Analitika

“ASAN xidmət”: yenilik, şəffaflıq, mədəniyyət

14-09-2016 | 15:59        

  

Ölkəmizdə idarəetmənin təkmilləşdirilməsi, dövlət qurumlarının göstərdikləri xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffalığın təmin edilməsi istiqamətində ardıcıl tədbirlər, islahatlar həyata keçirilir. Bu mənada artıq Azərbaycanın brendi kimi qəbul edilən ASAN Xidmətin yaradılması və uğurlu fəaliyyətini xüsusilə qeyd etmək olar.

İctimaiyyətin böyük rəğbətini qazanmış bu qurumun iş prinsiplərinin əsasında Prezident İlham Əliyevin dövlət qurumları qarşısında qoyduğu başlıca tələblər dayanır.

11-ci Mərkəz

4 ilə yaxındır ki, faəliyyətdə olan Mərkəzin bu günlərdə Masallıda 11-ci şöbəsi də fəaliyyətə başladı. Prezident İlham Əliyev Mərkəzin açılışını etdi, xidmətlərlə tanış oldu.

Bu kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalardan ibarətdir. Kompleksin 4480 kvadratmetr ərazisində “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Mərkəzdə 10 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım, tərcümə xidmətləri təşkil edilib. Bu mərkəz Masallı rayonu da daxil olmaqla Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının əhalisinə, ümumilikdə 839.450-dən çox vətəndaşa xidmət göstərəcək. Burada 170 nəfər işlə təmin olunub, 80 nəfər könüllü işə cəlb edilib.

Prezident İlham Əliyevə “ASAN həyat” konsepsiyası barədə də məlumat verildi. Bildirildi ki, bu konsepsiya Masallı “ASAN xidmət” Mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Kompleksin ərazisində 2 kinoklub, Heydər Əliyev İncəsənət Məktəbi, kafe, bank, “ABAD mərkəzi”, “ASAN Brend” dükanı və “ASAN İntellektual” inkişaf mərkəzi də fəaliyyət göstərəcək.

Heydər Əliyev İncəsənət Məktəbində müxtəlif sərgi, tədbir, təqdimat və təlimlərin keçirilməsi nəzərdə tutulub. Məqsəd müasir Azərbaycan incəsənəti və onun geniş ictimaiyyət arasında təbliği üçün şərait yaratmaqdır.

“ASAN İntellektual” inkişaf mərkəzi cənub bölgəsində bütün növ intellektual oyunların inkişafına kömək etmək, həmçinin gənclərin asudə vaxtlarını səmərəli keçirmələrində, intellektual inkişaf, savad və dünyagörüşlərini artırmaqda onlara kömək etmək məqsədi daşıyır. Mərkəz gənclərin gələcəkdə karyera qurmaları üçün lazım olan bilik və bacarıqları aşılayacaq.

“ASAN Brend” dükanında xüsusi dizaynda “ASAN xidmət” brendli geyimlər, aksessuarlar, suvenirlər və digər məhsulların satışının təşkili həyata keçiriləcək.

Dövlətimizin başçısına “İntellektual Monitorinq Sistemi” barədə də məlumat verildi. Bildirildi ki, bu sistem vətəndaş müraciətləri barədə məlumatların mərkəzləşdirilmiş formada toplanması və analizinə xidmət edir. Bura “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətinin təşkilində istifadə edilən “Elektron növbə”, “ASAN Ödəniş”, “ASAN Müraciət”, Çağrı Mərkəzi və digər sistemlər üzərindən daxil olan müraciətlər aiddir. Sistemin “Hesabatlılıq” modulu vasitəsilə müxtəlif statistik məlumatlara real vaxt rejimində çıxış təmin edilir ki, bu da qərarların qəbul olunmasında operativliyə və dəqiqliyə xidmət göstərir. “İntellektual Monitorinq Sistemi”nin vətəndaşlar üçün açıq olan “Statistik məlumatlar” portalı vasitəsilə müxtəlif təhlillərin və akademik araşdırmaların aparılması daha da asanlaşacaq. Belə ki, portalda regionlar üzrə əhatə dairəsi, müraciət edənlərin say, cins və yaşa görə tərkibi və digər məlumatlar vətəndaşlara real vaxt rejimində təqdim edilir.

“Made in Azerbaijan” portalında ölkədə istehsal olunan bütün məhsullar, satış və investisiya imkanları haqqında məlumatlar cəmlənib. Portal müxtəlif dillərdə olmaqla ölkənin ixrac potensialı haqqında istənilən informasiyanı özündə əks etdirəcək.

Vətəndaşların “Kredit Reytinq Sistemi” əhalinin iş yeri, gəliri, öhdəlik və borcları əsasında onların məsuliyyət və ödəmə qabiliyyətini ölçən alətdir. Bu sistemin əsasən bank, bank olmayan kredit təşkilatları, daxili kredit və ya ipoteka verən təşkilatlar tərəfindən istifadəsi nəzərdə tutulub.

“We Care” – “Sağlamlığa nəzarət monitorinq sistemi” mobil cihazlar vasitəsilə fərdlərə öz sağlamlıqlarına mütəmadi nəzarət etmək imkanı verir. Huşunu itirən şəxsin yerini GPS vasitəsilə təyin etmək, saat vasitəsilə ürək döyüntülərini və qan təzyiqini ölçmək mümkün olacaq. Toplanılan məlumatlar aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə, fərdlərin yaxınlarına, Təcili Tibbi Yardıma və digər arzuolunan yerlərə və şəxslərə göndəriləcək. Bu məlumatlar GSM və Azərbaycanın orbitdəki peyki vasitəsilə toplanılır.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, yeni layihə olan “ABAD” - Ailə Biznesinə ASAN Dəstək layihəsi ailə bizneslərinin formalaşdırılması, bu təsərrüfatlar vasitəsilə məhsulların istehsalı, xidmətlərin göstərilməsi və brendləşdirilməsi, istehsalçıya və tələbata uyğun keyfiyyətli məhsulların istehsal və istehlakının təşviq edilməsi, innovativ üsullar tətbiq olunmaqla müxtəlif təsərrüfat sahələri üzrə fəaliyyətin istiqamətləndirilməsini həyata keçirən mərkəzdir. “ABAD” Mərkəzinin əsas məqsədi regionların sosial-iqtisadi inkişafına dəstək vermək, ailə bizneslərində müasir texnologiyaların tətbiqini təmin etmək, ailə brendlərinin formalaşmasına dəstək olmaqdır. Bu layihənin icrası ilə Azərbaycanda təşəkkül tapmış və dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin əsası qoyulacaq. Təsadüfi deyil ki, bu prosesdə ilkin olaraq müxtəlif istehsal sahələrinə uyğun seçilmiş ailələrə avadanlıqlardan istifadə və istehsal gigiyenası, sənədlərin hazırlanması, qablaşdırma və dizayn, məhsulların bazara çatdırılması üzrə təlimlər keçirilir. Bu ailələr müasir istehsal avadanlıqlara malik konteynerlərlə təmin olunur.

Onu da qeyd edək ki, Masallı regional “ASAN xidmət” Mərkəzinin yerləşdiyi ərazidə park salınıb. Burada fəvvarə quraşdırılıb, əhalinin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb. Bundan əlavə, 80 avtomobil üçün avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı, kompleksin kənarından keçən çaydakı kiçik adada helikopter meydançası qurulub. Masallı “ASAN həyat” kompleksində “Azər Türk Bank” ASC əhaliyə bank xidmətləri göstərəcək.

“Dünya miqyasında analoqu olmayan intellektual məhsul artıq Azərbaycanın müəllifliyi ilə dünyaya təqdim olunur”

Açılışa qatılan Prezident İlham Əliyev ASAN Xidmətin strateji əhəmiyyətini şərh etdi. Sitat: ““ASAN xidmət” Azərbaycanda 4 ilə yaxındır ki, fəaliyyət göstərir və bu qısa müddət ərzində insanların rəğbətini qazana bilmişdir.

“ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır. Biz fəxr edirik ki, dünya miqyasında analoqu olmayan intellektual məhsul artıq Azərbaycanın müəllifliyi ilə dünyaya təqdim olunur. Artıq bəzi ölkələr bizim təcrübəmizi öyrənməyə çalışırlar, müxtəlif formatda əməkdaşlıq aparılır. Bu, onu göstərir ki, doğrudan da bizim təşəbbüsümüz çox böyük və geniş nəticə hasil edib və bunun çox gözəl ictimai rezonansı da var. İnsanlar da bu xidməti çox bəyənirlər. Bəyənmə əmsalı 98 faizdir. Bu illər ərzində 3 milyon 500 min insan mərkəzlərə müraciət etmişdir. Müraciətlərin ümumi sayı isə 11 milyon 300 mindir. Artıq 11-ci mərkəz fəaliyyətə başlayır”.

Prezident dedi ki, “ASAN xidmət” yenilikdir, şəffaflıqdır, mədəniyyətdir: “Əslində cəmiyyətdə “ASAN xidmət”in mövcudluğu yeni bir davranış qaydalarını ortaya qoyur. Çünki hamımız yaxşı bilirik ki, əvvəlki illərdə hansısa bir arayışı, sənədi almaq üçün insanlar bəlkə də həftələrlə əziyyət çəkirdilər. İndi isə rahat, mədəni, şəffaf şəkildə, heç bir qanunsuz tələb irəli sürülmədən vətəndaşlar gəlirlər, burada onlara gözəl xidmət göstərilir və onlar bu xidmətdən məmnun qalırlar.

Bildiyiniz kimi, 10 səyyar avtobus fəaliyyət göstərir. Biz çalışırıq ki, ölkə əhalisinin bütün təbəqələrinə xidmət göstərək. Bu mərkəz isə 6 rayona xidmət göstərəcək – Masallı, Lənkəran, Cəlilabad, Lerik, Astara, Yardımlı rayonlarına. Bu rayonlarda 800 mindən çox insan yaşayır. “ASAN xidmət”in fəaliyyəti çox böyük qiymətə layiqdir. Bunu Azərbaycan vətəndaşları görürlər, bilirlər. Mən fəxr edirəm ki, biz müstəqil dövlət olaraq dünyaya intellektual məhsul da təqdim edə bilmişik”.

ASANn əsas prinsipləri

Məlumat üçün bildirək ki, bu Azərbaycan brendi dövlət başçısının 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılıb.

ASAN Xidmətin əsas fəaliyyət istiqamətləri və prinsipləri aşağıdakılardır:

  • “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.
  • “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
  • Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

  “ASAN xidmət” mərkəzlərinin yaradılması zamanı qarşıya qoyulan başlıca məqsədlərə fəaliyyətinin ötən 4 ili ərzində nail olduğunu söyləmək olar. Xidmətin əsas məqsədinin nə olduğuna gəldikdə isə:

  • vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;
  • vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;
  • peşəkarlıq səviyyəsinin artırılması;
  • dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;
  • şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;
  • elektron xidmətlərdən daha geniş istifadə olunması;
  • bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması

başlıca prioritetlər kimi müəyyənləşdirilib.

Bəli doğrudan da sevindirici faktdır ki, Azərbaycan dünyaya həm də öz intellektual məhsulu ilə çıxır. Bu, ölkəmizdə aparılan islahatların yaxşı göstəricisi olmaqla yanaşı, intellektual brendlə Azərbaycanın təbliğ olunması deməkdir.

Vüsal Məmmədov