Analitika

Qocaman-müasir teleradio

04-11-2016 | 17:59        

  

Ana Televiziya: Azərbaycan Televiziyasını tez-tez belə adlandırırlar. Bu “status” AzTV-yə  təsadüfən verilməyib. O, ölkənin ilk televiziyasıdır, eyni zamanda xalqın ən şərəfli, ən çətin, ağrılı günlərində, elə xoş, böyük nailiyyətlər qazandığı anlarda da xalqın yanında, proseslərin içində olub, nəinki informasiya mənbəyi kimi çıxış edib, öz missiyasını diversifikasiya edərək cəmiyyət üçün bir növ istiqamətverici ampluada olub...  

1926-cı il noyabrın 6-da radionun, 1956-cı il fevralın 14-də isə televiziyanın efirə çıxması, şübhəsiz tarixi hadisə idi: ölkə mühüm texnoloji yeniliyi böyük maraqla qarşılayırdı. Vaxt keçəcək, televiziyanın cəmiyyətin həyatında rolu, əhəmiyyəti artacaq, o, öz fəaliyyətini şaxələndirəcək, izləyicilər isə bir gününü belə mavi ekransız təsəvvür edə bilməyəcəkdi...

...İndi həmin vaxtdan kifayət qədər böyük tarixi dövr keçir. 2016-cı ilin fevralında Bakı televiziya studiyasının (indiki «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti) efirə çıxmasının 60-cı ildönümü tamam oldu, noyabrın 6-da isə Azərbaycan Radiosunun 90 illiyi qeyd olunacaq.

Prezident İlham Əliyevin 23 aprel 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkəti «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-yə çevrildi. Bu qərar həmin ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma başlamış Azteleradionun qarşısında geniş imkanlar açdı. Təsadüfi deyil ki, QSC statusu qurumun tərkibində yeni TV-lərin yaradılması ilə nəticələndi. Çox qısa müddət ərzində «İdman Azərbaycan» (2009-cu il), «Mədəniyyət» (2011) telekanalları, eləcə də Televiziya Akademiyası (2010) yaradıldı. Beləliklə, «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC ölkə teleməkanının ən iri media holdinqinə çevrildi.

Zamanın yeni çağırışları və yeni status AzTV-də kadr dəyişiklikləri zərurətini də meydana gətirmişdi. Bu proses ölkədə bütövlükdə geniş kadr islahatlarına başlamış Prezident İlham Əliyevin 2006-cı il iyunun 28-də Nizami Xudiyevi sədr postundan azad etməsi Sərəncamı ilə start götürdü. Düz bir ay yarım ərzində sədri əvəz etmək o dövrdə televiziyada sədr müavini vəzifəsində çalışan Arif Alışanova həvalə edildi. Qısa müddətdə ictimai-siyasi proqramlarda və ədəbi-bədii verilişlərdə müəyyən zəruri dəyişikliklərə nail olundu. Görülmüş işi qiymətləndirən Prezident İlham Əliyev avqustun 16-da Arif Alışanovun QSC-yə sədr, Vaqif Ağayevin isə sədr müavini vəzifələrinə təyin olunması haqqında Sərəncam imzaladı.

«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC nəinki Azərbaycanda, həm də bütün Qafqaz regionunda ilk dəfə olaraq IMX formatına keçdi. Rəqəmsal yayımın ən yüksək formatlarından olan IMX keyfiyyətli təsvir və səs siqnalı axınlarını təmin edir. Paytaxtda çoxmərtəbəli binaların tikilməsi köhnə qüllədə yerləşən qəbuledicilərə canlı yayımların təminatında maneələr yaradırdı. Yeni qüllədə məsafədən idarə edilən 3 dəst qəbuledici qurğunun yerləşdirilməsi sayəsində bu problem aradan qaldırılıb. Qəbul olunan siqnalların optik kabel vasitəsilə Mərkəzi Aparat otağına ötürülməsi təmin edilib. Hazırda QSC-nin tətbiq etdiyi efir serveri yalnız xarici, özü də iri teleşirkətlərdə mövcuddur. 13 qeyri-xətti montaj stansiyasının istehsala buraxılması ilə telekanal lentsiz texnologiyaya doğru addım atılıb. Qabaqcıl TV-lərdə olduğu kimi, server sistemlərinin arasında ən yaxşısı hesab olunan «Omneon»dan istifadə edilməsinə başlanılıb.

8 və 10 kameralı müasir avadanlıqla təchiz edilmiş Səyyar Televiziya Stansiyaları (STS) alınıb. Yaponiya, Amerika, Avropa istehsalı olan rəqəmsal avadanlıq qurulmuş STS-lər standart və HD formatlarında işləyə bilir.

