Analitika

Turistlər bizi seçir

25-10-2016 | 16:31        

  

Ölkə iqtisadiyyatının diversifikasiya tədbirlərindən biri kimi, həm də mövcud potensialınəzərə alaraq turizmin inkişafı Azərbaycan üçün prioritetlər sırasındadır. Qeyri-neft sektorunda turizmin payı ildən-ilə artır. Görülən tədbirlər, beynəlxalq səviyyədə aparılan təbliğat, PR menecmenti sayəsində ölkəmizə maraq göstərən turistlərin sayı artmaqda davam edir.

“Bu, ölkəmizə böyük valyuta gətirir”

Turizmin inkişafı sayəsində, şübhəsiz ki, ölkə iqtisadiyyatı qazanır, ölkəyə valyuta daxil olur.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son toplantısındakı çıxışı zamanı bu sahəyə xüsusi diqqət ayırması təsadüfi deyildi. Ardıcıl olaraq turizmin inkişaf dinamikasını nəzarətdə saxlayan, bu istiqamətdə ardıcıl islahatlar, tədbirlər həyata keçirən dövlət başçısı bu sahənin hazırkı vəziyyəti və inkişaf perspektivlərindən nikbinliyini ifadə etdi:

...elə şimal qonşumuzdan gələnlərin də

“Biz gördük ki, həyata keçirilən tədbirlər və aparılan islahatlar bu il turizmin axınına çox böyük təkan verib. Xüsusilə ərəb ölkələrindən gələnlərin sayı 20-30 dəfə artıb. Yay aylarında bizim otellərin çoxunda boş yer yox idi. Yəni, bu, ölkəmizə böyük valyuta gətirir. Ola bilər bu, bizim üçün yenilikdir. Bəlkə insanlar da buna öyrəşməyiblər. Ancaq bütün inkişaf etmiş ölkələrdə böyük turizm axını müşahidə olunur. Turizm axını o ölkələrin inkişafı, təhlükəsizliyi, xalqlarının qonaqpərvərliyi deməkdir. Bizdə də bunların hamısı var. Xalqımız qonaqpərvərdir, təhlükəsizlik təmin edilir, gözəl tarixi, mənzərəli yerlərimiz və müasir infrastrukturumuz var. Vaxtilə bəziləri deyirdilər ki, Azərbaycanda, Bakıda bu qədər otel tikilir, kimə lazımdır? Artıq biz gördük ki, lazımdır və nə ediriksə düz edirik. Ancaq indiki şəraitdə biz gərək potensial turizm axınını hesablayaq. Çünki biz indi “ASAN viza” sisteminə keçirik. Cəmi 3 gün ərzində elektron vizalar veriləcək. Ona görə turizmin axını daha da güclü olacaq. Hamımız yaxşı görürük ki, “Formula-1” yarışlarının buna nə qədər böyük xeyri oldu. Ona görə, bizim otel infrastrukturu bu inkişafla ayaqlaşmalıdır. Sahibkarlar da bunu eşitsinlər, yerli icra orqanları, Mədəniyyət və Turizm Nazirliyi şərait yaratsın ki, həm Bakıda, həm bölgələrdə otellərin sayı çoxalsın”.

Turistlərin sayı nə qədər artıb?

Son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin apardığı təbliğat işlərinin gücləndirilməsi, ölkəmizin turizm potensialının daha geniş şəkildə təbliğ etdirilməsi məqsədilə xarici ölkələrdə təmsilçi ofislərin fəaliyyətə başlaması, eləcə də bir sıra xarici ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanının yaradılması ölkəmizə gələn xarici turistlərin sayının artmasına təsir göstərib.

Aparılan təhlillər zamanı məlum olub ki, 2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 1 719 015 nəfərə çatıb, bununla da keçən ilin müvafiq dövrü ilə müqayisədə 169 430 nəfər (10.9%) çox olub. Cari ilin 9 ayı ərzində təkcə BƏƏ-dən Azərbaycana səyahət edənlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 dəfə artım müşahidə edilib. Digər tərəfdən, keçən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində Rusiya Federasiyası (7.6%), Qazaxıstan (17.2%), İran (62.9%) və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayında artım baş verib. Bununla yanaşı, yay mövsümü ərzində ölkə daxilində istirahət edən turistlərin sayında da artım müşahidə edilib. Belə ki, 2016-cı ilin yay mövsümü ərzində ölkəmizin regionlarında istirahət edən yerli və xarici turistlərin sayı 751 353 nəfər olub, bununla da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 23.5% artıb.

Cənub qonşumuzdan gələnlərin sayı artıb

Bu ilin yanvar-sentyabr aylarında İrandan Azərbaycana gələn turistlərin sayı 30 faiz artıb.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Masallıda “Cənub bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən regional müşavirədə deyib.

Ə.Qarayev bu ilin doqquz ayında ötən ilin müvafiq dövrünə nisbətən ölkəmizə gələn turistlərin sayının artdığını vurğulayıb.

Ə.Qarayev bildirib ki, Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ölkəmizdə turizmin inkişafı ilə bağlı qarşıya yeni məqsəd və vəzifələr qoyur: "Ölkə başçısının diqqət və qayğısı sayəsində turizm sahəsində aparılan islahatlar artıq intensiv xarakter alıb. Bu tədbirlərin ölkə üzrə balanslaşdırılmış şəkildə həyata keçirilməsi, mövcud potensialın hərəkətə gətirilməsi regionların sosial-iqtisadi inkişafının yüksəlməsinə, habelə Azərbaycanın daha geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradır".

Rusiyanın “kayak.ru” axtarış saytı bu ilin qış mövsümündə rusiyalılar arasında ən populyar turizm istiqamətlərinin reytinq cədvəlini tərtib edib. Məlum olub ki, Rusiya sakinləri arasında ən populyar istirahət məkanı Azərbaycandır.

Axtarış saytının məlumatına görə, Bakıya təyyarə ilə gedib-gəlmək rusiyalılara 7 569 rubla başa gəlir. Tbilisiyə biletlərin qiyməti 13 227 rubl, Yerevana isə 14 079 rubldır. Uzaq ölkələr arasında populyar istiqamət Tel-Əvivdir. Bu şəhərə uçuşun qiyməti 19 261 rubl təşkil edir.

“KAYAK” müxtəlif turizm resursları üzrə axtarış saytıdır. Sayt və saytın mobil əlavəsi ildə 1,5 milyarddan çox turist sorğusunu cavablandırır. “The Priceline Group”un müstəqil bölməsi olan şirkətin 20 dildə 40 beynəlxalq saytı fəaliyyət göstərir. Sayt rusiyalıların axtarış sorğularının təhlili əsasında populyar istiqamətləri müəyyən edir, eləcə də daha münasib variantlar təklif edir.

Bu arada Rusiyanın “Rossiya-24” televiziya kanalında Azərbaycan haqqında veriliş yayımlanıb.

26 dəqiqəlik “İşgüzar səyahət” verilişində Azərbaycanın inkişafı, turizm imkanları, zəngin tarixi-mədəni irsi, ölkəmizdə idman, mədəniyyət sahələrinə göstərilən qayğı, mətbəximiz barədə ətraflı məlumat verilir. Ölkəmizin ayrı-ayrı rayonlarında, görməli məkanlarında çəklişiş aparan müəllif sonda vurğulayır ki, azərbaycanlılar öz tarixlərini sevirlər və ənənələrinə sadiqdirlər. Min ildən artıq yaşı olan çövkən oyununa ölkəmizdə olan maraq bunu bir daha sübut edir.

Müəllifin toxunduğu daha bir mövzu isə ölkəmizdə neft sektorundan əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsidir.

Veriliş bu fikirlə yekunlaşır: “Möhtəşəm idman tədbirləri, festivallar, qlobal forumlar, müasir kurortlarla yanaşı, azərbaycanlıların qonaqpərvərliyi və səmimiyyəti ölkəni turistlər, idman azarkeşləri və biznesmenlər üçün daha da cazibədar edir”.

Vüsal Məmmədov