. Məsələn, son günlərdə dünya birjalarında neftin qiyməti nisbətən bahalaşıb. Üç gün öncənin qiymətləri bu cür idi: Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,52 dollar bahalaşaraq 46,21 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,56 dollar artaraq 47,42 dollar olub.

Bu günün məlumatı isə bu cürdür:

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,80 dollar bahalaşaraq 47,49 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,04 dollar artaraq 48,90 dollar olub.

Əlbəttə, neftin qiymətinin 20 dollara qədər düşəcəyi barədə verilən bədbin proqnozlar geridə qalıb, belə bir risk görünmür.

***
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr son iki ildə rekord səviyyədə ucuzlaşan neftin qiymətini yüksəltmək üçün müzakirə etdikləri neft istehsalını məhdudlaşdırmaq məsələsində İranın etirazını bu ölkəyə imtiyaz verməklə aradan qaldırmağı planlaşdırırlar.

Təşkilata üzv ölkələrin energetika nazirlərinin ötən günlərdə Qətərin paytaxtı Dohadakı görüşündə İrana istehsal səviyyəsini gündəlik 3,92 milyon barreldə saxlaması təklif edilib. İclasda İran rəsmiləri ilə yanaşı, OPEC-in ən böyük istehsalçısı və İranın qlobal neft bazarındakı əsas rəqiblərindən sayılan Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid bin Əbdüləziz əl-Faleh də iştirak edirdi.

Daha əvvəl neft istehsalını yanvar ayında ləğv edilən beynəlxalq sanksiyalardan əvvəlki səviyyəyə çıxarana qədər artıracağını açıqlayan İran rəsmiləri isə keçən ay bu həcmin 4 və ya 4,2 milyon barreldə saxlanılmasının mümkünlüyünü bildirmişdilər.

OPEC-in gündəlik xam neft hasilatı oktyabr ayında sentyabra nisbətən 240 min barrel artaraq 33 milyon 643 min barrel olub. Sözügedən razılaşma isə bu həcmin 32 milyon barrel səviyyəsinə azaldılmasını nəzərdə tutur.

Əgər OPEC-ə üzv ölkələr noyabrın 30-da Vyanada keçiriləcək sammitdə razılığa gəlsələr, bu, kartel üzvlərinin 2008-ci ildən bu vaxtadək ilk dəfə xam neft hasilatını azaltmasına səbəb olacaq.

Xatırladaq ki, sentyabrın sonunda OPEC-in Əlcəzairdəki qeyri-rəsmi görüşündə neft hasilatının sutkada 32,5-33 milyon barrel səviyyəsində məhdudlaşdırılması üzrə ilkin razılığa gəlinib. Yekun qərarın isə bu ayın sonunda Vyanada qəbul edilməsi nəzərdə tutulur.

***
Nikbin proqnozlar da var. Məsələ burasındadır ki, neftin alternativi kimi nəzərdən keçirilən bərpaolunan enerji ehtiyyatları tələbata tam olaraq cavab verə bilmir.
“Qlobal neft tələbatındakı artım 2040-cı ilədək davam edəcək”. Bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib. O, neftə olan tələbatın uzun müddət yüksəlməyə davam edəcəyini bildirib: “Çünki mövcud vəziyyətdə bərpaolunan enerji mənbələrinə investisiyaların artmasına baxmayaraq bu enerji növü aviasiya və neft-kimya sektorunda neftə çox az alternativ olub. Neftlə çalışan mühərriklərdə məhsuldarlığın və ya elektrik enerjisi ilə işləyən avtomobillərin sayının artmasına baxmayaraq bu, qlobal neft tələbatındakı artımı azaltmaq üçün yetərli olmayacaq”.

***

Daha bir xəbər odur ki, “AzəriLayt” markalı neftin qiyməti də bahalaşır. Bu markadan olan neftin bir barrelinin qiyməti bu gün 2,60 dollar bahalaşaraq 49,64 dollar təşkil edib.

Vüsal Məmmədov