Analitika

İdxal rüsumlarındakı dəyişiklik: ərzaq təhlükəsizliyində mühüm addım

05-10-2016 | 15:23        

  

İdxal siyasəti iqtisadiyyatın idarəedilməsinin strateji istiqamətidir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yerli istehsalın möhkəmlənməsində bu siyasət olduqca mühüm rol oynayır.

Dövlətimiz tərəfindən bu yöndə ardıcıl islahatlar aparılır və bu tədbirlər milli iqtisadiyyatın gücləndirilməsi, yerli istehsalın təşviqinə xidmət edir.

Bir neçə gün öncə Nazirlər Kabineti (NK) Azərbaycana idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni gömrük idxal rüsumları müəyyən edib.

Bu, NK-nın “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

NK-dan verilən məlumata görə, dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1 kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Bu qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və iki il müddətində qüvvədədir.

Qeyd edək ki, bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

Azərbaycana idxal edilən toyuq və yumurta üçün yüksək gömrük idxal rüsumlarının müəyyənləşdirilməsi daxili istehsalın artmasına hesablanıb.  Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.   Onun sözlərinə görə, bu gün hər bir istehlakçı kənd təsərrüfatı və yeyinti sayəsində Azərbaycanda istehsal olunan daha təzə məhsullara üstünlük verir: “Artıq Azərbaycanın dempinq qiymətləri ilə gətirilən məhsullar ölkədə istehsal olunan məhsullarla rəqabətdə olacaq, həmçinin Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda istehsal olunan məhsulların inkişafına da daha böyük önəm verəcəyik”. 

O bildirib ki, idxal olunan bəzi mallar üzrə gömrük rüsumunun artırılması Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirəcək: “Bu gün ölkədə qeyri-neft istehsalına xüsusi yer verilir. Gömrük rüsumlarının artırılması ilə yerli istehsalın və ölkədə fəaliyyət göstərən istehsal müəssisələrinin daha da genişlənməsi və daha geniş çeşiddə məhsulların istehsal olunmasını görəcəyik”. 

Bu qərarın təşəbbüskarlarından birinin Dövlət Gömrük Komitəsi olduğunu vurğulayan A. Əliyev deyib ki, komitə xam dəri üçün də yüksək gömrük idxal rüsumlarının müəyyənləşdirilməsi təklifi ilə çıxış edib: “Son illər Azərbaycanda müasir dəri istehsalı müəssisələri yaradılıb. Ümid edirik ki, bu qərar da yaxın günlərdə qəbul olunacaq”.

Ekspertlər qeyd edir ki,hökumət sözügedən idxal mallarının adını yerli istehsal imkanları nəzərə alınaraq müəyyən edilib. Belə ki, 2015-ci ilə aid olan məlumata əsasən, quş əti və quş əti məhsullarının istehsal həcmi yerli tələbatın 99,7 faizi, yumurta üzrə istehsal yerli tələbatın 99,7 faizi, tərəvəz məhsulları üzrə təminat 103 faizini, bostan məhsulları ilə 100 faizini, meyvə ilə 113 faizini təşkil edir. Bunlardan başqa, meyvə-tərəvəz şirələrinin istehsal miqdarı yerli tələbatın 114 faizini, spirtli içkilərlə təminat 100 faizə qədərini təmin edir.
Adıçəkilən mal qrupları üzrə yerli istehsal tələbatı tam ödəmə gücünə sahib olduğundan həmin məhsullara 2 il qüvvədə olmaq şərti ilə yüksək rüsumlar tətbiq edilib. Bu, heç şübhəsiz ki, yerli sahibkarlığın təşviqinə xidmət edəcək, bir sıra seqmentlər üzrə yerli istehsalah genişlənəcək və möhkəmlənəcək.

Beləliklə, bu qərar iqtisadiyyatımıza nə verəcək:

  • Yerli istehsal daha cəlbedici olacaq, sahibkarlar idxal etməkdən daha çox daxildə istehsal barədə düşünəcək.
  • Ölkənin valyuta ehtiyatlarının xaricə axınında azalma müşahidə olunacaq.
  • Yeni iş yerləri açılacaq.
  • Bu sahələrdə əməkhaqqının artımına nail olunacaq
  • Ərzaq təhlükəsizliyi təmin olunacaq.

 Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR