Analitika

Pambıqçılıqda yeni dövr

22-09-2016 | 09:58        

  

Ölkəmizdə pambıqçılıq uzun müddət aqrar sahənin aparıcı istiqaməti olaraq qalmışdır. 1823-cü ildən dəmir yoluna yaxın olan Gəncə, Göyçay, Ağdaş və digər qəzalarda, eyni zamanda Naxçıvanda da kütləvi sürətdə pambıq əkilmişdir. Həmin vaxtlar pambıqçılığın 39,1 %-i Mil-Qarabağ, 32,8%-i Muğan-Salyan, 19,8%-i Şirvan və 8,3%-i Gəncə-Qazax zonasının payına düşürdü.

Sonrakı onilliklərdə Azərbaycanda pambıqçılığın inkişafı ilə əlaqədar olaraq pambıqtəmizləmə sənayesi də yüksəlirdi. Pambıqtəmizləmə müəssisələri, əsasən, pambıq əkilən zonalarda yerləşirdi. İlk müəssisələr çox kiçik idi. 1903-cü ildən zavod istehsalına keçildi. Buxar və neftlə işləyən mühərriklərin gücü ilə hərəkətə gətirilən maşınlar tətbiq edildi. 1912-ci ildə Yelizavetpol quberniyasında 28, Bakı quberniyasında 22 pambıqtəmizləmə zavodu vardı. Əsas pambıqtəmizləmə zavodları Yelizavetpol şəhərində və Ağdaşda yerləşirdi. Naxçıvan qəzasında 51 zavod olsa da, onların əksəriyyəti çox kiçik idi və texnika ilə təchiz edilməmişdi. Həmin ildən pambıqtəmizləmə texnologiyasında pnevmatik sistemə keçilməyə başlandı. İndi xam pambıq kotton-cinə verilib çiyiddən ayrıldıqdan sonra presləmə sexinə aparılıb preslənməsi prosesi avtomatik daşıyıcı vasitəsilə həyata keçirilirdi. İlk vaxtlar toxumluq çiyid Orta Asiyadan gətirilirdi. Sonralar toxum yerli təsərrüfatlarda hazırlandı, hətta başqa yerlərə də aparıldı. Azərbaycanda mahlıcın orta illik istehsalı ilk vaxtlar 900 min puda yaxın, 1910-1913-cü illərdə iki milyon puddan çox, müharibə illərində isə 1,1 milyon puddan çox olmuşdur. Mahlıc, başlıca olaraq, Moskvanın, Polşanın və Riqanın toxuculuq fabriklərinə göndərilirdi. 1913-cü ildə Azərbaycanın pambıqtəmizləmə müəssisələrində 1000 nəfərdən artıq fəhlə işləyirdi. Onlardan 130 nəfərə qədəri Naxçıvan qəzasının payına düşürdü. Yelizavetpol və Bakı quberniyalarında hər zavodda 10-20 nəfər və daha artıq fəhlə işləyirdi. Petropavlovkada Moskvanın «Vokau və K°» şirkətinə məxsus bir zavodda hətta 100 nəfərə yaxın fəhlə çalışırdı.

Pambıqtəmizləmə müəssisələri, əsasən, ticarət evlərinə (şirkətlərə) məxsus idi. Pambıq emalı sənayesində təmərküzləşmə prosesi getdikcə güclənir, səhmdar cəmiyyətləri meydana gəlirdi.

1911-1912-ci illərdə Yelizavetpolda ayrı-ayrı ticarət evləri müqavilə əsasında birləşərək, «Xlopok», «Ulduz» və «Ümid» ticarət-sənaye şirkətlərini təşkil etdilər. 1912-ci ildə Qarabağın ən böyük torpaq sahibi Xasay xan Üsmiyevdən 8 min desyatindən artıq torpaq sahəsi satın alınaraq, «Qafqaz pambığı» səhmdar cəmiyyəti təsis olundu. Cəmiyyətin maldarlıq və pambıqçılıq təsərrüfatları, Ağdam yaxınlığında cins at yetişdirilən zavodu ilə yanaşı, bir neçə pambıqtəmizləmə zavodu vardı. Səhmdar cəmiyyətlərinin çoxu fərdi-ailə müəssisələri əsasında yaranırdı. Arzumanovun ticarət evi əsasında «B. Arzumanov sənaye-ticarət pay» səhmdar şirkəti yaradıldı. Onun səhmlərinin çoxu şuşalı tacirlərin əlində idi. Cəmiyyətin Yelizavetpol, Ağdaş, Ləki və başqa yerlərdə bir neçə pambıqtəmizləmə zavodu vardı.

«İsgəndərov qardaşları» ticarət evinin başçısı M. İsgəndərov tərəfindən yaradılmış «Muğan» ticarət-sənaye səhmdar cəmiyyətinin Cavad qəzasında bir neçə pambıqtəmizləmə zavodu, habelə geniş pambıq əkini sahələri vardı və s. Müəssisələrin təmərküzləşməsində iri sənaye kapitalı müəyyən rol oynayırdı. Məsələn, «Vokau və K°» konsernin bir neçə pambıqtəmizləmə zavodu vardı. Hələ 1898-ci ildə H. Z. Tağıyev tərəfindən «Bakıda H. Z. Tağıyevin lifli cismlərin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti» yaradılmışdı. Cəmiyyətin ilkin səhmdar kapitalı 2 milyon manat idi. Sonra bu kapitalın məbləği iki dəfədən çox artırılmışdı. 1901-ci ilin əvvəlində cəmiyyət tərəfindən Bakının Zığ kəndində toxuculuq fabriki tikilib istifadəyə verildi. Bu, Qafqazda ilk və ən iri pambıq-parça toxuma müəssisəsi idi. Fabrikdə müntəzəm olaraq 1100 nəfərdən çox, 1912-ci ildə isə 1400 nəfərdən artıq fəhlə işləmişdir. O, çoxu xaricdən alınıb gətirilmiş müasir texniki avadanlıqla təchiz olunmuşdu. Fabrik, əslində, iri istehsal kompleksi idi. Burada 40 desyatin sahəsi olan bir ərazidə fəhlə və qulluqçuların yaşaması üçün qəsəbə salınmış, məktəb binası, şor suyu şirinləşdirici stansiya və elektrik stansiyası tikilmişdi. Fabrikin özünün ambulatoriyası, paroxodu və anbarları vardı. Fabrikin xammala olan ehtiyacını ödəmək üçün Tağıyevin qəzalarda geniş pambıq əkini sahələri və bir neçə pambıqtəmizləmə zavodu vardı. Tağıyevin fabriki orta hesabla ildə 2 milyon manatlıq məhsul istehsal etmişdi. 1911-ci ildə fabrikin təqribən 81 min manat gəliri olmuşdur. 1913-cü ildə H. Z. Tağıyev rus kapitalistləri tərəfindən hələ iki il əvvəl Port-Petrovskda (indiki Mahaçqala) yaradılmış və bir sıra sənaye-ticarət şirkətlərini birləşdirən «Kaspi manufakturası cəmiyyəti»nin səhmlərini öz əlinə keçirərək, onun sahibi oldu. O, cəmiyyətin idarə heyətini Moskvadan Bakıya köçürdü. H. Z. Tağıyev cəmiyyətin əsas kapitalının həcmini iki dəfə artıraraq 2 milyon manata çatdırdı. 1914-cü ilin yayında «Bakıda H. Z. Tağıyevin lifli cismlər emalı üzrə Qafqaz səhmdar cəmiyyəti» ilə «Kaspi manufakturası cəmiyyəti»nin istehsal fəaliyyətini birləşdirən «H. Z. Tağıyevin birləşmiş fabriklərinin kontoru» təşkil edildi. Birinci dünya müharibəsi illərində «H. Z. Tağıyevin birləşmiş fabriklərinin kontoru», əsasən, hərbi sifarişləri yerinə yetirmişdi. Təkcə 1915-ci ildə cəbhənin ehtiyacları üçün 4 milyon metr bez və 300 milyon metr parusin göndərilmişdi.

1913-cü ildə, əsrin əvvəlində olduğuna nisbətən 5,5 dəfə çox—105 min desyatin sahədə pambıq əkilmiş və 5 milyon puddan artıq məhsul götürülmüşdür...

Rusiya sənayesinin pambığa olan tələbatı sürətlə artırdı. Hər il Amerikadan milyonlarla pud pambıq mahlıcı alınırdı. Ona görə çar hökuməti Azərbaycanda pambıqçılığı inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirdi. 1907—1911-ci illərdə Muğan və Mil düzlərində ümumi uzunluğu 500 km-ə çatan magistral və qol kanalları çəkildi. 50 min desyatin torpaq sahəsinə su çıxarıldı. Pambıq əkini sahələri genişləndi. Həmin yerlərdə Rusiyadan köçürülən rusların yeni məskənləri meydana gəldi. Pambıqçılıq texnikası ləng də olsa, irəliləyirdi. Bir sıra iri təsərrüfatlarda toxumsəpən maşınlardan, kultivatorlardan, dəmir dırmıxlardan, hətta traktorlardan istifadə olunmağa başladı. Cərgəli əkinə keçid sürətləndi. Birinci dünya müharibəsi illərində pambıq əkini sahələri üç dəfəyə yaxın azalaraq, 1917-ci ildə 37 min desyatinə endi.

XX əsr boyunca ölkəmiz pambıqçılıqda yüksək nəticələr göstərib. 80-ci illərdə istehsal ən yüksək həddinə çatıb: məhsuldarlıq 35 sentnerə qədər artıb.

***

Budur, Azərbaycan prezidenti İlham Əliyev aqrar sahənin inkişaf proqramı çərçivəsində pambıqçılığı proritetlər sırasına çıxararaq, bu sahənin istehsal göstərcilərinin ən yaxşı səviyyəyə çatdırılması tələbini qoydu. Bu, ölkəmiz üçün təkcə idxalın aradan qaldırılması yox, ixrac potensialının tam realizəsi demək olacaq.

“Gələn il pambıqçılıq 100 mindən çox iş yerinin yaradılmasına gətirib çıxaracaq. Biz əkin sahələrini genişləndirdikcə bu rəqəm daha da artacaq. Əgər biz gələcəkdə 200 min hektarda pambıq əkəcəyiksə, bu, təqribən 350-400 min insanın işlə təmin edilməsi deməkdir”. Bu fikirləri prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində qeyd edib.

Prezident qeyd edib ki, biz artıq pambıqçılığın inkişafı ilə bağlı uzunmüddətli strategiya üzərində işləyirik. İlkin rəqəmlər var. Əlbəttə, onlar dəqiqləşdirilməlidir ki, biz burada səhvə yol verməyək. Ancaq ilkin hesablamalar onu göstərir ki, əgər biz bu yolla getsək, - əlbəttə, gedəcəyik, - və lazımi maliyyə təminatı olarsa, 2020-ci ildə təqribən 200 min hektarda pambıq əkə bilərik. Yəni, biz bunu əsas hədəf kimi götürərək bütün lazımi işləri bu istiqamətdə aparmalıyıq”.

Prezident İlham Əliyev orta məhsuldarlığı 1980-81-ci illərdə ən pik nöqtədə olan məhsuldarlığın səviyyəsinə – təqribən 35 sentnerə qaldırmaq lazım olduğunu qeyd edib: “Əgər orta məhsuldarlıq olarsa, 200 min hektardan 700 min ton pambıq yığılacaq. Bu da pambıqçılığın faktiki olaraq tam bərpası, özü də müasir səviyyədə bərpası demək olacaq.

... Əgər biz pambıqçılığın inkişafını ancaq biznes qurumlarının öhdəsinə buraxsaq, pambıqçılığı itirərik, necə ki, itiririk. Ona görə, çox ciddi dövlət siyasəti aparılmalıdır və dövlət burada əsas rol oynayır. Dövlətin rolu təkcə koordinasiya işlərinin təşkili ilə məhdudlaşmır. Dövlət vəsait xərcləyir, texnika gətirir, meliorativ tədbirlər görür, yarımstansiyalar yaradır, elektrik xətləri çəkir. Biz bütün bunları dövlət hesabına edirik ki, fermerlər, fəhlələr daha yaxşı yaşasınlar, daha çox pul qazansınlar”.

2020-ci ilə qədər pambıq əkilən sahələrdə orta məhsuldarlıq müasir texnologiyaları tətbiq etməklə 35 sentnerə çatdırıla bilər: “Yeni texnologiyalar mövcuddur, xüsusilə suvarma sahəsində pilot sistemi artıq tətbiq edilir. Pilot sistemi ilə məhsuldarlıq 35-45 sentner səviyyəsində mümkündür. Açıq suvarma yolu ilə 20-30 sentner məhsul götürmək olar. Biz çalışmalıyıq ki, pilot sistemini Azərbaycanda maksimum dərəcədə tətbiq edək. Əgər 2020-ci ildə 200 min hektarda pambıq əkiləcəksə, bunun minimum üçdəbir hissəsi pilot sistemi ilə təmin edilməlidir. Belə olan halda biz məhsuldarlığı böyük dərəcədə artıra bilərik.

Çalışmalıyıq ki, biz orta məhsuldarlığı 1980-81-ci illərdə ən pik nöqtədə olan məhsuldarlığın səviyyəsinə qaldıraq - təqribən 35 sentnerə. Əgər orta məhsuldarlıq olarsa, 200 min hektardan 700 min ton pambıq yığılacaq. Bu da pambıqçılığın faktiki olaraq tam bərpası, özü də müasir səviyyədə bərpası demək olacaq”.

Beləliklə, 2016-cı il də nəzərə alınmaqla yaxın 5 il pambıqçılıq üçün davamlı və sürətli inkişaf dövrü olacaq.

Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra kənd təsərrüfatının bir çox sahələri kimi pambıqçılıq da tənəzzül keçirdi. Nəticədə 2009-cu ildə 31,9 min ton pambıq yığıldı ki, bu da son 100 ilin antirekordu oldu. Bundan sonra ikinci ən pis nəticə 2015-ci ildə qeydə alındı. Ötən il cəmi 35,2 min ton pambıq toplandı.

1981-ci ildə 831,2 min ton pambıq istehsal edən respublikada 2009-cu ildə 26 dəfə az - 32 min ton məhsul toplanması bu sahənin tənəzzül etməsi anlamına gəlir. Çünki bir vaxtlar adını “ağ qızıl” qoyub barəsində təriflər yağdırılan məhsulun yetişdirilməsi ilə olduqca az fermer və fərdi təsərrüfat sahibləri məşğul olurdu.

Pambıqçılığın bu vəziyyətə düşməsi müxtəlif səbəblərlə izah edilir. Qiymətin aşağı olması, istehsal prosesinin ağırlığı əsas səbəb kimi göstərilir. Bunu bəzi statistik məlumatlar da təsdiqləyir. 

2008-ci ilə olan məlumata görə kənd təsərrüfatı müəssisələrinin satdıqları məhsulların rentabellik səviyyəsi pambıqda 0,45 faiz olub. Yəni, pambığa min manat çəkilən xərc 4,5 manat gəlir gətirib. Halbuki, 1985-ci ildə rentabellilik 37,9, 2004-cü ildə 32,2 faiz təşkil edib.

Dövlət başçısı həyəcan təbili çalıb: Əgər biz pambıqçılığın inkişafını ancaq biznes qurumlarının öhdəsinə buraxsaq, pambıqçılığı itirərik, necə ki, itiririk. Ona görə, çox ciddi dövlət siyasəti aparılmalıdır və dövlət burada əsas rol oynayır”

Beləliklə, demək olar ki, pambıqçılığın inkişafı ilə bağlı Azərbaycan yeni strateji xəttə, yeni mərhələyə daxil olur. Necə deyərlər, ağ neftin qara günləri geridə qalır... 

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.07.2018) :
Aydın Gecə : +26+28 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR