Analitika

Rusiya-İran-Azərbaycan üçtərəfli əməkdaşlığı: bölgədə sabitləşdirici amil

09-08-2016 | 13:15        

  

Azərbaycanın qonşuları ilə ən yüksək əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır və ölkəmizin xarici diplomatiyası bu istiqamətdə ardıcıl olaraq işləyir. Azərbaycanın uğurlu siyasətinin nəticəsidir ki, hətta fərqli siyasi mövqeyi ifadə edən dövlətlərlə eyni vaxtda əməkdaşlıq edə bilir. Bir müddət öncə İrana, indi isə Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalar fonunda Azərbaycan dövləti müstəqil siyasətini davam etdirərək, ölkəmizin və xalqımızın maraqlarına uyğun olaraq bütün tərəflərlə faydalı əməkdaşlıq əlaqələrini qoruyub saxladı, bütün dövrlərdə bu sanksiyaları dəstəkləməsə belə bu sanksiyaları tətbiq edən Qərblə də tərəfdaşlıq əlaqələrini qorudu. Eyni zamanda regiondakı tərəfdaşları, müttəfiqləri ilə də münasibətlərinə xələl gəlməməsi üçün prinsipial siyasətini davam etdirdi.

Bu həftə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəmizdə səfərdə oldu və Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli sammit keçirildi.

Bu, tarixi bir zirvə görüş idi. Azərbaycan həm İran, həm də Rusiya ilə olduca sıx siyasi, iqtisadi, mədəni və s istiqamətlər üzrə əməkdaşlıq edir. Həm bugünkü əlaqələr, həm də tarixi-coğrafi yaxınlı bu ölkələri bir-birinə yaxınlaşdırır. Bu üç ölkənin zirvə görüşünün isə məhz Bakıda keçirilməsi və regionun taleyi ilə bağlı əhəmiyyətli müzakirələrin ölkəmizin paytaxtında aparılması tarixi bir hadisə kimi qiymətləndirilə bilər. Sammtin regional əməkdaşlığı dərinləşdirəcəyi, təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edəcəyi gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyev saamitdəki çıxışı üçtərəfli əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini açır.

Beləliklə, gəlin bu tarixi sammitdə Prezident ilham Əliyevin tarixi çıxışının əsas postulatlarını nəzərdən keçirək:

Dövlətimizin başçısı qeyd etdi ki, İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər və Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olmuşdur və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirmişdir: “Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə və ölkəmizin milli maraqlarına əsaslanır. Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir.

İran və Rusiya Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşır. Hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan etmişdir.

Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər. Münaqişə ilə bağlı mövcud olan status-kvo qəbuledilməzdir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin həll olunması üçün ilk növbədə Azərbaycan əraziləri işğaldan azad edilməlidir”.

Prezident qeyd etdi ki, bizi birləşdirən Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi sülh və əməkdaşlıq dənizidir və belə də qalmalıdır: “Xəzər dənizinin ekosisteminin qorunması bütün Xəzəryanı ölkələrin ümumi işidir. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir. Xəzər dənizində zəngin neft-qaz yataqları yerləşir. Xəzərin Azərbaycan sektorunda İran və Rusiya şirkətləri neft-qaz yataqlarının işlənməsində 20 ildir ki, iştirak edir, böyük sərmayə qoyur. Öz növbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR Xəzərin İran və Rusiya sektorlarında aparılan işlərdə iştirak etməkdə maraqlıdır”.

“Üçtərəfli format iqtisadi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaqdır” deyən dövlətimizin başçısı əlavə etdi ki, Rusiya və İran bizim əsas ticarət tərəfdaşlarımızdandır. Əminəm ki, üçtərəfli format ölkələrimizin biznes strukturları üçün də faydalı olacaq. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, qarşılıqlı ixrac imkanlarının genişləndirilməsi iqtisadi əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Maliyyə, bank, sığorta sektorunda əməkdaşlığın yaxşı perspektivləri vardır. Ölkələrimizin geniş maliyyə imkanlarını nəzərə alaraq biz başqa ölkələrdə müştərək investisiya layihələrində iştirak edə bilərik.

Azərbaycanda sərmayə qoyuluşu üçün münbit şərait yaradıldığını diqqətə çatdıran Prezident İlham Əliyev dedi ki, son 20 ildə Azərbaycana 200 milyard dollar investisiya yatırılıb. Bunun yarısı xarici sərmayədir. Kənd təsərrüfatı, turizm, telekommunikasiya sahələri sərmayə qoyuluşu üçün böyük potensiala malikdir. Davos Dünya İqtisadi Forumunun qlobal rəqabət qabiliyyətliliyi indeksində Azərbaycan 40-cı yerə layiq görülüb.

Elektroenergetika sektorunda əməkdaşlığın uğurla aparıldığını bildirən president qeyd etdi ki, Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib: “Hər iki ölkə ilə enerji mübadiləsinin həcmi ildən-ilə artır. Rusiya ilə mövcud olan sazişə əsasən Azərbaycanın enerji sistemi Rusiyanın Vahid Enerji Sistemi ilə paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini “Xaçmaz-Dərbənd” və “Yalama” elektrik veriliş xətləri birləşdirir. İran ilə də hazırda “Parsabad”, “Astara-Astara”, “Araz” və “Culfa” elektrik veriliş xətləri ilə enerji mübadiləsi həyata keçirilir. Bir neçə gün əvvəl İmişli və Parsabad arasında elektrik xətti də birləşdirildi. Masallı və Astara şəhərləri arasında isə elektrik xətti yaxın gələcəkdə tam istismara veriləcəkdir.

Artıq Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. İxrac potensialımız artır. Əminəm ki, birgə səylərlə biz etibarlı enerji dəhlizinin formalaşmasına nail ola bilərik. Bu dəhliz üç ölkə arasında enerji mübadiləsini və yeni bazarlara çıxışı təmin edə bilər”.

Prezident İlham Əliyev qeyd etdi ki, nəqliyyat sektorunda əməkdaşlığın çox gözəl və ümidverici gələcəyi vardır: “Azərbaycan dünyada yeganə ölkədir ki, həm İran, həm Rusiya ilə sərhədi var. Hazırda Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi mövcuddur. Bu il biz qərar qəbul etmişik ki, yaxın gələcəkdə Azərbaycan İran sərhədinə qədər öz dəmir yolunu uzatsın. Ümid edirəm ki, biz yaxın aylarda buna nail olacağıq. Eyni zamanda, bu yaxınlarda Azərbaycan-İran sərhədində Astaraçay üzərində dəmiryolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Bu infrastruktur layihələri “Şimal-Cənub” nəqliyyat dəhlizinin ayrılmaz tərkib hissəsidir.

“Şimal-Cənub” nəqliyyat dəhlizi strateji əhəmiyyət daşıyan transmilli layihədir. Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi vardır. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. Ümid edirəm ki, birgə səylərlə bu layihənin icrasına tezliklə nail olacağıq”.

Prezident regionun tollerantlıq dəyərlərinə toxunaraq vurğuladı ki, sevindirici haldır ki, ölkələrimizdə dini və milli məsələlərdə heç bir problem yoxdur. Bu, bizim ölkələrimizin qazandığı dəyər və sərvətdir.

“Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Tarix boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh, qardaşlıq şəraitində yaşayıblar. Multikulturalizm Azərbaycanda həyat tərzidir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.

Azərbaycan nadir dövlətlərdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatında, həm də Avropa Şurasında təmsil olunur. Ölkələrimiz bu təşkilatlar daxilində uğurla əməkdaşlıq edir” – deyə president əlavə etdi.

Nəhayət, president yeni formatın əhəmiyyətini şərh edib və perspektivinə böyük ümid bəslədiyini dilə gətirib:  “Yaratdığımız yeni üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir. Bu, çox önəmli, yeni geosiyasi təşəbbüsdür. Üçtərəfli əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcəkdir. İqtisadi əməkdaşlıq, energetika, nəqliyyat sektorlarında üçtərəfli əməkdaşlıq xalqlarımızın rifah halının yaxşılaşmasını təmin edir. Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiq yerini tutacaq. Biz bu gün mehriban qonşuluq nümunəsini göstəririk. Biz bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə hətta bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu olan regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik”.

Azərbaycan prezidenti yekun nitqində Rusiyaran-Azərbaycan üçtərəfli əməkdaşlığı bölgədə sabitləşdirici amil kimi xarakterizə etdi.

Bəli, regionun təhlükəsizliyi, sülhün bərpası və qorunması, eləcə də iqtisadi əlaqələrin daha səmərəli və ardıcıl şəkilə salınması yalnız xalqların rifahına xidmət edə bilər. Rusiyaran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı da məhz buna hesablanıb. Bu formatın davam etdirilməsi üçün siyasi istək və iradə də mövcuddur. Deməli, bu əlaqələr sayəsində yeni səmərəli layihələr, birgə tədbirlər olacaq və bütün bunlar regiona fayda verəcək.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR