Analitika

Azərbaycan hərbi potensialını niyə artırır? - TƏHLİL

27-07-2016 | 13:35        

  

Azərbycanın hərbi potensialını artırır. Ölkənin iqtisadi gücü imkan verir ki, ordu quruculuğuna kifayət qədər diqqət ayrılsın. Azərbaycanın öz ordusunu gücləndirməsi, silahlandırması, təbii olaraq düşməni təşvişə salır.

Azərbaycanın öz ordusunu silahlandırmasından narahatlıq keçirənlərin mövqeyinə rəğmən rəsmi Bakı öz ordusunu gücləndimək hüququnu və bütün beynəlxalq təşkilatların və sənədlərin tələblərinə məhəl qoymayaraq Ermənistanın işğal altında saxlandığı torpaqları istənilən yolla – eləcə də hərbi əməliyyatlarla azad etmək hüququnu özündə saxlayır. Güclü ordu və beynəlxalq hüququn imkanları isə düşmən cəbhəsində ciddi qorxu yaradır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı "Biz hərbi potensialımızı gücləndiririk və gücləndirəcəyik. Aprel döyüşləri bir daha onu göstərib ki, biz düzgün siyasət aparırdıq və aparırıq" bəyanatı isə ordu quruculuğunun, ordumuzun ən müasir sialahlarla təchiz olunmaqda davam etdiyinin, edəcəyinin ifadəsidir. Dövlət başçısı bildirir ki, bu gün hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır: "Bu gün Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər. Biz sadəcə olaraq hələ də ümid edirik ki, bu münaqişə sülh yolu ilə həll oluna bilər və ümidlərimiz bir qədər artıb. İndi əsas məsələ bundan ibarətdir - həmsədr ölkələr və ATƏT Ermənistana ciddi təzyiq göstərməlidir ki, onlar təklif olunan məsələ ilə bağlı müsbət cavab versinlər".

Prezident birmənalı olaraq vurğulayıb ki, hərbi potensialımızın gücləndirilməsi prioritet olaraq qalacaq: "Aprel hadisələrindən sonra çox ciddi əlavə tədbirlər görülüb. Bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artıb, daha da artacaq. Biz ən müasir texnika, silah-sursat alırıq. Əlbəttə ki, bu, bizim gücümüzü artırır və danışıqlar prosesində mövqelərimizi gücləndirir. Ona görə artıq uzun illər ərzində apardığımız siyasət öz səmərəliliyini təsdiq etdi. Bundan sonra hərbi potensialımızın gücləndirilməsi, ordu quruculuğu prosesi daha da sürətlə getməlidir. Həm yerli istehsal daha da artmalıdır və artacaq, - bu gün artıq Azərbaycanın çox güclü hərbi sənayesi vardır, - həm də ən qabaqcıl texnologiyaya malik olan silahlar alınır və alınacaq".

Müdafiə sənayesi Nazirliyinin məlumatına görə ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə, cari ildə də bir sıra yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər aparılıb. Belə ki, cari ildə icrasına başlanmış keçid layihələr davam etdirilir. Həmçinin istismara verilməsi nəzərdə tutulan 7 müəssisədə  40x46 mm-lik “Revolver” tipli qumbaraatanın,  40x46 mm-lik lüləaltı və “Revolver” tipli qumbaraatanlar üçün döyüş sursatlarının, RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının, M-6 və M-12 tipli mina partladıcılarının, 23, 30 və 40 mm-lik avtomatik topların və qumbaraatanların döyüş sursatları üçün müxtəlif növ partladıcıların, 100, 122, 130, 152, eləcə də NATO standartlarına uyğun 155 mm-lik artilleriya və 125 mm-lik tank topları üçün mərmilərin və onların gilizlərinin, 5,45 mm-dən 30 mm də daxil olmaqla, atıcı silahlar və kiçikçaplı avtomatik toplar üçün lülələrin istehsalı üzrə işlər başa çatmaq üzrədir.

Həmçinin bildirilir ki, artıq Azərbaycan  Müdafiə Sənayesi Nazirliyinin müəssisələri beynəlxalq bazarlara çıxaraq, müxtəlif tenderlərin qalibi elan olunmuşlar. Bu da ölkəmizdə istehsal olunan hərbi təyinatlı məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edir. Bunun nəticəsində müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanmış və icrasına başlanmışdır. Qürurverici haldır ki, ixrac edilən məmulatlar sırasında bütün növ döyüş sursatları, müasir atıcı silahlar, snayper tüfəngləri, pilotsuz uçuş aparatları və digərləri də vardır. Hazırda Müdafiə Sənayesi Nazirliyinin  Amerika Birləşmiş Ştatları, Avropa, Asiya və Afrikanın bir sıra dövlətləri ilə sıx əməkdaşlıq etməsi ölkəmizdə istehsal olunan hərbi məqəsədli silah-sursatlara marağın atrmasından xəbər verir. Son məlumata görə, bu istiqamətdə bağlanan müqavilələrin dəyəri 106 milyon ABŞ dolları təşkil edir.

Müdafiə sənayesi Naziri Yavər Camalov Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı hesabat çıxışı zamanı bildirib ki, aprel döyüşlərində müəssisələrimizdə istehsal olunan silah və sursatlardan - tank əleyhinə qumbaraatanlardan, minaatanlardan və onların döyüş sursatlarından, snayper tüfənglərindən, universal pulemyotlardan, o cümlədən AK74M tipli avtomat silahlardan, müxtəlif çaplı patronlardan və digər döyüş sursatlarından düşmənə qarşı geniş istifadə edilmişdir. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyənləşdirilib məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmişdir.

Nazir məlumat verib ki, hesabat dövründə ümumi məhsul istehsalının həcmi üzrə proqnoz tapşırığına 101,7 faiz əməl olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz artım əldə edilmişdir.

Daha bir fakt ondan ibarətdi ki, son illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələri xeyli genişlənmiş və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu gün ordumuzun NATO standardlarına uyğunlaşdırılmasının  yüksək səviyyədə aparılması da bundan xəbər verir. Azərbaycan 1994-cü ildən etibarn qoşulduğu NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə olduqca səmərəli əməkdaşlıq əlaqələri qurub. Hər il Azərbaycan Respublikası ilə NATO arasında fərdi əlaqələndirmə proqramı hazırlanır və təsdiq edilir. Proqrama əsasən, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun hərbi məktəbləri, kollecləri və başqa strukturlarında keçirilən sülhməramlı kurslarda, Avropa qurumları ilə birlikdə təhlükəsizlik sahəsində əməkdaşlıq, adi silahlara nəzarət, böhran vəziyyətini idarəetmə, ətraf mühitin mühafizəsi, inteqrasiya proseslərinin genişləndirilməsi və digər tədbirlərdə iştirak edirlər. Azərbaycan sülhməramlılarının bundan əvvəl Kosovoda, İraqda, hazırda isə Əfqanıstanda NATO-nun, koalisiya qüvvələrinin tərkibində öz missiyalarının layiqincə və yüksək peşəkarlıqla yerinə yetirmələri NATO komandanlığı tərəfindən də yüksək qiymətləndirilir.

Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu ən yüksək səviyyədə optimallaşdırılıb və istənilən vəzifənin öhdəsindən gələ bilər. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, danışıqlara sadiqdir, ancaq sonsuza qədər yox.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR