Analitika

Referendum Aktı layihəsi nələri nəzərdə tutur: idarəetmənin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının təminatının gücləndirilməsi

04-08-2016 | 13:30        

  

Məlum olduğu kimi, iyulun 18-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzaladı.

Sərəncama əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edildi.

Ali Məhkəmə bildirdi ki, təklif edilən dəyişikliklər Azərbaycan Konstitusiyasının müddəalarına zidd deyil və ümumxalq səsverməsinə çıxarıla bilər. Beləliklə, sentyabrın 26-da ölkəmizdə növbəti referendum baş tutacaq.

Bəs ümumxalq səsverməsinə hansı məsələlər çıxarılıb? Təklif olunan dəyişikliklər nələrdən ibarətdir?

Qısaca ifadə etsək, Referendum Aktına daxil edilən məsələlər əsasən iki istiqaməti əhatə edir: insan hüquq və azadlıqlarının təminatının möhkəmləndirilməsi və sistemin və idarəetmənin təkmilləşdirilməsi.

"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi 29 maddədən ibarətdir. 

İlk dəyişiklik Konstitusiyanın 9-cu maddəsinin 1-ci hissəsinədir. Bu Silahlı Qüvvələrlə bağlı maddə hazırda qüvvədə olan Konstitusiyada belə nəzərdə tutulub: 

“Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır”. 

Dəyişiklikdə isə aşağıdakı redaksiyada verilməsi təklif edilir: 

"Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir".

Bu dəyişikliyə əsasən, ordu da daxil olmaqla bütün silahlı birləşmələr Silahlı Qüvvələrin tabeçiliyində fəaliyyət göstərəcək. 

Konstitusiyanın 24-cü – “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi” maddəsinə "İnsan ləyaqəti qorunur və ona hörmət edilir"; "Hüquqlardan sui-istifadəyə yol verilmir", - hissələri əlavə edilir. 

Digər dəyişiklik 25-ci maddə - Bərabərlik hüququ maddəsinin III hissəsinədir. 

Hazırkı variant: Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Təklif olunan dəyişiklik də  III hissənin birinci cümləsində "milliyyətindən" sözü "etnik mənsubiyyətindən" sözləri ilə, ikinci cümləsində "milli" sözü "etnik" sözü ilə əvəz edilsin;

Həmçinin maddəyə VI hissə əlavə edilir: 

VI. "Fiziki və əqli qüsurları olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar".

Mülkiyyət hüququnu nəzərdə tutan 29-cu maddəyə isə yeni hissələr əlavə edilir: "Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur", " Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər".

V maddədən ibarət olan Şəxsi toxunulmazlıq hüququ nəzərdə tutulan 32-ci maddəyə də yeni -  VI, VII və VIII hissələr əlavə edilir: 

VI. "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır".

VII. "Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz".

VIII. "Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir".

9-cu maddəyə edilən dəyişikliklə əlaqədar Tətil hüququ nəzərdə tutulan 36-cı maddədə də "və digər silahlı birləşmələrdə" sözləri çıxarılır. Həmçinin maddəyə IV hissə əlavə edilir: "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır".

Maddə 47-də nəzərdə tutulan Fikir və söz azadlığı maddəsinin 3-cü - "İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir", -  hissəsində "sosial" sözündən sonra "və hər hansı digər meyara əsaslanan" sözləri əlavə edilsin.

Sərbəst toplaşma azadlığı ilə bağlı 49-cu maddənin II - "Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır", - hissəsində "etməklə" sözündən sonra" ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə" sözləri əlavə edilməsi təklif edilir. 

Vətəndaşlıq hüququnun təminatını nəzərdə tutan 53-cü maddənin I - "I. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz", - hissəsində  "heç bir halda" sözlərinin çıxarılması və "vətəndaşlığından" sözündən sonra "onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla" sözləri əlavə edilir.

Seçki hüququ ilə bağlı 56-cı maddənin III - "Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər", - hissəsində "seçkilərdə iştirak etmək" sözlərinin "seçilmək" sözü ilə əvəz edilməsi təklif edilir. 

Müraciət etmək hüququ nəzərdə tutan 57-ci maddənin I - "Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir", -  hissəsinə "Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər" cümləsi də əlavə edilir. 

