Analitika

Aqrar sahə iqtisadiyyatın aparıcı istiqamətinə çevrilir

14-09-2016 | 16:01        

  

Ölkəmizdə qeyri-neft sektorunun artımında aqrar sahənin payı artmaqda davam edir. Görülən tədbirlər, həyata keçirilən ardıcıl proqramlar nəticəsində kənd təsərrüfatının artıq ixrac potensialı ralizə olunur. 

Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində iqtisadi inkişaf proseslərindən danışarkən cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu, sənaye istehsalının 0,6 faiz, qeyri-neft sənayesinin 2,4 faiz, kənd təsərrüfatının isə 3,1 faiz artdığını bildirdi. Ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub, 78 min daimi iş yeri açılıb. İstehsalın artımı ilə yanaşı, kənd təsərrüfatı məhsullarının ixracı həm ümumilikdə, həm də müxtəlif seqmentlər üzrə ciddi şəkildə artıb.

Belə ki, cari ilin 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunub. Yerli istehsalın artımı heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalmasına səbəb olub, idxalın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə isə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cücə üzrə 51,6 faiz azalıb. Kənd təsərrüfatı məhsulları istehsalının ilin sonuna qədər daha da artacağını qeyd edən ölkə başçısı bildirib ki, ilkin proqnozlara əsasən cari ildə ölkədə 3 milyon ton taxıl istehsalı gözlənilir.

***

Dövlətimizin başçısı ölkəmizdə pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar verib. 2017-ci ildə respublikamızda pambıq istehsalı 300 min tona, hər hektardan məhsuldarlıq isə 30 sentnerə çatdırılmalıdır. Salyan rayonunda da aqrar bölmənin ənənəvi sahələrindən biri olan pambıqçılığın inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin sentyabrın 3-də Salyana səfəri çərçivəsində Kürsəngi kəndindəki pambıq sahələri ilə tanış olarkən də bu sahənin potensialı müzakirə predmeti oldu.

Prezidentə məlumat verildi ki, 2016-cı ildə rayonun 16 kəndində 2168 hektar sahədə pambıq əkini aparılıb. Gələn il Salyanda 7 min hektarda pambıq əkilməsi planlaşdırılır.

Pambıqçılarla söhbət edən Prezident İlham Əliyev dedi:

-1970-ci illərdə Azərbaycanda ildə bir milyon ton pambıq yığılırdı və işçilər də razı idi, iş də gedirdi. Pambıqçılar yaxşı pul da qazanırdılar. Ondan sonra yavaş-yavaş azalma başladı. Keçən il cəmi 30 min ton pambıq yığılmışdır. İndi 24 rayonda yeni proqram icra edilir, o cümlədən Salyan rayonunda pambıq sahələri genişləndirilib. 2015-ci ildə Salyanda 400 hektar pambıq sahəsi var idisə, bu gün artıq 2200 hektarda pambıq əkilib. Gələn il, bu, 7 min hektara qalxacaq. Bütün bu sahələr yeni sahələrdir. Şoranlaşmış torpaq idi. Görülən operativ tədbirlər nəticəsində indi bu 120 hektarda pambıq əkilib. Yaxın günlərdə yığım başlanacaq.

İndi dövlət xətti ilə yeni texnikanın da alınması təmin edilir. Biz bu məqsədlər üçün yüz milyonlarla dollar vəsait xərcləyirik ki, bu iş daha geniş vüsət alsın, ölkəmizin inkişafı təmin edilsin və yeni iş yerləri yaradılsın. Çünki pambıq tarlalarında çoxsaylı iş yerləri yaradılır. Hər hektarda orta hesabla iki nəfər işləyir. Gələn il 7 min hektarda ən azı 14 min insan işləyəcək, pul qazanacaq və öz maddi vəziyyətini yaxşılaşdıracaq, dövlətimizə də, ümumi işimizə də töhfə verəcək.

Bu tarlalarda işləyənlərin şəraiti də yaxşı olmalıdır. Burada tarla düşərgəsi də var. Təbii ki, pambıqçılar üçün hər cür şərait yaradılmalıdır, su, yemək təşkil olunmalıdır. 1970-ci illərdə Ulu Öndərin rayonlara səfərlərində mən də onun yanında idim. Tarla düşərgələrində keçirdiyi çoxsaylı görüşlərini xatırlayıram.

***

Respublika üzrə 385 min 247 istehsalçıya istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə 82 milyon 372 min 618 manat məbləğində yardım ayrılıb.

“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarına böyük maddi və mənəvi dəstək olub, əkin sahəsinin və istehsalın artması ilə nəticələnib. 2007-ci ildən kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi prosesi davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli qərarına əsasən bu ildən buğda və çəltik səpininə görə yardımlar istehsalçılara yanacaq və motor yağlarına görə ödənilən yardımlarla eyni vaxtda verilir.

Beləliklə, aqrar sahənin ayrı-ayrı istiqamətlərinin inkişafı, idxalın minimuma endirilməsi olduqca strateji məsələnin - ərzaq təhlükəsizliyi probleminin həllini təmin edəcək. Bu gün bütün dövlətlər qarşısında məhz ölkənin ərzaq məhsulları ilə daxili imkanlar hesabına təmin olunması məsələsi durur. Bu gün Azərbaycan dövləti bu strateji məsələnin həlli yönündə mühüm addımlar atıb, böyük yol qət edərək, artıq hətta ixracatçıya çevrilməkdədir.

Vüsal Məmmədov