İqtisadiyyat

Aİ Nabucco qaz kəmərinin reallaşmasında Azərbaycanı ən real tərəfdaş hesab edir

26-01-2011 | 16:53        

  

Avropa İttifaqı Nabucco qaz kəmərinin reallaşmasında Azərbaycanı ən real tərəfdaş hesab edir. Qurumun energetika üzrə komissarı Günter Ottinger Avropanın qazla təmin edəcək kəmərin perspektivlərini açıqlayıb.

 Avropa İttifaqı yaxın illər ərzində  “Nabucco” qaz kəməri ilə mavi yanacaq alacağına ümid edir. Bu layihə ilə bağlı Azərbaycan Hökümənin konkret planları da var. Bu fikirləri Brüsseldə Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottinger jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə Azərbaycan Avropa üçün önəmli bir dövlətdir. Nabucco qaz kəmərinin yaxın 2-3 ildən sonra işə düşməsi isə bütün Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Günte Ottingerin sözlərinə görə, Rəsmi Bakı Azərbaycanın növbəti 5-8 il ərzində “Nabucco” vasitəsilə ildə 21 mlrd. kubmetr qaz satmağa hazır olduğunu bildirib. Türkmənistan tərəfi isə ildə 10 mlrd. kubmetr “mavi yanacaq” satmağa razıdır. Nəticədə, hər iki ölkə tərəfindən satılacaq qaz, kəmərin tam doldurulması üçün kifayət edəcək.  Nabucco” qaz kəməri layihəsinin dəyərinə gəldiksə isə qurum nümayəndəsi əlavə edib ki, bu vəsait 7,9 mlrd. avro təşkil edir. Tikinti işlərinin 2011-2012-ci illərdə başlayacağı gözlənilir və qazın nəqli 2014-2015-ci ildə reallaşacaq. Bu qaz kəməri Bakı-Tiflis-Ərzurum qaz kəmərinin ardı olacaq və Xəzər qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya çatdırılmasının təmin edəcək.