Analitika

Referendum beynəlxalq ictimaiyyətin diqqət mərkəzində

28-09-2016 | 14:56        

  

İki gün öncə ölkəmizdə keçirilən Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər olunması ilə bağlı ümumxalq səsverməsi şəffaf, beynəlxalq standartlar çərçivəsində və yüksək seçici fəallığı ilə keçirilidi. 

Sumqayıta səfəri çərçivəsində şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Prezident İlham Əliyev referendumun ölkəmizin gələcək inkişafını müəyyən etdiyini vurğulayıb: “Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə “hə” deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib. Buna görə mən bir daha bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm.

Mən son 13 il ərzində çalışmışam ki, bu yüksək etimadı öz işimlə, fəaliyyətimlə doğruldum. Şadam ki, bu gün Azərbaycan doğrudan da dünyada seçilən ölkələrdəndir. Təhlükəsizlik təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, beynəlxalq nüfuz artır, ordu quruculuğu uğurla gedir”.

Referendumun təşkili beynəlxalq təşkilatlar, eləcə də dünya mediası tərəfindən də yüksək qiymətləndirilib.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner keçirdiyi brifinqdə bildirib ki, ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır.

Avstraliya nümayəndə heyətinin başçısı, senator Bək Kristofer Con Milli Məclisin sədri Oqtay Əsədovla görüşü zamanı ölkəmizə səfər çərçivəsində gördüklərindən məmnun qaldıqlarını söyləyib. Bildirilib ki, onlar Azərbaycanda keçirilən referendumu yaxından izləyib və bu prosesin gedişini çox yüksək dəyərləndiriblər: “Bu sahədə Azərbaycanın təcrübəsini öyrənməyə ehtiyac var. Çünki səsvermə prosesi Azərbaycanda daha təkmil təşkil olunub. Seçici siyahıları, veb-kameralardan istifadə - bütün bunlar təqdirəlayiqdir. Bu işlər Azərbaycanda Avstraliyadakından daha yaxşı qurulub. Ona görə də Azərbaycandakı səsvermə prosesi bizim üçün nümunə ola bilər”.

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun rəhbəri lord Devid Evansın başçılıq etdiyi nümayəndə heyəti də referendumun təşkilindən razı qalıb. D.Evans Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə əlaqədar keçirilən ümumxalq səsverməsini müsbət dəyərləndirib. Qeyd edilib ki, onlar 6 seçki məntəqəsində prosesi izləyib, əhalinin fəallığının canlı şahidi olublar. Referendumun beynəlxalq səviyyədə keçirilməsi üçün bütün lazımi təşkilati işlər yüksək səviyyədə yerinə yetirilib.

Avropa İttifaqının (Aİ) Regional Komitəsinin üzvlərindən ibarət müşahidə qrupu Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bəyanat yayıb.

Qrupun rəhbəri, Finlandiyadan olan Paulina Haijanen sentyabrın 26-da Azərbaycanda keçirilən referendumda müşahidə apardıqlarını deyib. O bildirib ki, müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan Konstitusiya dəyişikliklərinin məzmununu araşdırıb, sentyabrın 26-da ümumxalq səsverməsi günü 2 seçki dairəsinin 10 seçki məntəqəsində səsvermə prosesinin müşahidəsini aparıb. Qrup apardığı araşdırmalar və müşahidələr əsasında referendumun keçirilməsinin suveren Azərbaycan dövlətinin səlahiyyətlərinə aid və bu barədə qərarın verilməsinin milli qanunvericiliyə uyğun olduğu qənaətinə gəlib. Həmçinin referenduma çıxarılan məsələlər ölkədə idarəetmə sisteminin gücləndirilməsi, insan hüquqlarının müdafiəsinin rəsmiləşdirilməsinə xidmət edir.

P.Haijanen deyib: “Qrupun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermə prosesinin gedişini müşahidə etdiklərinin şahidi olublar. Səsvermə prosesi texniki və təşkilati baxımdan çox yaxşı təşkil edilmişdi. Məntəqələrdə seçici fəallığı yüksək idi və səsvermə prosesi dinc şəraitdə keçdi. Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti orqanının nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarını və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Səs verənlər müstəqil və heç bir kənar müdaxilə olmadan səsvermə prosesində iştirak edərək öz iradələrini ifadə etdilər”.

Qrupun rəhbəri əlavə edib ki, səsvermə prosesi başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri bir məntəqədə bülletenlərin sayılması prosesini izləyib və digər müşahidəçilərə də bülletenlərin sayılması prosesini izləməyə hər hansı maneçiliyin törədilmədiyinin şahidi olublar. Müşahidə qrupu belə bir qənaətə gəlib ki, sentyabrın 26-da Konstitusiyaya dəyişiklərlə bağlı referendum tam şəffaf şəraitdə keçib. Referendumun nəticələri Azərbaycan xalqının öz iradəsini müstəqil və azad şəkildə ifadə etdiyini əks etdirir.

Avropa Şurası Parlament Assambleyasının referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib: “Biz Azərbaycan xalqını sakit keçən səsvermə günü ilə bağlı təbrik etmək istəyirik. AŞPA nümayəndə heyəti belə nəticəyə gəlib ki, referendum milli qanunvericiliyə uyğun keçirilib. Azərbaycan Konstitusiyası qanuni və legitim hesab olunur. Səsvermə prosesi yaxşı təşkil olunub, şəffaf, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir”.

Azərbaycanda ümumxalq səsverməsi olduqca şəffaf keçdi. Hər dəfə Azərbaycana gələndə məcburi köçkünlərə baş çəkirəm.

Bu sözləri ümumxalq səsverməsində müşahidəçi qismində iştirak edən Fransa Senatının üzvü Natali Qule jurnalistlərə açıqlamasında deyib.

Natali Qule deyib: “Azərbaycanda görülən işlər məni çox sevindirir. Hər dəfə Bakıya gələndə yeniliklərin şahidi oluram. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Bilirəm ki, ölkənizin uğurlarında birinci xanım Mehriban Əliyevanın da xidmətləri çoxdur”.

***

Qeyd etdiyimiz kimi, dünya mətbuatı da ölkəmizdə keçirilən referenduma diqqət ayırıb, səsvermənin şəffaf və beynəlxalq standartlar çərçivəsində baş tutduğunu vurğulayıb.

Ərəbdilli KİV-lərdə Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) geniş işıqlandırılıb.

İnformasiyalarda Prezident İlham Əliyevin və ailə üzvlərinin səsvermədə iştirakı, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti, səsvermə prosesi ilə bağlı məlumatlara yer verilib.

“24.ae”, “Ahbarak”, “Fananews” və bir sıra digər media qurumları tərəfindən təqdim olunan xəbərlərdə referendumun yüksək səviyyədə təşkil edilməsi, seçici fəallığı, ümumxalq səsverməsinin ilkin nəticələri və s. məqamlara dair məsələlər oxucuların diqqətinə çatdırılıb.

İran İslam Respublikasının İRNA dövlət xəbər agentliyinin saytında Azərbaycanda keçirilmiş ümumxalq səsverməsi (referendum) haqqında material yerləşdirilib.

Yazıda qeyd edilib ki, sentyabrın 26-da Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə səsvermədə iştirak edib.

Nəzərə çatdırılıb ki, Azərbaycan Prezidenti tərəfindən Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər ölkənin inkişafına və dövlətin möhkəmlənməsinə xidmət edəcək.

Materialda səsvermənin sabit və demokratik şəraitdə keçdiyi vurğulanıb. Qeyd olunub ki, 2002 və 2009-cu illərdə də Azərbaycanın Konstitusiyasına ümumxalq səsverməsi yolu ilə dəyişikliklər edilib.

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi Rusiya mətbuatının da diqqət mərkəzindədir. Rusiyanın TASS agentliyi, Vesti.ru saytı, “Rossiya 1”, “Rossiya 24”, RBK telekanallarında səsverməyə dair informasiyalar və süjetlər yayımlanıb.

TASS agentliyi referendumun başlanması və başa çatması, Azərbaycan Prezidentinin səsvermədə iştirakı, keçirilən “exit-poll”arın nəticələrinə dair xəbərlər yayıb. Agentlik xarici və yerli müşahidəçilərin fikirlərinə, MSK-da keçirilən mətbuat konfransına istinadən referendumun baş tutduğunu qeyd edib.

“Rossiya 24” telekanalının müxbiri Andrey Şlyapnikov reportajında sentyabrın 26-nın Azərbaycan vətəndaşları üçün vacib gün olduğunu bildirib. Jurnalist qeyd edib ki, səhər saat 8-dən başlayaraq seçicilər səsvermə prosesində iştirak edirlər. O, səsvermə prosesində iştirakın vətəndaşların özlərinin marağında olduğunu, referendumun saat 19-dək davam edəcəyini deyib və qeyd edib ki, 48 saat ərzində hər bənd üzrə nəticələr elan olunacaq.

Rusiya telekanalının müxbiri “exit poll”ların da işini vurğulayaraq, bəzi nəticələrin daha tez məlum olacağını diqqətə çatdırıb. Andrey Şlyapnikov səsvermə prosesini çox sayda müşahidəçilərin izlədiyini, ciddi nəzarətin olduğunu, məntəqələrdə veb-kameraların quraşdırıldığını, şəffaf qutuların qoyulduğunu, bir vətəndaşın təkrar səs verməsinin qarşısını almaq üçün gözlə görünməyən mürəkkəbdən və ultrabənövşəyi lampadan istifadə edildiyini vurğulayıb.

“Vesti.ru” saytında isə Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri ilə birgə səsvermədə iştirak etdiyi vurğulanır. Materialda ölkə Konstitusiyasına ediləcək dəyişikliklər barədə məlumat verilir. Bildirilir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda seçicilərin öz iradəsini azad şəkildə ifadə etməsi üçün bütün şəraitin yaradıldığını söyləyib. MSK gün ərzində referendumla bağlı 5 dəfə seçicilərin fəallığına dair məlumatları çatdırıb. Referendumda MSK-da qeydiyyatdan keçmiş 117 xarici və 53 mindən çox yerli müşahidəçi müşahidə aparıb. Saytın oxucularına təqdim edilən maraqlı məlumatlardan biri respublikanın qocaman sakinlərindən biri - 1897-ci il təvəllüdlü Nübah Həsənovanın da Sabirabad şəhərində seçkilərdə səsverməsi olub. Materialda referendumun son nəticələrinin oktyabrın 21-də açıqlanacağı deyilir.

Azərbaycanda keçirilən referendum “Rossiya-1” telekanalının da diqqət mərkəzində olub. Telekanalda yayımlanan süjetdə bildirilir ki, Bakı vaxtı ilə saat 8-də, Moskva vaxtı ilə isə saat 9-da Azərbaycanda səsvermə məntəqələri açılıb. Referendum üçün ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı təkliflərin əks olunduğu 5 milyondan çox bülleten hazırlanıb. Hər bülletendə 29 bənd və bir neçə mühüm təklif var. Qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı seçki məntəqələrindən birində səsvermə hüququndan istifadə edib. Səsvermənin gedişini MDB və digər ölkələrdən olan çoxsaylı beynəlxalq müşahidəçi izləyib. Onların arasında Fransa, Böyük Britaniya, Rusiya və Almaniyadan müşahidəçilər olub. Süjetin müəllifi səsverməyə çox ciddi nəzarət olunduğunu, bütün məntəqələrdə səsvermə bülletenləri üçün şəffaf qutuların qoyulduğunu, bir çox məntəqələrdə veb-kameralar quraşdırıldığını diqqətə çatdırıb.

Azərbaycanda keçirilən referendum Rusiyanın RBK telekanalının da gündəmində olub. Telekanal referendumun əhatə etdiyi məsələlər barədə detalları açıqlayıb. Bildirilib ki, qanunvericiliyə əsasən seçicilərin fəallığı 25 faizi keçdikdə referendum baş tutmuş sayılır. Ümumxalq səsverməsi başladıqdan 4 saat sonra seçki məntəqələrində artıq 1 milyon 613 mindən çox seçici səs verib.

Vüsal Məmmədov