Birləşmək hüququnu nəzərdə tutan 58-ci maddənin hazırkı: "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər", - hissəsi yeni redaksiyada belə təklif edilir:  "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır".

59-cu - Azad sahibkarlıq hüququ maddəsinin: "Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər", - hissəsindən "qanunla nəzərdə tutulmuş qaydada" sözlərinin çıxarılması və  "Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir", - məzmununda II hissə əlavə edilməsi nəzərdə tutulub. 

Hüquq və azadlıqların məhkəmə təminatını nəzərdə tutan 60-cı maddə də yeni redaksiyada verilir: 

Hazırkı variant: 

I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

II. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

Təklif olunan variant:

"Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər".

Hazırkı variantda "Zərərin ödənilməsini tələb etmək hüququ" adlanan 68-ci maddənin adı da dəyişdirilərək, "Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ" adlandırılıb, həmçinin maddəyə "Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır" və "Dövlət dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır" hissələri əlavə edilir.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı barədə 71-ci maddənin II - "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır", - hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin: "Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır".

Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblərlə bağlı olan 85-ci maddənin I hissəsində "yaşı 25-dən aşağı olmayan" sözləri "seçkilərdə iştirak etmək hüququna malik olan" sözləri ilə əvəz edilir. 

89-cu (Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddənin I hissəsinə əlavə edilən yarımbəndlərə görə deputat qanunla müəyyən edilmiş səsvermə hüququnu şəxsən yerinə yetirmədikdə və deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda deputat səlahiyyətinin itirilməsi üçün əsas yaranır. 

Yeni əlavə edilən maddəyə əsasən isə Azərbaycan Respublikası Milli Məclisinin hansı hallarda buraxılması nəzərdə tutulub:

Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü (Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) və 95-ci (Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər) maddələrində, 96-cı  (Qanunvericilik təşəbbüsü hüququ) maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində (Qanunların imzalanmaq üçün təqdim olunması müddəti) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır".

Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələbləri ehtiva edən 100-cü maddədə nəzərdə tutulmuş "Yaşı otuz beşdən aşağı olmayan" sözlərinin isə çıxarılması təklif edilir. 

Azərbaycan Respublikası Prezident seçkilərinin əsasları ilə bağlı maddənin I hissəsində Prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması və "Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər", - cümləsinin əlavə edilməsi təklif edilir. 

Konstitusiyaya yeni əlavə edilən maddələrdən biri də "Azərbaycan Respublikasının vitse-prezidentləri" adlanır: 

"I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir".

Azərbaycan Respublikası Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası ilə bağlı 105-ci maddənin I: "Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir", - hissəsində "üç ay" sözləri "altı ay" sözləri ilə, "Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir" hissəsində isə "Baş naziri" sözləri "Birinci vitse-prezidenti" sözləri ilə əvəz edilir. 

II: Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının Baş naziri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir", - hissəsində isə "Baş naziri" sözləri "Birinci vitse-prezidenti" sözləri ilə, "səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri" sözləri "müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini" sözləri ilə əvəz edilir.

III hissə isə aşağıdakı redaksiyada verilir:  

"Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir".

Həmçinin aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

"IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir".

Yeni əlavə edilən 106-1 maddəsi isə Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığını nəzərdə tutur:  

"I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

IV. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən, Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər".

Yeni 108-1 maddəsi isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatına aiddir:

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir".

Yeni  110-1-ci maddəsi "Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi" barədədir: 

"Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər".

Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər nəzərdə tutulan 121-ci maddənin yeni redaksiyasında da dəyişiklik var: 

"Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir".

Hazırda qüvvədə olan redaksiyada isə tələblər belə nəzərdə tutulub:

"I. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir".

II. Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

Hakimliyə namizədlərə aid tələblərlə bağlı 126-cı maddədə də 30 yaş həddi ləğv edilib. 

Yeni əlavə edilən Maddə 146-1. maddəsi isə "Bələdiyyələrin məsuliyyəti"ni nəzərdə tutur: 

"Bələdiyyələr bələdiyyə qulluqçuları ilə birlikdə bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar".