Analitika

Ermənistanın təcavüzkar siyasəti dünya mediasında

22-07-2016 | 15:03        

  

Ermənistan özüzün çıxılmaz vəziyyətə salmaqda, beynəlxal  qınaq qarşısında küncə sıxılmaqda davam edir. Zaman keçdikcə beynəlxalq nüfuzunu tamamilə itirən Ermənistanın siyasi hakimiyyəti ölkəni uçuruma aparır. Bu fonda dünya mediası Ermənistanın işğalçı siyasətinə daha çox diqqət ayırmağa başlayır. Son bir neçə həftə ərzində dünyanın aparıcı KİV-lərində bu mövzuda bir çox materiallar dərc edilib. Onlardan bəzilərinin xülasəsini nəzərədn keçirək.

“The Daily Caller” Ermənistanın işğalından və Xocalı vandalizmindən yazır

ABŞ-ın “The Daily Caller” nəşrində Azərbaycanın ABŞ və NATO üçün strateji önəmindən bəhs edən məqalə dərc olunub. Məqalədə Azərbaycanın vacib beynəlxalq geosiyasi əhəmiyyətə malik ölkə olduğu vurğulanır.

Yazıda Prezident İlham Əliyevin NATO-nun Varşavada keçirilən Sammitində iştirakının Azərbaycanın önəmli ölkə olduğunu bir daha sübut etdiyi bildirilir. Azərbaycanın Əfqanıstanda aparılan əməliyyatlarda NATO-ya və ABŞ-a göstərdiyi kömək oxucuların diqqətinə çatdırılır. Rəsmi Bakının Əfqanıstandakı əməliyyatların ilk günündən Azərbaycan üzərindən daşımaların həyata keçirilməsinə icazə verdiyi vurğulanır. Qeyd edilir ki, NATO və Birləşmiş Ştatlar da Azərbaycanın strateji və olduqca əlverişli coğrafi mövqeyə malik olduğunu bilir. Varşava Sammitində Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin eksperti Naciyə Selin Senocak bildirib ki, Azərbaycan NATO üçün önəmini Əfqanıstanda və Kosovoda sübut edib.

Müəllif Azərbaycanın ərazisinin beşdəbir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırır. Qeyd edir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu problem hələ də həll olunmayıb.

Amerikalı oxuculara Xocalı soyqırımı barədə də məlumat verilir, 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində 600-dən çox qadın, kişi və uşağın qətlə yetirildiyi diqqətə çatdırılır. Bildirilir ki, Ermənistanın işğalçılıq siyasətinin mərkəzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ayrılaraq Ermənistana birləşdirilməsi durur. ABŞ bilir ki, 1994-cü ildə atəşkəs əldə olunana qədər 20 min azərbaycanlı Ermənistanla münaqişə nəticəsində qətlə yetirilib və bir milyon azərbaycanlı zorla öz evlərindən qovulub. Aprel ayındakı hərbi əməliyyatlar bütünlüklə Azərbaycan ərazisində baş verib. “Azadlıq” radiosunun müşahidəçiləri açıq şəkildə bildiriblər ki, aprel ayında baş vermiş hərbi əməliyyatları Ermənistan əsgərləri və Ermənistan tərəfindən dəstəklənən separatçı əsgərlər təhrik ediblər. İşğala və Xocalıda etnik təmizləməyə məruz qaldıqlarına görə azərbaycanlıların münaqişənin həlli ilə bağlı danışıqlarda əsasları, mənəvi üstünlükləri var. Dağlıq Qarabağ separatçıları özlərini müstəqil elan etsələr də heç bir ölkə bunu qəbul etmir.

Müəllif vurğulayır ki, ABŞ, NATO və bütün Avropa ölkələri Azərbaycanı bu münaqişənin həllində dəstəkləməlidirlər, çünki tarix bu dəstəyi diktə edir. NATO-nun gücü əhəmiyyətli şəkildə Azərbaycan vasitəsilə artırıla bilər. Azərbaycanın Qərb üçün əhəmiyyəti regionun ABŞ və NATO tərəfindən təsəvvür edilən gələcəyində mərkəzi rol oynaya bilər.

İspaniya qəzeti Ermənistanın təcavüzkar siyasəti barədə

İspaniyanın aparıcı qəzetlərindən olan “La Razon”da “Dağlıq Qarabağda sülh üçün bir fürsət” adlı məqalə dərc edilib. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Ermənistanın yürütdüyü təcavüzkar siyasətdən bəhs edilir.

Bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanğıcı sovet dövrünə, 1987-ci ildə Ermənistan tərəfinin dinc Azərbaycan əhalisini Ermənistandan və Dağlıq Qarabağ vilayətinin şəhəri olan Xankəndidən zorla çıxarması dövrünə təsadüf edir. Azərbaycan xalqına qarşı aparılmış etnik təmizləməyə aydın misal olaraq 1992-ci ildə törədilmiş, 613 nəfərin qətlə yetirildiyi və mindən çox insanın şikəst qaldığı Xocalı soyqırımını göstərmək olar.

Qeyd olunur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, Dağlıq Qarabağ regionu və ona bitişik ətraf 7 rayon işğal olunub. İyirmi mindən çox insan qətlə yetirilib, əlli mindən çox insan isə əlil qalıb. Soyqırımının və etnik təmizləmənin qurbanı olan bir milyon azərbaycanlı öz əzəli torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilib. 1994-cü ildə elan olunmuş atəşkəs rejiminə baxmayaraq, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı təcavüz törətməkdə davam edir və bu təxribatlar son illər ərzində daha da güclənərək zorakı xarakter almaqdadır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini ağır artilleriya və iriçaplı silahlardan intensiv atəşə tutduğu aprel döyüşləri buna misaldır. Ermənistan tərəfinin həyata keçirdiyi hücumlar zamanı, həmçinin güclü dağıdıcı qüvvəyə malik olan ağ fosfor mərmisindən istifadə olunub. Hücumlar nəticəsində Azərbaycanın Ermənistanla təmas xəttində yerləşən 34 kəndi və yaşayış məntəqəsi ağır artilleriyadan intensiv atəşə məruz qalıb. Nəticədə 33 nəfər ağır yaralanıb, uşaqlar da daxil olmaqla 6 mülki şəxs həlak olub. Məhkəmə-tibbi ekspertizası nəticəsində Azərbaycan hərbi qulluqçularının cəsədlərində işgəncə və pis rəftar əlamətləri aşkar edilib. Cari il aprelin 5-də elan olunmuş atəşkəsə baxmayaraq, Ermənistan tərəfi bu sazişi pozmaqda davam edir, iriçaplı ağır artilleriya, mina və qumbaralarla təmas xətti boyunca yerləşən kəndlərə və yaşayış məntəqələrinə atəş açır.

Yazıda vurğulanır ki, təcavüzkar qüvvələrin Azərbaycanın zəbt olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistan Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlamaqda davam edir. Beynəlxalq təşkilatlarda çıxış edən Azərbaycan Respublikasının Prezidenti münaqişənin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət etməklə mümkün olacağını və siyasi yolla öz həllini tapmasına çalışacağını hər zaman bəyan edir. Bu baxımdan, cari ildə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilmiş üçtərəfli görüşü ümidvericidir. Görüşün yekunlarına dair qəbul edilmiş birgə bəyanatda tərəflərin sülh danışıqlarına hazır olduqları bildirilir. Bu isə region üçün təhdid yaradan müharibəni dəf etmək istiqamətində atılan addım kimi dəyərləndirilir.

Litvalı jurnalist bir daha diqqəti erməni terrorizminə yönəldib

Litvanın www.slaptai.lt portalında tanınmış jurnalist, bu portalın rəhbəri Gintaras Visotskasın “Bir daha erməni terrorizmi haqqında” məqaləsi dərc edilib. G.Visotskas Ermənistan prezidenti Serj Sarkisyanın açılış mərasimində iştirak etdiyi İrəvanda Qaregin Njdeyə abidə ucaldılması haqqında yazır.

Litvalı jurnalist Q.Njdenin tərcümeyi-halından bəhs edərkən bu hərbi cinayətkarın “inqilabi terror” ideyalarının heyranı olduğunu, faşist Almaniyasında erməni milli hərbi birləşməsi formalaşdırması, əslən Vedibasar və Naxçıvandan olan azərbaycanlıların sıxışdırılması üçün amansız aksiyalar təşkil etdiyini qeyd edir. G.Visotskas yazır: “Bu generalın sevimli kəlamı “Hitler uğrunda ölən Ermənistan uğrunda ölür” idi.

Jurnalist xatırladır ki, 1982-ci ildə ABŞ-da “erməni terror təhlükəsi" barədə rəsmi bəyanat dərc edilib. Amansız erməni terrorçuları ilə bağlı narahatlığı dilə gətirən rəsmi Vaşinqton onların türk diplomatlarına, həm ABŞ-da, Avstraliyada, həm də Avropada Türkiyəni dəstəkləyən siyasətçilərə qarşı təşkil edilən istisnasız olaraq bütün qanlı aktları nəzərdə tuturdu.

G.Visotskas bir çox mətləbləri izah edən ABŞ-ın bu bəyanatını unutmamağa çağırır. 1973-cü ildən 2002-ci ilədək erməni terrorçuları yalnız Qərbi Avropada 235 terror aktı, 70 qətl, 41 sui-qəsd törədib, 524 nəfəri yaralayıb, 105 nəfər girov götürülüb, onlardan 12-i öldürülüb. Məgər rəsmi İrəvan açıq şəkildə və konkret olaraq bu əməlləri qınayıb?

Litva bunlardan hansı nəticələr çıxarmalıdır? Məqalə müəllifi yazır ki, biz şəhərlərimizdə erməni xaçları qoyulmasına icazə verərkən daha ayıq-sayıq olmalıyıq”.

“EurActiv” portalı da Ermənistan-Azərbaycan münaqişəsi barədə yazır

Avropa İttifaqı ilə bağlı məsələləri işıqlandıran “EurActiv” xəbər portalında “Stratfor” Qlobal Strateji Təhlillər və Proqnozlaşdırma Mərkəzinin hazırladığı “Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar” adlı məqalə yayılıb. Məqalədə aprel ayının əvvəllərində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrdən sonra danışıqlar prosesində müşahidə olunan canlanmadan bəhs edilir.

Yazıda təmas xəttində baş verən hadisələrdən sonra danışıqlar prosesinin sürətləndiyi, bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı danışıqların hazırki vəziyyətini müsbət qiymətləndirdiyi, rəsmi Moskvanın bu prosesdə ən vacib vasitəçi olduğu qeyd edilir, ümumiyyətlə aprel hadisələrindən sonra münaqişənin yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrildiyi bildirilir.

Təhlilçilər məsələyə dair proqnozlarını təqdim edərək status-kvonun dəyişməyəcəyi təqdirdə danışıqların uzun müddət aparılmasının mümkün olmayacağını, aprel hadisələrinə hər şeydən əvvəl danışıqlar prosesində irəliləyişin olmaması amilinin təkan verdiyini, bir sözlə, münaqişənin həllində sözdən çox fəaliyyətin tələb olunduğunu vurğulayırlar.

İsrail telekanalı: Ermənistanın indiki rəhbərliyi faşistlərin tərifini göylərə qaldırır

Dünən İsrailin Doqquzuncu televiziya kanalında İsrail jurnalisti, diplomatı və İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) təsisçisi Yosef Şaqalın “Gəlin danışaq” verilişində erməni faşisti, general Njdenin xatirəsinin müasir Ermənistanda əbədiləşdirilməsi və abidəsinin qoyulması faktına həsr olunmuş diskussiya keçirilib.

