Analitika

Azərbacan - xarici investorlar üçün cəlb edici ölkə ...və investor

29-08-2016 | 09:20        

  

Hər bir ölkə iqtisadiyyatı üçün xarici investisiyalar mühüm rol oynayır, bu kapital istehsalatın şaxələndirilməsi və genişləndirilməsində stimul kimi çıxış edir. Eyni zamanda xarici ölkələrə kapital yatırılması ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, beynəlxalq miqyasda siyasi nüfuzuna təsir edir, ölkəyə diplomatik münasibətlərdə əlavə xallar qazandırır.

Azərbaycanın investisiya siyasətində bəhs etdiyimiz hər iki istimqamət özünü göstərir. Dövlətimiz xarici investisyaların cəlb olunması istiqamətində ardıcıl işlər görür, iqtisadiyyatın şəffaflaşdırılması, sağlam investisiya mühitinin yaradaılması üçün tədbirlər görür, prosedurların sadələşdirilməsi üçün hüquqi addımlar atır. Azərbaycan həm də xarici ölkələrdə müxtəlif sahələrə sərmayə yatırmaqla mövqelərini möhkəmləndirir. 

Bu günədək Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Dövlətin bu sahədə səylərinin, həyata keçirdiyi ardıcıl proqramların nəticəsidir ki, son 15 il ərzində Azərbaycana 200 milyard dollardan artıq vəsait sərmayə kimi yatırılıb. Həmin investisiyaların yarısı xarici sərmayələrdir.

Prezident İlham Əliyev xarici investisiyaların cəlb edilməsi istiqamətində səylərini xarici səfərləri, biznes dairələri ilə görüşləri zamanı davam etdirir, hər bir belə görüşdə, çıxışlarında ölkəmizdə yaradılmış gözəl biznes mühiti, investisiya imkanları barədə ətraflı məlumat verir, xarici investorları ölkəmizlə əməkdaşlığa, ölkəmizə sərmayə yatırmağa dəvət edir.

 Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kapital qoyuluşunun ölkə üçün əhəmiyyətini qeyd edərək bildirib: “Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub. Bu da çox müsbət haldır. Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkədir. Bu il daha çox xarici sərmayə qoyulubdur. Mən bunu da müsbət qiymətləndirirəm. Çünki daxili sərmayələr azalır. Ona görə ki, indi bizim investisiya proqramlarımız ixtisar olunub. Bu da təbiidir. Ancaq xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkə kimi qalır və əminəm ki, gələcəkdə bu proses davam etdiriləcəkdir”.

Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi üzündən daxili kapital qoyuluşu müəyyən qədər azalıb. Ancaq vaxtında Azərbaycanda xarici investisiya üçün mükəmməl qanunvericilik bazasının yaradılması nəticəsində bu gün də əcnəbi sahibkarlar ölkə iqtisadiyyatına sərmayə qoymaqda davam edir. Cari ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4923,1 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 4328,5 milyon manatı Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Bu ilin 7 ayı ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7959,7 milyon manat vəsait yönəldilib. Bunun 6460,4 milyon manatı məhsul istehsalı obyektlərinin, 1175,9 milyon manatı xidmət sahələri üzrə obyektlərin tikilməsinə sərf edilib. Beləliklə, ümumi investisiyanın 27,7 faizi dövlət, 72,3 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilən vəsaitlərin 70,9 faizi tikinti-quraşdırma işlərinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 38,1 faizini təşkil edib.

Hesabat dövründə əsas kapitala yönəldilən sərmayədən müəssisə və təşkilatların vəsaitləri 5840,3, bank kreditləri 752,8, büdcə vəsaitləri 1006,2, büdcədənkənar fondların vəsaitləri 79,2 milyon manat, sair vəsaitlər isə 21,2 milyon manat olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 68,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 11,8 faizini əsaslı təmir, 3,9 faizini cari təmir, 15,8 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirir.

Cari ilin yanvar-iyul aylarında Bakıda iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları, Gəncədə “Nizami” elektrik yarımstansiyası, Tovuzda Tovuzçay su anbarı, 2478 şagirdlik 11 ümumtəhsil məktəb binası, 1032 yerlik 11 məktəbəqədər təhsil müəssisəsi, 560 yerlik 4 klub və s. obyektlər tikilərək istifadəyə verilib.

Vurğuladığımız kimi, Azərbaycan özü də artıq dünyada sərmayədar ölkə kimi tanınır. Xüsusilə region ölkələri ilə əməkdaşlığı, bu ölkələrə qoyulan sərmayələri qeyd etmək yerinə düşər.

Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələr sırasında ilk yerlərdən birini tutur. 2015-ci ildə Gürcüstana ən çox investisiya yatıran ölkə məhz Azərbaycan olub və bu tendensiya davam edir. Ötən il Gürcüstan iqtisadiyyatına ümumilikdə 1,4 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun da 542 milyon dolları, başqa sözlə, 41 faizi Azərbaycanın payına düşüb.

Azərbaycan, həmçinin Türkiyə, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya və digər dövlətlərin sərmayə bazarlarında aktiv iştirak edən investor kimi mövqeyini möhkəmləndirməkdədir. Respublikamız həmin ölkələrin neft-qaz, neft-kimya, yanacaq-energetika, sənaye, emal, infrastruktur bölmələrinə irihəcmli maliyyə vəsaitləri yönəldərək iqtisadiyyatın inkişafına töhfəsini verir.

Azərbaycan bir çox regional və beynəlxalq layihələrdə də əsas investor kimi çıxış edir. Bütün bu amillər ölkəmizin siyasi nüfuzuna, beynəlxalq çəkisinə də təsir edir və Azərbaycan siyasi və iqtisadi cəhətdən güclü, etibarlı tərəfdaş kimi xarakterizə olunur.

Vüsal Məmmədov