Siyasət

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ MƏSƏLƏSİ ATƏT PA-nın QIŞ SESSİYASINDA QALDIRILACAQ

08-01-2011 | 13:13        

  

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ATƏT Parlament Assambleyasının Vyanada keçiriləcək qış sessiyasında Azərbaycanın qurumdakı nümayəndə heyəti üçün prioritet təşkil edəcək. İclasda Assambleyanın Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsi də təsdiqlənəcək. Azərbaycanın ATƏT Parlament Assambleyasındakı yeni nümayəndə heyəti qurumun Vyanada keçiriləcək qış sessiyasına hazırlaşır. Nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyir ki, sessiyada əsas müzakirə mövzusu ötən dövr ərzində regionda keçirilən seçkilərin nəticələri olacaq. İclasda qurumun prezidentinin xüsusi nümayəndələrinin hesabatları dinləniləcək. Həmçinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Qoren Lenmarker ölkəsində parlamentə üzv seçilmədiyindən vəzifəsindən getdiyi üçün onun yerinə başqa nümayəndə təsdiqlənəcək. Sessiyada nümayəndə heyətimiz Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin tezləşdirilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması tələblərini səsləndirəcək və ATƏT-in faktaraşdırıcı missiyasının bölgədəki vəziyyətə dair hesabatı ilə bağlı mövqeyini açıqlayacaq. Həmçinin Qurumun siyasi, iqtisadi və humanitar məsələlər komitələrində müzakirə olunacaq məsələlərlə bağlı ölkəmizin mövqeyini bildirəcəklər.