Analitika

İslahatlar təqdir edilir

02-11-2016 | 12:59        

  

Ölkəmizdə aparılan siyasi və iqtisadi islahatlar idarəetmənin təkmilləşdirilməsi iradəsinin ifadəsidir. Görülən təbdirlər şəffaflığı təmin etməyə, iqtisadiyyatın inkişafının təşviqinə, sosial fəallığa, özünüidarəetmənin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu istiqamətdə ardıcıl islahatlar həyata keçirilir. Aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir.

Bu günlərdə Dünya Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən ənənəvi “Doing Business 2017” hesabatını açıqlayıb.

Builki hesabatda Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, “Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ötən il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan hesabatda bir sıra göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb. Belə ki, ölkəmiz “Biznesə başlama” göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), “Xarici ticarətin aparılması” göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Bundan başqa, “Doing Business 2017” hesabatının “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib.

Bundan başqa, “Əmlakın qeydiyyatı” (22), “Kiçik investorların maraqlarının qorunması” (32), “Vergilərin ödənilməsi” (40), “Müqavilələrin icrasının təmin edilməsi” (44) göstəriciləri üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb.

Xatırlatmaq yerinə düşər ki, dövlət başçısının 2016-cı il 21 may tarixli fərmanı ilə   “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları” təsdiq edilib. Həmin qaydalar “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 4 mart tarixli sərəncamının 3.2-ci bəndinin icrası ilə əlaqədar hazırlanıb. Bu qaydaların məqsədi gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi, o cümlədən risk qiymətləndirilməsinin nəticələri əsasında, avtomatlaşdırılmış elektron informasiya sisteminin   imkanlarından yararlanmaqla, qarşıya çıxa biləcək təhlükənin səviyyəsinin əvvəlcədən müəyyənləşdirilməsi, gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılmasından ibarətdir.

Göründüyü kimi, Azərbaycan “Biznesə başlama” indeksi üzrə sadələşdirməyə görə dünyada ilk 5-likdədir. Bu, xüsusilə son bir neçə ildə aparılan islahatların nəticəsidir.

Vergilər sahəsində dövlət və biznes subyektləri arasındakı münasibətlərdə də sadələşdirmələr davam etdirilib. Hazırda vergi ödəyicilərinin təxminən 90 faizinin vergi bəyannamələri elektron şəkildə təqdim edilir. Artıq vergi ödənişləri plastik kartlarla internet üzərindən də həyata keçirilir, dünya təcrübəsində ən mütərəqqi yeniliklərdən olan “e-audit” və “Asan imza” kimi mühüm layihələr   Azərbaycanın vergi sistemində uğurla reallaşdırılır. Dünya Bankının qiymətləndirmələrinə görə, respublikamız  hazırda “e-qeydiyyat” sisteminin uğurlu tətbiqi üzrə dünyanın aparıcı dövlətləri sırasındadır.

Beləliklə, demək olar ki, elə bir istiqamət yoxdur ki, ölkəmiz öz mövqelərini yaxşılaşdırmış olmasın.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR