Analitika

Dağlıq Qarabağ münaqişəsi: Azərbaycanın mövqeyi dəyişməzdir

20-10-2016 | 11:57        

  

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar davam edir. Münaqişə ilə bağlı Azərbaycanın mövqeyi əvvəllər olduğu kimi konstruktivdir və beynəlxalq hüquqi sənədlərə əsaslanır. Azərbaycan sülh danışıqlarına sadiqdir, Ermənistan isə destruktiv mövqedə qalır və status-kvonun bir qədər də davam etməsi üçün manipulyasiyalarını davam etdirir.

Son günlər ərzində bir çox toplantılarda, görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsinə toxunub, danışıqların gedişatı, son vəziyət barədə məlumat verib.

Bu çıxışların xronikası və mətni həm münaqişə ilə bağlı danışıqların hansı mərhələdə olması, həm də tərəflərin mövqeyi barədə aydın təsəvvür yaradır. Gəlin, bu məqamları nəzərədn keçirək:

  • Oktyabrın 7-də keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyev:

- Bu il bizim beynəlxalq mövqelərimiz möhkəmlənib. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib. Bu təşkilatlar arasında iki təşkilatı xüsusilə qeyd etmək istərdim. Biri İslam Əməkdaşlıq Təşkilatıdır ki, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaratmışdır. Kontakt qrupu artıq öz işinə başlayır. Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu. Bu yaxınlarda Qoşulmama Hərəkatının - BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur.

- Bu il aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə etmişdir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik.

Aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar. Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur.

Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq.

Siz yəqin ki, Amerikadan səslənən son bəyanatı da eşitmisiniz, oxumusunuz, Azərbaycan ictimaiyyəti də bunu bilir. Bu, yumşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz. Düzdür, indi müxtəlif bəyanatlar verilir ki, bu ifadələr kontekstdən çıxarılıb, düzgün başa düşülməyib. Biz hər şeyi yaxşı başa düşürük və bu gün internet dövründə yaşayırıq. Haradasa bir kəlmə deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə bəyanatları qəbul etmirik. Hesab edirik ki, tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər. Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik.

  • Prezident İlham Əliyev “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova “Sputnik Azerbaydjan” üçün müsahibəsində də Dağlıq Qarabağ münaqişəsindən bəhs edib:

Jurnalistin“Kompromis mümkündürmü və hansı şərtlərlə mümkündür?” sualına cavabında prezident deyib:

- Bilirsiniz, kompromis deyəndə nə nəzərdə tutulduğunu və hansı tərəfin onu necə yozduğunu dəqiq anlamaq lazımdır. Nə etmək lazım olduğunu demək üçün nə baş verdiyini bilmək lazımdır: əgər tarixi götürsək, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həmişə belə olub. Biz erməni əhalinin İrandan, Şərqi Anadoludan bu torpaqlara kütləvi şəkildə köçürülməsinin tarixini bilirik. Bütün tarix, bütün toponimlər, o cümlədən Qarabağ sözünün özü də Azərbaycan mənşəlidir. Sovet illərində orada artıq köçürülmüş erməni əhali olması ilə əlaqədar muxtar vilayət yaradılmışdı, bu, heç respublika da deyildi, onun Ermənistanla inzibati sərhədi yox idi və hər şey normal idi, həyat öz axarı ilə gedirdi, ciddi problemlər yox idi. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə Dağlıq Qarabağ Azərbaycanın bir sıra başqa regionlarını qabaqlayırdı, yəni, oraya diqqət yetirilməməsi barədə danışmaq ədalətsizlik olardı. Xüsusən ona görə ki, bu cür muxtariyyətlərə mərkəzi hakimiyyət orqanları da xüsusi münasibət bəsləyirdi. Lakin Sovet İttifaqının dağılması ərəfəsində orada separatçı meyillər üstünlük təşkil etdi, bütün bunlar qan tökülməsi ilə nəticələndi. Azərbaycanlıları əvvəlcə Dağlıq Qarabağdan qovdular, orada təxminən 30 faiz azərbaycanlı vardı. Sonra Azərbaycanın Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan yeddi rayonunu işğal etdilər, həmin rayonlarda yalnız azərbaycanlı əhali yaşayırdı, orada hər şey dağıdıldı. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərdi, onların hesabatı lap dəhşətlidir: orada bircə bina da salamat qalmayıb, qəbiristanlıqlar, məscidlər hamısı yerlə-yeksan edilib. Dağlıq Qarabağ hüdudlarındakı ərazilərdən 750 min, Dağlıq Qarabağdan 40 mindən çox, Ermənistandan 200 mindən artıq azərbaycanlı qovulub. 1993-cü ildə yoxsul ölkədə 1 milyon qaçqın vardı. Praktiki olaraq bütün beynəlxalq təşkilatlar düzgün qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb edilir. Lakin 20 ildən çoxdur ki, bu qətnamələr icra edilmir. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı – hamısının mövqeyi identikdir: beynəlxalq hüquq bizim tərəfimizdədir. Ermənistan da daxil olmaqla, dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı tanımır. Bütün bunlar belədir, lakin məsələ həll edilmir. Bunun nə üçün həll edilməməsinin əsas səbəbi odur ki, Ermənistan həll olunmasını istəmir. Çünki həll etmək nə deməkdir? – Həll etmək Ermənistanın zəbt etdiyi ərazinin işğaldan azad olunması deməkdir. Ermənilər bunu etmək istəmirlər, onlar status-kvonu dəyişməz saxlamaq istəyirlər. Hərçənd nizamlanma ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa – bu ölkələrin prezidentləri şəxsində dəfələrlə deyiblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Lakin təəssüf ki, məsələ bu cür bəyanatlardan uzağa getmir.

Biz münaqişənin həllini necə görürük: əlbəttə, Azərbaycanın ərazi bütövlüyü diskussiya mövzusu deyil və ola da bilməz. Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasını belə görürük. Bu, bizim hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə həmahəngdir. Lakin münaqişənin nəyə görə nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan artıq 24 ildir, Minsk qrupu yaradıldığı andan danışıqlar prosesinin azacıq da olsa irəliləməsinə müxtəlif yollarla mane olur. Bizim mövqeyimiz belədir ki, insanlar harada yaşayırdısa, orada da yaşamalıdırlar. Çünki onlar həmin yerlərdə çoxdan yaşayırdılar - erməni əhalisi 200 il, azərbaycanlı əhali isə çox-çox əvvəl. Lakin məsələ hətta bunda da deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi. Onların hamısı oradan qovulub. Onların evləri ya zəbt edilib, ya da dağıdılıb. İndi onların evlərində başqaları yaşayırlar. Buna son qoymaq lazımdır. Dağlıq Qarabağın erməni əhalisi orada necə yaşayırdısa, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Bəs Ermənistan bu münaqişədən nə qazanıb? Bəli, bir milyon azərbaycanlıya əzab-əziyyət verilib. Lakin məgər onlar özləri buna görə daha da xoşbəxt olublarmı? Məgər orada vəziyyət daha təhlükəsiz, daha firavan olub? Əlbəttə, yox. Azərbaycanla münasibətlər normallaşdırılmadan bu regionda inkişaf ola bilməz, onlar daim müəyyən təzyiq altında yaşayacaqlar, fikirləşəcəklər ki, birdən nə isə ola bilər. Biz regionda sülh istəyirik və bizim mövqeyimiz kifayət qədər konstruktivdir. Lakin biz öz ərazilərimizi istəyirik. Ermənistan sülh istəyir, amma o, özgə ərazilərini qaytarmaq istəmir. Fərq, bax, bundadır.

  • Ötən həftə Azərbaycanın yaxın müttəfiqi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfəri zamanı da münaqişə diqqət mərkəzində idi:Prezident İlham Əliyev mətbuat üçün bəyanatında deyib:

- Biz beynəlxalq təşkilatlarda - BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda hər zaman bir-birimizi dəstəkləyirik. Biz Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Həmçinin Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Təəssüf ki, onilliklər bundan əvvəl qəbul edilmiş bu qətnamələr yerinə yetirilmir. Bu, ikili standartlarla yanaşmanın göstəricisidir. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Bizə gəldikdə isə bu qədər uzun müddət çəkir. Ölkələrimiz üçün bu ağrılı məsələlərlə bağlı qarşılıqlı dəstəyimiz də bizi birləşdirir. Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımadı və Ermənistanla diplomatik əlaqələr qurmadı. Bu, qardaşlığın göstəricisidir. Azərbaycan xalqı bu qardaşcasına yanaşmanı yüksək qiymətləndirir. Biz, həmçinin minnətdarıq ki, 2012-ci ildə Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıdı. Bu, dostluq və tərəfdaşlığın daha bir göstəricisidir. Ona görə də Azərbaycan xalqı Sizin ölkəni sevir. Biz bu dəstəyə görə çox minnətdarıq və öz tərəfimizdən hər zaman hər məsələdə sizi dəstəkləyirik.

Vüsal Məmmədov