Analitika

Xammaldan son məhsuladək…

10-10-2016 | 10:13        

  

Dünya neft bazarında baş verən kataklizmlər, neftin qiymətinin kəskin ucuzlaşması dünya iqtisadiyyatını, xüsusilə neft ixracatçılarını yeni çağırışlarla üz-üzə qoydu. Azərbaycan da öz siyasətini yeni vəziyyətə uyğunlaşdıraraq qeyri-neft sektorunun inkişafını, iqtisadiyyatının diversifikasiyasını prioritetə çevirdi. Artıq ölkəmiz sənaye sahələrinin və kənd təsərrüfatının inkişafı sahəsində ciddi nailiyyətlər əldə edib. Ancaq dövlət başçısının tələbləri daha uzunmüddətli, strateji xarakter daşıyır.

Qeyri-neft sektorunun inkişafı üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən ardıcıl tədbirlərin əsas hədəflərini belə təsnifləşdirmək olar:

  • Ərzaq təhlükəsizliyinin təmin olunması
  • İdxalın azalması
  • Xaricə valyuta axının həcminin xeyli dərəcədə azalması
  • Yeni iş yerlərinin açılması
  • Xarici investisiyaların cəlb olunması
  • Daha sağlam, təhlükəsiz məhsullaırn istehsalı
  • İxrac potensialının yaradılması və realizəsi, beləliklə də ölkəyə bu yolla vəsaitin daxil olması

Dövlət başçısı 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı qeyri-neft sektorunun inkişafı ilə bağlı proqram xarakterli çıxış etdi. Sitat: “Sənaye sahəsində icrada olan və planlaşdırılan layihələr bizə böyük xeyir gətirəcək. Minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq və biz qeyri-neft ixracımızı artıracağıq. Əsas məsələ bundan ibarətdir. Bu gün neftin qiyməti 50 dollardır. Keçən ay 40 dollar idi. İlin əvvəlində 30 dollara düşmüşdü. Yəni, biz buna baxıb öz gələcəyimizi planlaşdıra bilmərik. Ona görə, neft ixracının azaldılmasını biz qeyri-neft ixracı ilə əvəzləməliyik. Bu sahədə sənaye və kənd təsərrüfatı əsas istiqamətlərdir.Kənd təsərrüfatı sahəsində artıq dönüş yaranıb. Müxtəlif sahələr üzrə konkret proqramlar, layihələr icra edilib, böyük vəsait, texnika ayrılıb. Subsidiyalarda düzəlişlər edilir. İndi subsidiyalar fermerləri stimullaşdıracaq. Bu il bu sahədə bir sınaq ili idi. Əminəm ki, yaxşı nəticələr olacaq”.

Prezidentin toxunduğu istiqamətləri nəzərdən keçirək:

Metallurgiya

Yaxın gələcəkdə ölkəmizdə böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Dövlətimizin başçısı bildirdi ki, baxmayaraq ki, Daşkəsən filiz yataqları kimi resurs bazamız var, ancaq bu gün o yataqlardan çox səmərəsiz istifadə olunur, çıxarılan filiz sadəcə olaraq xammal kimi xaricə satılır: “Yaxın aylarda biz o sahənin işini təmin edə bildik. Əfsuslar olsun ki, orada aylarla iş aparılmırdı. İnsanlar işsiz qalmışdılar, böyük borclar yaranmışdı. İndi orada sağlamlaşma prosesi gedir və biz bu böyük təbii resursdan çox səmərəli şəkildə istifadə etməliyik. Buna görə, bir neçə zavoddan ibarət olacaq yeni böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Böyük vəsait qoyulacaq və biz elə etməliyik ki, xammaldan son ən keyfiyyətli məhsula qədər Azərbaycanda istehsal olunsun və əminəm ki, istehsal olunacaq”.

