Analitika

Məcburi köçkün siyasətində mütərəqqi Azərbaycan modeli

14-10-2016 | 10:48        

  

Ölkəmiz üçün başlıca prioritet heç şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Prezident İlham Əliyev bu istiqamətdə bütün təsir vasitələrindən istifadə edir, beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların diqqətini bu məsələyə yönəldir, bütün tribunalardan Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları, Azərbaycanın məruz qaldığı işğal faktını diqqətə çatdırır. Münaqişənin həlli üçün diplomatik səylərlə yanaşı hərbi yol da istisna edilmir: Azərbaycan bu variantdan istifadə hüququnu da əlində saxlayır, hərbi qüdrətini artırır.

Bütün bunlarla yanaşı Azərbaycan münaqişənin sağalmaz təsirlərinin minimuma endirilməsi üçün bütün imkanlardan istifadə edir, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli üçün dövlətimiz tərəfindən ardıcıl tədbirlər görülür.

Bu yöndə həyata keçirilmiş dövlət proqramları çərçivəsində 6,2 milyard manatdan çox vəsait sərf olunub. Təkcə, bu göstərici dövlətin bu istiqamət üzrə siyasi iradəsini, yanaşmasını ölçməyə imkan verir.

Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərinin bundan sonra da diqqət mərkəzində olacağını bildirib. Sitat: “Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzindədir... Hesab edirəm ki, 2017-ci ildə bu məsələləri daha da sürətlə həll etmək üçün biz iki yolla getməliyik. Əlbəttə, yeni qəsəbələr salınmalıdır, salınır. Eyni zamanda, yeni binalar tikilməlidir, satılmayan mövcud mənzillər dövlət tərəfindən alınmalıdır və köçkünlərə verilməlidir. Beləliklə, biz ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemlərini daha da tez bir zamanda həll edə bilərik”.

Yuxarıda qeyd edilən vəsaitin 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.

Şəhər və rayonlar tərəfindən bu məqsədlə ayrılmış yararsız ərazilər salınmış qəsəbələr hesabına tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib və bu ərazilər yaraşıqlı yerlərə çevrilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib. Görülən bütün bu işlərin və sərf olunan vəsaitin 90 faizi son 13 ilə aiddir.

Xüsusilə vurğulamaq olar ki, dünyada maliyyə problemlərinin hökm sürdüyü bir zamanda Dünya Bankı ilə 78,5 milyon ABŞ dolları dəyərində, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən yeni Saziş imzalanıb.

Bu ilin proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.

Məhz bu il ölkəmizdə mövcud olan 16 fin tipli qəsəbənin sonuncusunun ləğvi başa çatdırılacaq.

***

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlət başçısına məruzəsində bildirib ki, komitə tərəfindən məcburi köçkünlərə sosial müavinət və kommunal xidmət xərclərinə görə ödənişlərin təkmilləşdirilməsi, vahid elektron hökumət portalının yaradılması nəticəsində son 5 ildə, statusları saxlanılmaqla, bəzi məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılıb. 2010-cu il ilə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılıb.

Məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə təkliflər zərfi hazırlanaraq Baş nazirə təqdim edilib. Yaxın günlərdə məsələnin Baş nazirin yanında aidiyyəti nazirlik və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur.

Yeni qaydalar 2017-ci il yanvar ayının əvvəlindən tətbiq ediləcək. Bunun üçün hüquqi sənəd – Nazirlər Kabinetinin qərarı qəbul ediləcək. Yemək xərci müavinəti ilə bağlı yeni qaydalar isə hazırlanaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib.

Kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə veriləcək və bunun icrasına 2017-ci ilin yanvarında başlanılacaq.

Məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətlərin istifadəsində yeni təkmilləşdirilmiş mexanizmin tətbiqi nəticəsində əldə olunan vəsaitin, sosial ədalət prinsipi təmin edilməklə, imkanı nisbətən zəif olan və ağır şəraitdə yaşayan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməsi üçün müvafiq tədbirlər görüləcək. 

Bütün xərclər vahid plastik kartla ödəniləcəyi halda, aidiyyəti xidmət təşkilatları məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları yataqxana, pansionat, tikintisi yarımçıq qalmış binalar və s. obyektlərdə qısa müddətdə fərdi sayğaclaşma işlərini təmin etməlidirlər. Bu isə 94 min abonent deməkdir.

Son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. Nəticədə məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb.

Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədi ilə 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb.

Yeni salınmış bəzi qəsəbələrdə əkin və örüş sahələri ilə təmin olunmuş məcburi köçkünlər arasında müvafiq maarifləndirmə işləri aparılır ki, onlar dövlət təminatından, ələbaxımlıqdan uzaqlaşaraq özünütəminata keçsinlər.

***

Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı siyasəti bütün dünya üçün model ola bilər. Bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin dəfələrlə qeyd etdiyi kimi, BMT-nin Qaçqınların İşi üzrə sabiq ali komissarı və artıq BMT-nin baş katibi seçilmiş Antonio Quterreş ölkəmizə səfərləri və İcraiyyə Komitəsinin sessiyalarındakı çıxışları zamanı Azərbaycan Prezidentinin bu sahədə gördüyü işlərin və dövlətimizin təcrübəsinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu dəfələrlə vurğulayıb.

Nəhəng Avropa hazırda miqrantların yerləşdirilməsi, təmin olunmasında həll yolları axtarır, ancaq ciddi çətinliklə üz-üzə olduğunu etiraf edir. Yaranmış vəziyyətə yerli cəmiyyətlərin münasibəti kəskinləşir, ksenofobiya, irqi və dini ayrı-seçkilik güclənir, xoşagəlməz hadisələr baş verir, miqrantlara hücum faktları bir-birini əvəz edir. Azərbaycan 90-cı illərin əvvəllərində - hətta iqtisadi imkanlarının olduqca zəif olduğu illərdə belə 1 milyon qaçqın və məcburi köçkünü qarşılayaraq, yerləşdirdi və tədricən onlarıın sosial problemlərini həll etdi. Xüsusilə qeyd etmək olar ki, bu illər ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb. Və bütün bu illər ərzində qaçqın və məcburi köçkünlərlə bağlı cəmiyyətdə heç bir fikirayrılığı olmayıb, dövlətin bu sahədə siyasəti ardıcıl, məqsədyönlü xarakter daşıyıb və bu siyasət daim ictimai fikirdə dəstəklənib.

Vüsal Məmmədov