Analitika

Ermənistan aprel döyüşlərindən düzgün nəticə çıxarmasa...

14-11-2016 | 09:04        

  

Azərbaycan ordusu aprel döyüşləri ilə Ermənistana öz gücünü nümayiş etdirməklə yanaşı bir mifi də dağıtdı: Ermənistan siyasi hakimiyyətinin öz ordusu haqqında erməni ictimaiyyətinə sırıdığı “güclü ordu” obrazı darmadağın edildi.

Prezident İlham Əliyevin ötən həftə Beyləqan və Fizuli rayonlarına səfəri zamanı bir məqama xüsusilə diqqət çəkmək lazımdır: Ali Baş Komandan Fizuli rayonunda bir çox obyektlərdə – Horadiz şəhərində yeni avtovağzal kompleksində yaradılan şəraitlə tanışlıq zamanı da, bu şəhərdəki Dövlət Rəsm Qalereyasının açılışında da, məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq zamanı da, Füzuli rayonundakı 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanışlıq zamanı da hərbi geyimdə idi. Baxmayaraq ki, bu obyektlər sosial obyektlər idi, ancaq dövlət başçısı hərbi geyimlə əslində ciddi mesaj vermiş olurdu. Bu, dövlətin münaqişənin həllinə münasibətinin, diplomatik vasitələrin nəticə vermyəcəyi halda hərbi yola əl ata biləcəyinin ifadəsi idi. Dövlətin birinci şəxsi öz hərbi geyimi ilə bütün hərbçilərinin yanında olduğunu və onlardan biri olduğunu da vurğulayırdı.  

Silahlı Qüvvələrin Ali Baş Komandanı Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanışlıq zamanı hərbi qulluqçular qarşısında çıxış edərkən Azərbaycan ordusunun hərbi hazırlıq vəziyyətini şərh etdi, ordumuzun işğal altındakı torpaqlarımızı hərbi yolla azad etmək iqtidarında olduğunu bir daha vurğuladı və aprel döyüşlərini  xatırladaraq bu həll yolunu istisna etmədi. 

Sitat: “Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətmişdir. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuşdur və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir.

Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.

Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq”.

Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğunu diqqətə çatdıran prezident mühüm strateji açıqlama verdi: “İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək”.

Şübhəsiz, bu faktı düşmən cəbhəsində də bilirlər və narahatlıq hissi keçirirlər. Elə aprel döyüşləri zamanı erməni əhalinin cəbhəyanı ərazilərdə məskunlaşdıqları kəndləri boşaltması da bunun nəticəsi idi. Hər nə qədər Ermənistan bu faktdan diqqəti yayındırmağa çalışsa da, fak fatlığında qalırdı: cəbhəyanı ərazilərdə mülkü əhali qalmamışdı.

Əlbəttə, Azərbaycan ordusunun gücü qarşısında Ermənistan ordusunun 3 gün belə tab gətirə bilmədiyi hiss olundu. Fərq real hərbi əməliyyatların nəticələrində üzə çıxdı… Bu təkcə erməni ordusunun tənəzzülünün yox, həm də Azərbaycan ordusunun intizamlı, güclü, hazırlıqlı və vətənpərvər olmasının nəticəsi idi.

Azərbaycan prezidenti bu kontekstdə deyir: “Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır.

Ordumuzun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi”.

Prezident aydın şəkildə bildirdi ki, əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır: “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”

Vüsal Məmmədov