«Xəzər», «Bahar», «Qarabağ» və «Teleteatr» studiyalarının əsaslı təmirinə 2008-ci ildən başlanılıb. Onlar yeni, müasir texnoloji avadanlıqla təchiz olundu. İşıq cihazları, mexaniki hissələr, mühərrikləşdirilmiş pantoqraf və ştangetlər Almaniyanın «Sachtler», idarəetmə pultları isə ABŞ-ın «Strand Lighting» firmalarından gətirilib.

«Teleradio» İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən teleqüllə kompleksində yeni rəqəmsal stansiyanın quraşdırılması nəticəsində proqramların Avropa ölkələrinə keyfiyyətli yayımı təmin olunub. AzTV-nin verilişlərinin həmin stansiyadan Avropaya, eləcə də Şimali Amerikaya və Asiyaya yayımına başlanılıb. O zaman AzTV öz yayımında 4 peykin – «Hot Bird», «SESAT», «Qalaxy 25» və «Turksat 1C»nin xidmətindən istifadə edirdi. Görülmüş işlərin müsbət nəticəsi özünü çox gözlətməyib. 2007-ci ildə Avropaya yayımın texniki göstəricilərinə görə AzTV «Avropa keyfiyyəti» medalına layiq görülüb.

2013-cü il fevralın 7-də isə Azərbaycana məxsus ilk süni peykin Yerətrafı orbitə buraxılması kimi mühüm beynəlxalq hadisə baş verdi. Hazırda AzTV-nin verilişləri həm də «Azerspace-1» telekommunikasiya peyki vasitəsilə Avropaya və Asiyaya yayımlanır.

Yerli teleməkanda ən yaxşı studiyalara malik olsa da, dünya standartları QSC-də müasir tələblərə cavab verən yeni pavilyonların yaradılmasını tələb edirdi. AzTV rəhbərliyi bu mövzunu Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edərkən, dövlət başçısı əlavə korpusun tikilməsini məqsədəuyğun saydı. Beləliklə, məhz cənab Prezidentin dəstəyi və qayğısı nəticəsində Azərbaycan Televiziyasının beşmərtəbəli əlavə korpusunun tikilməsi barədə qərar qəbul edildi.

Yeni kompleks 2013-cü ilin oktyabrında təhvil verildi.Əminliklə demək olar ki, bu korpus QSC-nin maddi-texniki bazasının, deməli, imkanlarının gücləndirilməsi yolunda çox böyük uğurlu addım oldu. Korpusda əvvəlcə 3 studiya vardı: 800 kvadratmetrlik studiya – tok-şoular, ictimai-siyasi verilişlər, intellektual oyunlar; 450 kvadratmetrlik studiya – xəbərlər, informasiya proqramları; 290 kvadratmetrlik studiya – «İdman Azərbaycan» kanalının verilişləri üçün nəzərdə tutulmuşdu. Lakin bir müddət sonra ictimai-siyasi proqramların yayımlanması üçün daha bir studiyanın yaradılması ilə onların sayı 4-ə çatdırıldı.

İndi Azərbaycan Televiziyasının müasir texniki standartlara tam uyğunlaşdığını əminliklə söyləyə bilərik.

10 il öncə Azərbaycan Televiziyasında olanlar bu gün bu məkanı tanımır, televiziyanın istər infrastrukturu, istərsə də maddi-texniki bazası əhəmiyyətli dərəcədə dəyişib. Verilişlərin təqdimat, yayım və məzmun keyfiyyətində ciddi tərəqqi əldə olunub.

Dövlətçilik ideologiyasının təbliğində, milli-mənəvi dəyərlər sisteminin qorunub saxlanılmasında, dünya azərbaycanlılarına, xarici ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini çatdırmaqda misilsiz rol oynayan AzTV informasiya təhlükəsizliyi məsələsinə həssaslıqla yanaşır.

AzTV cəmiyyəti qızışdıran və çox zaman dezinformasiyaya xidmət edən «eksklüziv» xəbərləri deyil, dəqiq məlumatları yaymağa üstünlük verməklə, həmin məsələlərdə marağı olan qüvvələrin bu hadisələrdən sui-istifadə etməsinin qarşısının alınmasında böyük rol oynayır. AzTV, eləcə də «Mədəniyyət» və «İdman Azərbaycan» televiziya kanalları, ölkə teleməkanında müstəsna kanallardır ki, onların efirində kriminal məzmunlu televiziya süjetləri, «qan gölləri» nümayiş etdirilmir. Bununla da, AzTV antisosial hərəkətlərin, cinayətkarlığın artmasına rəvac verən təbliğat və təşviqata yol açmır. Ölkənin ictimai-siyasi həyatını işıqlandıran «Xəbərlər», «Həftə», «Günün nəbzi», «Əsas məsələ», «Bizim planet», «Kənd saatı» kimi analitik-informasiya proqramlarında informativ yüklü xəbərlərə və sağlam məntiqə söykənən təhlillərə, mütəxəssis rəylərinə və proqnozlara üstünlük verilir, yalnız və yalnız faktların dili ilə danışılır.

AzTV, eləcə də sonradan yaradılmış «Mədəniyyət» kanalı, elmin, maarifçiliyin, Azərbaycan dilinin, tarixinin, ədəbiyyat, mədəniyyət və incəsənətin əsl carçısına çevrilib.

Verilişlər televiziyanın məlumatlandırma, maarifləndirmə və əyləndirmə prinsiplərinə uyğun gəlməklə yanaşı, rəngarəngliyi ilə diqqəti cəlb edir, televiziya jurnalistikasının bütün janrlarını, həyatımızın bütün sahələrini əhatə edir. «Səhər», «Turan», «Karvan», «Ədəbi abidələr», «Yurd yeri», «Zamanla üz-üzə», «Dünya bir pəncərədir», «Qobustan», «Haqqın dərgahı», «Şahmat klubu» kimi uzunömürlü verilişlərin sırası «Poeziya», «Məclisi-üns», «Şəxsən siz», «Sözün sirri», «Sələflər və xələflər», «Birincilər», «Amfiteatr», «Kinoklub», «Avtoqraf», «Tərəfmüqabili», «Xəbər var», «İkinci plan», «Obyektiv», «Zamanla üz-üzə»,  «Rakurs», «Nəzərdən qaçırmayın», «Benefis», «Ekspressiya», «Ulduz oyunu», «Üç nöqtə», «Heyvanlar aləmi», «Harmoniya», «Hit-nyus», «Şans-taksi», «Sağlamlıq», «Zəka nuru», «Bağçılıq», «Vernisaj», «Daş nağılı», «Təhsil və tərəqqi», «Yeni əsr, yeni nəsil», «Ustadnamə», «Vətəndaş», «Zamanın sorağında», «Muğam axşamı», «Muğam dünyamız», «Dünya estradasının ulduzları», «Futbol-taym», «İdman icmalı», «Tay brek», «İdman və media», «Olimp» və sair bu kimi yeni proqram və verilişlərlə daha da zənginləşdirilib.

Başlanmış müsbət tendensiya sonradan «Azərbaycan dili», «Azərbaycan tarixi», «Musiqi xəzinəsi», «Ovqat», «Mühazirə», «İntellekt», «Min bir sual», «Kim? Harada? Nə vaxt?», «Breyn rinq», «Parlaq zəka», «61!», «Əlaçı», «Mən azərbaycanlıyam», «Tam fərqli», «Sevilənlər», «Bu axşam», «Yaradanlar və yaşadanlar» kimi keyfiyyətli verilişlərin meydana gəlməsinə səbəb oldu.

Xalqımızın başına gətirilən Qarabağ müsibəti və regionda gedən ağrılı proseslər üzündən mənəvi dəyərlərin və zövqlərin aşılandığı, qiymətdən salındığı bir dönəmdə bütün proqram və verilişlərdə maarifçilik xətti əsas götürülür. Həyata keçirilən layihələrin əksəriyyəti tamaşaçılara ağlı, erudisiyanı və məntiqi inkişaf etdirməyin, kitab oxumağın, sağlam həyat tərzi sürməyin vacibliyini, vətənpərvərliyi, xeyirxahlığı, mərhəməti və digər yüksək mənəvi keyfiyyətləri aşılayır.

2006-cı ildən 2015-ci ilədək AzTV-nin «Telefilm» Yaradıcılıq Birliyində 415 sənədli televiziya filmi çəkilib.

Son illər ərzində AzTV-nin Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə birgə əməkdaşlığı sayəsində bir sıra sənədli televiziya filmi – “İrəvan xanlığı”, «Şuşa», «Soyqırım: həqiqət və riyakarlıq», «Soyqırım: yeni səhifələr. Quba qirğını», «Tariximizin keşiyində» və sair ərsəyə gəlib.

AzTV-nin ictimai-siyasi proqramlar redaksiyasının ərsəyə gətirdiyi sənədli filmlər – «Müstəqillik – 20 il» (11 hissəli), «Əbədiyyət» (15 hissəli), «XXI əsrin salnaməsi» (15 hissəli), «Liderlik missiyası», «Böyük yolun davamçısı», «İntibah lideri», «Sovet imperiyasının gizlinləri. «Qriqoryanın işi» və sair də ictimaiyyət arasında böyük maraq doğurur.

Prezident İlham Əliyevin hakimiyyətinin ilk 8 illik dövrünü əhatə edən «İntibah lideri» filmi isə seyrçilərə «əsl sürpriz» oldu: «Bu filmin müsahibləri – dünyanın tanınmış siyasətçiləri – Abdulla Gül (Türkiyənin o dönəmdəki prezidenti),  Rəcəb Tayyib Ərdoğan (Türkiyənin o zamankı baş naziri və hazırkı prezidenti), Dmitri Medvedev (Rusiyanın o zamankı prezidenti və hazırkı baş naziri), Nursultan Nazarbayev (Qazaxıstan prezidenti), Mixeil Saakaşvili (o dövrdə Gürcüstan prezidenti), Trayan Basesku (Rumıniyanın həmin dönəmdəki prezidenti), Bronislav Komarovski (o zamankı Polşa prezidenti), Boris Tadiç (Serbiyanın o dönəmdəki prezidenti), Filip Vuyanoviç (Çernoqoriya prezidenti), Uilyam Heyq (o dövrdə Böyük Britaniyanın xarici işlər naziri), Günter Ottinger (Avropa İttifaqının enerji məsələləri üzrə komissarı), Hans Ditrix Genşer (Almaniyanın keçmiş xarici işlər naziri), Bill Şuster (ABŞ konqresinin üzvü), Mövlud Çavuşoğlu (Türkiyənin hazırkı xarici işlər naziri), tanınmış amerikalı politoloq Zbiqnev Bjezinski idi. Onlar İlham Əliyevin Azərbaycanın dinamik inkişafı ilə bağlı çoxşaxəli fəaliyyətinə yüksək qiymət verərək, bu cür nüfuzlu siyasətçi ilə ünsiyyətdə olduqlarından və əməkdaşlıq etdiklərindən məmnunluq duyduqlarını ifadə etdilər. Dünyanın bu qədər siyasətçisini bir filmə «sığışdırmaq» təşəbbüsü Azərbaycanın televiziya tarixində ilk dəfə həyata keçirilirdi. Bu cür layihənin gerçəkləşdirilməsinin məhz ölkənin əsas televiziyası sayılan AzTV-yə nəsib olması isə telekanalın kollektivi üçün qürurverici məqamlardan biri oldu».

Son 10 il ərzində AzTV yaradıcılıq baxımından əldə etdiyi üstünlükləri müxtəlif müsabiqə və festivallarda qazanılan mükafatlarla təsdiqləyib. «Mugam müsabiqəsi-2013», «Musiqi xəzinəsi» verilişı, «Sovet imperiyasının gizlinləri. Qriqoryanın işi» 3 seriyalı sənədli film «Humay» mükafatına, «Toğrul Nərimanbəyov», «Oxuyur Müslüm Maqomayev», «Heydər Əliyev Fondu – 10 il», «Vaqif Mustafazadə» sənədli televiziya filmləri, «1001 sual» proqramı «TEFİ» mükafatlarına layiq görülüb.

Şübhəsiz ki, müasir texnologiyanın sivilizasiyaya bəxş etdiyi mühüm kəşflərdən biri də televiziyadır. Bu gün televiziya hər bir evdədir, o, artıq qonaq deyil, hər bir ailənin üzvdür, kifayət qədər böyük miqysada ideoloji, mənəvi-psixoloji təsirə malik olan gücdür.

Bu vasitədən necə istifadə edildiyi, cəmiyyətin həyatında nə qədər əhəmiyyətli rol oynaması isə artıq televiziyanın, onun komandasının peşəkarlığından, işə yanaşma prinsiplərindən, qarşıya qoyduğu prioritetlərdən asılıdır. Bu baxımdan Azərbaycan Teleradiosunun rolu danılmazdır: AzTV cəmiyyətin həyatında, gənc nəslin təlim-tərbiyəsində, dövlətimizin maraqlarının müdafiəsində mühüm rol oynayan və ənənələri olan nəhəng bir efir məkanıdır. Həm də bir məktəbdir. Bu məktəbin yetirməsi olan böyük bir jurnalist ordusu Azərbaycan mediasında, müxtəlif informasiya vasitələrində Ana Televiziya və radiodan aldığı ruh, ideologiya, bilik və bacarıqlarla külüng vurur. O teleradio isə öz missiyasını davam etdirir: daha əzmlə, daha yaradıcı və müasir tələblərə uyğun şəkildə!

Vüsal Məmmədov