Analitika

Sosial sahə diqqət mərkəzində

01-09-2016 | 15:56        

  

Dünya neft bazarında baş verən kəskin ucuzlaşma bütün dünya iqtisadiyyatında təbəddülatlar yaratdığı kimi, ölkəmizin də gəlirlərinə təsir etdi. Ancaq hadisələr göstərdi ki, hətta neftdən gələn gəlirlər hesabına büdcəyə daxilolmalarda baş verən ciddi azalmalar belə Azərbaycan iqtisadiyyatını böhranla üz-üzə qoymadı, hətta manatın devalvasiyası belə əhalinin sosial vəziyyətində sıxıntılara səbəb olmadı.  Bu, uzunmüddətli strategiyanın və onun uğurlu tətbiqinin nəticəsi idi.

Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın diversifikasiyası istiqamətində uzunmüddətli dönəmdə görülmüş tədbirlər, eləcə də ardıcıl sosial siyasət ölkə əhalisini böhrandan sığorta edən başlıca faktordur.  Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələnin dövlət üçün böyük əhəmiyyət kəsb etdiyini bir daha diqqətə çatdırıb: “Sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılmışdır. Ümumiyyətlə, 2016-cı ilin ötən dövründə bəzi ölkələrdə maaşlar, pensiyalar ixtisar edilib. Ancaq Azərbaycanda maaşlar və pensiyalar 10 faiz qaldırılıbdır və bu da çox ciddi sosial təşəbbüsdür... Qeyd etdiyim kimi, sosial sahədə maaşlar, pensiyalar qalxıb, eyni zamanda digər islahatlar da aparılır. İnsanlara daha çox imkan yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Biz birinci təcrübənin nəticələrini yəqin ki, yaxın vaxtlarda görəcəyik. Hesab edirəm ki, öz məşğulluğunu təminetmə yanaşması üstünlük təşkil etməlidir”.

Dövlət Statistika Komitəsinin verdiyi avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4962,3 min nəfər olub ki, onlardan da 4716,5 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edir. Cari ilin iyulun 1-i vəziyyətinə isə muzdla işləyənlərin sayı 1521,1 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889,7 min, qeyri-dövlət sektorunda 631,4 min nəfərdir.

Bu ilin avqust ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35 min nəfər olub, onların 37,5 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 246,2 manata çatıb.

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 iyul 2016-cı il tarixinə qədər olan dövr ərzində ümumilikdə 336,6 min nəfər olmaqla 269,4 min daimi iş yerləri açılıb. Daimi iş yerlərinin 9,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 25,1 faizi mövcud müəssisə və təşkilatlarda, 1,1 faizi fəaliyyətini bərpa edən müəssisələrdə, 64,1 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən açılıb.

Cari il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondu sistemində 1307,7 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 13,6 faizini təşkil edir. Onların 59,8 faizi yaşa, 29 faizi əlilliyə, 11,2 faizi isə ailə başçısını itirdiyinə görə pensiya alır. Hesabat dövründə təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 189,6 manat təşkil edib ki, bu da orta aylıq əməkhaqqının 38,8 faizinə bərabərdir.

Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Prezidentin 2016-cı il 25 yanvar tarixli sərəncamına əsasən, ötən ilin istehlak qiymətləri indeksinə uyğun olaraq cari ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılmışdır. Bundan əlavə, ölkə başçısının 2016-cı il 16 yanvar tarixli sərəncamına uyğun olaraq cari ilin fevralın 1-dən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği də 10 faiz artırılaraq 110 manat müəyyən edilib.

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 488,1 manat təşkil edib. Əməkhaqqı neft sektorunda 2733,7, qeyri-neft sektorunda 434,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 367,8, özəl müəssisədə çalışanların əməkhaqları isə 660,4 manat olub. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Cari ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,5 faiz artaraq 25682,7 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2670,9 manat və ya ayda 381,6 manat təşkil edib. Hesabat dövrü ərzində əhalinin gəlirlərinin 77 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, qalan 11,2 faizi isə yığıma yönəldilib.

İşsizliyin aradan qaldırılması, yoxsulluğun indiki 5 faizlik həddindən də aşağı salınması, əmək haqqı və pensiyaların artımı, sosial layihələrin davam etdirilməsi cari il ərzində də dövlətimiz tərəfindən prioritet istiqamət olaraq qiymətləndirilir və bu yöndə ardıcıl tədbirlər görülür.

Vüsal Məmmədov