Pambıqçılıq

Prezident pambıqçılıqla bağlı işlərin 24 rayonda uğurla getdiyini və bu il 100 min ton, gələn il 250-300 min ton, ondan sonrakı illərdə daha da çox pambıq tədarük olunmalı olduğunu qeyd etdi: “Biz çalışmalıyıq ki, sovet dövrünün ən yaxşı illərində istehsal etdiyimiz səviyyəyə yavaş-yavaş yaxınlaşaq. Bu, iş yerləri deməkdir. Təkcə bu il pambıqçılıqda 70 minə yaxın insan işləyir. Gələn il biz əkin sahələrimizi iki, yaxud 2,5 dəfə artırsaq bu sahədə 100 mindən çox, bəlkə də 150 min insan işlə təmin ediləcək. Burada da gələcək planlarımızı nəzərə alaraq indidən tədbirlər görməliyik. Mənə verilən məlumata görə, bizim pambıqtəmizləmə zavodlarımızın həcmi 300-350 min tondur. Biz bu rəqəmə ola bilər 2018-ci ildə, bəlkə də tez çatacağıq. Ona görə, bizdə yeni pambıqtəmizləmə zavodları tikilməlidir. Artıq İqtisadiyyat Nazirliyinə göstərişlər verilib, özəl sektor da, əlbəttə ki, bu işə qoşulmalıdır. Onların harada qurulması üçün yerlər müəyyən edilməlidir ki, biz sonra vaxt itirməyək.

Biz subsidiyaların verilməsində də ciddi addımlar atdıq. Bu yaxınlarda əlavə vəsait ayrıldı. Ondan əvvəl pambığın alış qiyməti 40 qəpikdən 50 qəpiyə qaldırıldı. Yəni, biz bunu ona görə edirik ki, o ağır sahədə işləyənlər daha yaxşı pul alsınlar. On qəpik artım artıq orada işləyənlərin gəlirini iki dəfə artıracaq. Eyni zamanda, biz indi elə bir mexanizm işləmişik ki, bu, kəndliləri, fermerləri stimullaşdıracaq və onlar özləri buna daha böyük maraq göstərəcəklər”.

Taxılçılıq

Təəssüf ki, taxılçılıq sahəsinin mövcud potensialından kifayət qədər istifadə edə bildiyimizi söyləyə bilmərik. Dövlət başçısı bu istiqamətlə bağlı narahatlığını ifadə edir. Sitat: “Bununla yanaşı, bizim kənd təsərrüfatında zəif yerimiz olan taxılçılıqdır. Biz özümüzü taxılla təqribən 65 faiz təmin edirik. Son vaxtlar böyük fermer təsərrüfatları yaradılıb və o təsərrüfatlarda məhsuldarlıq orta məhsuldarlıqdan təqribən iki dəfəyə yaxın çoxdur. Buna baxmayaraq, biz yenə də idxaldan asılıyıq. Azərbaycana hər il bir milyon tondan çox taxıl, buğda gətirilir. Ona görə, indi yeni layihələr işə düşür və çalışmalıyıq ki, biz özümüzü 100 faiz səviyyəsində taxılla təmin edək. Bu, mümkündür. Həm məhsuldarlığı intensiv yollarla artırmaqla, suvarma işlərini düzgün qurmaqla, həm də ki, yeni əkin sahələrini dövriyyəyə buraxmaqla biz buna nail ola və idxaldan asılılığı əhəmiyyətli dərəcədə azalda bilərik”.

Baramaçılıq

Bu il 24 rayonda baramaçılıq inkişaf edib və yaxşı nəticələr var, 70 ton barama tədarük olunub. Baramaçılığa subsidiyalar verilib. Şəki ipək kombinatı artıq işləyir, yüzlərlə insan orada işə cəlb edilib. Orada yenidənqurma işləri aparılmalıdır. Bu kombinat daha çox barama qəbul etməyə qadirdir. Prezident ümidvar olduğunu bildirdi ki, yaxın 2-3 ildə biz minlərlə ton barama tədarük edə bilərik. “Hələlik bu işlər 24 rayonda gedir. Gələcəkdə daha çox rayonlarda gedəcək və insanlar 40-45 gün ərzində yaxşı pul alacaqlar. Minlərlə manat alanlar var və bu da insanların güzəranını yaxşılaşdırır. Biz çalışmalıyıq ki, burada da hazır məhsulu ixrac edək və əminəm ki, buna nail olacağıq. Bu işlərin səmərəli şəkildə qurulması üçün 3,5 milyon manat yardım göstərilib” – deyə prezident əlavə etdi.

Üzümçülük

Məlumdur ki, ölkəmiz üçün böyük potensialı olan, vaxtilə geniş yayılmış ənənəvi sahələrdən biri də üzümçülükdür. Lakin təəssüf ki. Sonradan bu sahələr ləğv olundu. Prezident bu tarixi səhvi şərh edərək bildirdi ki, Sovet vaxtında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınan bağların çoxu əfsuslar olsun ki, qırılıb. O vaxt bu, Qorbaçovun kampaniyası nəticəsində olmuşdur. O da nədənsə ancaq Azərbaycanda olmuşdur. Başqa respublikalarda isə üzüm bağlarını saxlayıblar. Bizdə isə o vaxt burada rəhbərlik edənlər dəridən-qabıqdan çıxırdılar ki, Qorbaçovun xoşuna gəlsinlər və bunun nəticəsində də üzüm bağlarımız ləğv olundu. Eyni zamanda, onu da qeyd etməliyik ki, əfsuslar olsun, ondan sonra da üzümçülüyə lazımi diqqət yetirilməmişdir. Mənə verilən məlumata görə, bu il təqribən 150-160 min ton üzüm yığılacaq. Halbuki sovet dövründə ən yaxşı vaxtlarda 1 milyon 700 min ton-2 milyon ton üzüm yığılırdı. Biz üzümçülüyü mütləq şərabçılıq ilə bağlamalıyıq. Əfsuslar olsun ki, biz dünyanın şərab bazarlarına çıxa bilməmişik. Baxmayaraq ki, bir neçə şərab zavodu tikilib və onlar görünür ya özləri maraq göstərmirlər, ya da imkanları yoxdur. Ancaq biz dünya bazarlarına öz şərabımızla çıxmalıyıq. Necə ki, vaxtilə Rusiya bazarına çıxmışıq. İndi biz, bildiyimə görə, heç Rusiya bazarına da əhəmiyyətli dərəcədə şərab ixrac etmirik. Amma bu, çox gəlir gətirən sahədir, xüsusilə kəndlilər üçün.

“Yeni üzüm bağları salınır, dinamika müsbətdir. Ancaq burada dövlət dəstəyi daha da güclü olmalıdır, yerlər müəyyən edilməlidir. Bu, həm məşğulluqdur, həm də ki, valyuta gətirən bir sahədir. Şərabçılıq deyəndə, əlbəttə ki, mən ilk növbədə ixracı nəzərdə tuturam. Şərabçılığın inkişafı ölkədə alkoqollu içkilərin istehlakına səbəb olmamalıdır. Çünki bizim xalqımız sağlam həyat tərzi sürməlidir. Eyni sözlər tütünçülüyə də şamil edilir. Bizim əhali nə qədər az siqaret çəksə, o qədər yaxşıdır. Bunun onların sağlamlığına, ailə büdcələrinə ancaq xeyri olacaq. Ancaq tütünçülüyün inkişafı bizə çox böyük imkanlar yaradacaq. Bu il keçən ilə nisbətən iki dəfə çox tütün istehsal ediləcək. Ancaq əlbəttə ki, bu rəqəm - 2500 ton bizi qane edə bilməz. Biz qısa müddət ərzində quru tütün istehsalını 10 min tona qaldırmalıyıq. Tütünçülüklə 14 rayonda məşğuldurlar. Bilirəm ki, bu yaxınlarda müəyyən edilən subsidiyalar rayon sakinlərini ruhlandırdı və dövlət də öz dəstəyini mütləq verməlidir. Quru tütünün ixracı ilə bağlı ciddi problemlər yoxdur. Ölkələr var ki, onu alırlar, gözləyirlər. Biz oraya daha da çox ixrac etməliyik və Azərbaycanda siqaretin istehsalını artırmalıyıq. Ona görə yox ki, bizim insanlar daha çox siqaret çəksinlər, ona görə ki, xaricdən az gəlsin. Ən çox valyuta xərclənən istiqamətlər taxıldır, siqaretdir, xam şəkərdir və kərə yağıdır. Ona görə biz yerli istehsalı artırmalıyıq və ixracı da təmin etməliyik” – deyə prezident bildirdi.

Şəkər çuğunduru

Bu sahədə də prioritet idxalın azaldılmasıdır. Prezident bildirir ki, bunu azaltmaq üçün şəkər çuğundurunun əkin sahələri mütləq genişləndirilməlidir. “Artıq göstərişlər verilib, yeni əkin sahələri müəyyən edilib. Bizə təqribən 40-50 min hektar torpaq sahəsi lazımdır ki, şəkər çuğunduru əkilsin və xam şəkərin, qamış şəkərin idxalından asılılığı aradan qaldıraq. Bu sahədə də çox ciddi işlər aparılmalıdır. Bizdə fəaliyyət göstərən şəkər zavodu yerli şəkər çuğunduru əsasında işləməlidir. Qamış şəkərini, xam şəkəri idxal etmək üçün 100 milyondan çox valyuta xaricə gedir. Düzdür, əgər bu zavod olmasaydı, onda xam şəkərin hamısı xaricdən gətirilərdi. Zavodun fəaliyyəti yüzlərlə insan üçün iş yeri yaradıb. Biz, eyni zamanda, hazır şəkəri ixrac edirik. Yəni, zavodun fəaliyyəti, təbii ki, müsbət haldır. Ancaq çox yaxşı olar ki, bu, yerli xammal əsasında işləsin. Ona görə şəkər çuğundurunun əkilməsi xüsusi əhəmiyyət daşıyır. Bunun əkilməməsi 100 milyon dolları xaricə aparır, əkilməsi isə 100 milyon dolları Azərbaycanda saxlayacaq. Çox sadə bir məsələdir” – deyə dövlətimizin başçısı əlavə edib.

Çayçılıq

Prezident bildirdi ki, bu sahə ilə bağlı indi ciddi işlər aparılır. Yeni texnologiyalar var ki, məhsuldarlığı kəskin şəkildə artırır. Burada da fermerlərə şərait yaradılmalıdır. Onlara da stimullaşdırıcı təkliflər verilməlidir ki, maraqlı olsunlar, cənub zonasında çayçılıq inkişaf etsin. Biz çayı da ixrac edirik, ancaq idxal da edirik. Yəni, daxili tələbat çoxdur. Ona görə çayçılığın inkişafı ilk növbədə idxalı azaldacaq. Azərbaycan çayı keyfiyyətlidir və biz öz çayımızla xaricə daha çox çıxmalıyıq.

Heyvandarlıq

Prezident bu sahədə son vaxtlar aparılan işlərədn razılığını ifadə etdi. Sitat: “Son vaxtlar heyvandarlıqla bağlı aparılan işlər təqdirəlayiqdir. Bu yaxınlarda mən Yalama Aqroparkının açılışında olmuşam. Bu, birinci belə aqroparkdır. Orada 3 min baş iribuynuzlu mal-qaranın saxlanması nəzərdə tutulur və biz bu sahəni genişləndirməliyik. İndi Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə ciddi məşğuldur. Cins mal-qara alınıb. Ancaq indi əsas məsələ süni mayalanma sistemini tam qurmaqdır. Artıq bu istiqamətdə də işlər görülür. Mənə verilən məlumata görə, 3-4 il ərzində biz cinsi dəyişdirib yüksək keyfiyyətə malik olan mal-qaraya sahib olacağıq. Bu, öz növbəsində bizə əlavə böyük əkin sahələri verəcək. Çünki biz örüş torpaqlarımızdan çox səmərəsiz istifadə edirik. Bəziləri boşdur, bəzilərində isə normativdən qat-qat az heyvan saxlayırlar. Ona görə bizim heyvandarlığımız qapalı şəraitdə inkişaf etməlidir. Verilən məlumata görə, təqribən 500-600 min baş iribuynuzlu mal-qara bizə kifayətdir ki, südçülüyü, ətçiliyi inkişaf etdirək və bu sahədə ən müasir standartları təmin edək. Hazırda bizdə 2 milyondan çox iribuynuzlu mal-qara var. Ancaq onların cinsi o qədər də yaxşı deyil. İndi xaricdən gətirilən cins mal-qara ilə bunun fərqi yerlə-göy qədərdir. Ona görə bu sahədə ciddi addımlar atılır, istifadəsiz örüş torpaqlarında düşünülmüş, planlı şəkildə əkin işləri aparılmalıdır. Artıq İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Prezident Administrasiyası bu işlərlə ciddi məşğuldurlar və beləliklə, biz özümüzü süd məhsulları və kərə yağı ilə təmin edəcəyik.

Mənə verilən son məlumata görə, özümüzü kərə yağı ilə tam təmin etmək üçün bizə əlavə 50-60 min cins mal-qara və əlbəttə, kərə yağı istehsal edən yeni müəssisələr lazımdır. Çünki süd və süd məhsullarının istehsalında biz özümüzü 80 faiz səviyyəsində təmin edirik, tezliklə 100 faizə çatmalıdır. Mövcud zavodlarda yeni xətlər qurulmalı, yeni müəssisələr tikilməli və Azərbaycanda süd məhsullarının bütün növləri 100 faiz istehsal olunmalıdır. Bax, qarşıya belə vəzifə qoyulur. Ona görə siz bir daha məsələni təhlil edin və mənə konkret son təklif verin ki, bunu tezliklə həll etmək üçün nə qədər vəsait, əkin sahələri, investisiya, kreditlər, dövlət investisiyaları lazımdır”.

Fındıqçılıq

Əlbəttə, ölkəmiz kənd təsərrüfatını təkcə idxalın aradan qaldırılması yox. Həm də ixrac potensialını tam həcmdə realizə edərək, dünya bazarına çıxmaq və gəlir əldə etmək üçün inkişaf etdirməyi hədəfləyir. Belə saəhələrədn biri də fındıqçılıq ola bilər.

Prezident deyir: “Bizə valyuta gətirən kənd təsərrüfatı sahələrinin inkişafı lazımdır. Onların arasında fındıqçılığın çox böyük potensialı var. Bizə ən çox valyuta gətirən kənd təsərrüfatı məhsullarından biri fındıqdır. Yeni təkliflər hazırlanır. Qırx min hektarda yeni fındıq bağları salınmalıdır. Mövcud fındıq bağlarının həcmi ondan azdır. Ona görə, biz fındıq bağlarını 2 dəfədən çox artıracağıq. Fındığı yetişdirmək üçün 12 rayon seçilib. İqlimi və torpağı münbit olan bu 12 rayonda fındıqçılıq çox ciddi şəkildə inkişaf etməlidir. Bu, əlbəttə ki, vaxt tələb edir. Ancaq bu il biz artıq bu işlərə başlayırıq. Dövlət xətti ilə tinglər əldə edilir. Özəl sektor da bu işlərə qoşulsun. Bunun özəl sektor üçün də çox böyük faydası var. Burada biz bu işləri planlı şəkildə görməliyik”.

Badam və zeytun bağları

Badam və zeytun yetişdirilməsi də ölkəmiz üçün xarakterik hesab olunur. Ancaq hazırkı istehsal, təəssüf ki, potensialdan geri qalır. Dövlət başçısının bu istiqamət üzrə də konkret tələbi var: “Bakıda, Abşeron yarımadasında ənənəvi badam bağları əfsuslar olsun ki, azalır. Ancaq bu da çox valyuta gətirən bir sahədir. Mənə verilən məlumata görə, bizdə cəmi 500-600 hektar badam bağları var. Bu, çox azdır. Minlərlə hektar badam bağları salınmalıdır. İndi bu ərazilərdə boş torpaq sahələri çoxdur. Biz torpaqlardan səmərəli şəkildə istifadə etməliyik və xüsusilə, Bakının, Sumqayıtın ətrafında, Abşeronda böyük badam plantasiyaları salınmalıdır.

Biz zeytun idxal edirik. İndi bizim o qədər zeytun ağaclarımız, o qədər imkanlarımız var. Həm Bakıda, Abşeronda, həm də digər yerlərdə bizim çox böyük imkanlarımız var. Ancaq əfsuslar olsun ki, biz özümüzü təmin edə bilmirik və hazır zeytun istehsalı bizdə çox aşağı səviyyədədir. Ona görə, yeni zeytun bağları salınmalıdır. İndi yerlər müəyyən edilir - həm Abşeron yarımadasında, həm şimal zonasında, Xızı rayonunda. Bildiyimə görə, orada da işlər gedir ki, biz dünya bazarına zeytun çıxaraq. Bu da çox böyük gəlir gətirən sahədir, həm fermerlər üçün, həm dövlət üçün”.

Beləliklə, dövlət ixracı stimullaşdırmaqla: ölkəyə valyuta axınını təmin etmək, eyni zamanda idxalı aradan qaldırmaqla: valyutanın ölkədən çıxmasını məhdudlaşdırmaq, ərzaq təhlükəsizliyini təmin etmək kimi strateji hədəflərə çatmağı planlaşdırır, bu yöndə ardıcıl, təsirli qərarlar qəbul edir və tədbirlər həyata keçirir. Bu, o deməkdir ki, xammal satmaq əsri geridə qaldı, indi məhsul - xammaldan son məhsuladək ölkədə istehsal olunmalı, daxili tələbat bu yolla ödənməli, ixracat üçün də məhz hazır məhsul təklif olunmalıdır.

Vüsal Məmmədov