Yosef Şaqal bildirib ki, biz bir çox dövlətlərin öz tarixini qızğın şəkildə yenidən yazmağa başladığı səksəkəli bir dövrdə yaşayırıq. O deyib: “Onlar şəxsiyyəti beynəlxalq hüquq nöqteyi-nəzərindən böyük şübhə doğuran adamların tərifini göylərə qaldırırlar. Biz xalqların öz tarixini, tarixi keçmişini şərh etmək və milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüququna qarışmırıq. Amma dəhşətli Holokost cinayətlərində əli olan insanların milli qəhrəmanlara çevrilməsinə susmalıyıqmı? Deyin görək, nasistlərin əlaltısı və antisemit Qaregin Njdeyə lap bu yaxınlarda Yerevanda, habelə postsovet məkanının bəzi şəhərlərində başqa antisemitlərə və uşaq qatillərinə ucaldılan abidələrə necə reaksiya göstərməliyik? Ölkə bəşəriyyətə qarşı cinayətdə ittiham olunan bir adamı öz qəhrəmanı adlandıra bilərmi və əgər qəhrəmanı adlandıra bilərsə, buna necə bəraət qazandırmalı?”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail dövlətindəki nümayəndəliyinin direktoru, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut verilişə ekspert kimi dəvət edilib.

İsrailli ekspertin fikrincə, erməni faşisti və antisemit general Njdenin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıqdır və Holokost qurbanlarının xatirəsini təhqir etməkdir. Ekspert deyib: “Bu, şəxsən mənim - ailəsinin bütün üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilən bir babanın nəvəsinin qəlbini göynədən dözülməz ağrıdır. Məhz buna görə də mənim üçün həm də şəxsi faciədir”.

Arye Qut “Gəlin danışaq” televiziya verilişində diskussiya zamanı artıq uzun illərdir Ermənistanda yəhudilərin mənəvi zorakılığa məruz qaldığını qeyd edib. Bu da özünü antisemit ruhlu kitabların çap olunmasında, televiziyada antisemit xarakterli verilişlərin yayımlanmasında, habelə Yerevanda Holokost qurbanlarının memorial lövhəsinin dəfələrlə təhqir edilməsində göstərir.

Arye Qut vurğulayıb: “Erməni faşisti və antisemit general Njdenin abidəsinin qoyulması bir daha təsdiq edir ki, həm xalqımızın nümayəndələrini, həm də sovet əsgərlərini məhv edən bu faşistlərə müasir Ermənistanda irimiqyaslı pərəstiş yaradılıb. Onların şərəfinə xatirə sikkələri kəsilir, bədii və sənədli filmlər çəkilir. Dünya birliyi Ermənistanda faşizmin təbliğini bundan sonra da səssiz-səmirsiz seyr etsə, Ermənistanın indiki rəhbərliyi sabah eyni müvəffəqiyyətlə Hitlərə abidə qoya bilər. Vurğulamaq lazımdır ki, bu qaniçən faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmaların gücü ilə yaradılmır, bu hərəkətlərin arxasında dövlət, daha dəqiq desək, müasir Ermənistan Respublikasının rəhbərliyi dayanır.

Arye Qut sovet rəhbərliyinin Njdeyə faşist kimi baxmaması və buna görə də onu güllələməməsi barədə ekspert Yevgeni Klauberin şərhinə sərt formada cavab verərək vurğulayıb ki, İkinci Dünya müharibəsi illərində vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlığını tarix heç vaxt unutmayacaq. Bu legionun yaradıcılarından biri faşist Njde olub. A.Qut vurğulayıb: “Yəqin ki, siz arxiv sənədləri ilə təsdiq olunmuş tarixi faktlardan sadəcə bixəbərsiniz. General Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və alman ordusuna yararsız olan digər insanları məhv etmək olub. Njde minlərlə yəhudinin məhvində şəxsən iştirak edib. Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları məhz erməni legionu sayəsində yəhudilərdən tam təmizlənib. Məgər bundan sonra biz erməni faşisti və antisemitinin müasir Ermənistanda milli qəhrəman dərəcəsinə yüksəldilməsinə laqeyd baxa bilərik?”.

İsrailli ekspert qeyd edir ki, bu gün Ermənistanda Dro və Njde kimi faşistlərin və antisemitlərin hansı məqsədlə şişirdilməsini erməni ekspertlərindən soruşanda onlar bildirirlər ki, məqsəd erməni xalqının hərbi-vətənpərvərlik ruhunu yüksəltməkdir. Arye Qut deyib: “Doğrudanmı ermənilərin faşistlərdən başqa qəhrəmanları qalmayıb, məgər Qızıl Ordu sıralarında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ermənilər olmayıb? Sadəcə başa düşmək lazımdır ki, müasir Ermənistanda faşistlərin və antisemitlərin təriflərinin göylərə qaldırılması Ermənistanın indiki rəhbərliyinin dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. General Njdenin abidəsinin açılış mərasimində Ermənistan Prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirak etmələri faktı təsdiq edir ki, onlar özlərini erməni faşisti və antisemit Njdenin həqiqi və əsl varisləri hesab edirlər”.

Ekspertin sözlərinə görə, faşist ideologiyasının təbliğinin nəticələrini 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində qanlı soyqırımı aktının nümunəsində görmək olar. İsrailli ekspert vurğulayıb: “Azərbaycanın Xocalı şəhəri bir gecədə yer üzündən silindi. Bu qanlı qırğın nəticəsində 613 azərbaycanlı məhv edildi, onlar dəhşətli işgəncələrə və həqarətlərə məruz qaldılar. Onların yeganə günahı azərbaycanlı olmaları idi. Bu qanlı qırğını Ermənistanın indiki prezidentinin və müdafiə nazirinin simasında erməni generalı Njdenin varisləri törədiblər”.

Azərbaycan cəmiyyətində multikulturalizm və tolerantlıq siyasətindən danışan Arye Qut bildirib ki, Amerikanın Antidiffamasiya Liqasının məlumatına görə, antisemitizmin səviyyəsinə görə postsovet məkanında birinci yeri Ermənistan tutur. Bu ölkə monoetnikdir. Burada yəhudiləri barmaqla saymaq olar. Arye Qut fikrini belə yekunlaşdırır: “İndi isə multikulturalizmin və tolerantlığın həyat tərzinə və dövlət siyasətinə çevrildiyi Azərbaycan Respublikasına baxın. Azərbaycan Prezidenti İlham Əliyev daim bəyan edir ki, biz çoxmillətli və çoxkonfessiyalı ölkədə yaşamağımızla, bir çox xalqların və millətlərin nümayəndələrinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamaları ilə qürur duyuruq. Biz əslən Azərbaycandan olan yəhudilərlə fəxr edirik”. Arye Qut vurğulayıb: “Azərbaycanda ksenofobiya və antisemitizm halları heç vaxt olmayıb və ola da bilməz. Bəs ölkəsində 99,9 faiz erməni yaşayan, ermənilərdən başqa, demək olar, heç bir xalqın və konfessiyanın olmadığı Ermənistan prezidenti bu barədə danışırmı?”.

Bundestaqın deputatı: Beynəlxalq birlik Ermənistana təzyiq göstərməlidir

Almaniyanın “Südthüringen Kurier” qəzetində “Dağlıq Qarabağ üçün sülh həlli” adlı məqalə dərc edilib.

Məqalədə Almaniya Bundestaqının deputatı Mark Hauptmanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair fikirləri yer alıb. Münaqişə tərəflərini sülh yolu ilə həllə sadiq qalmağa çağıran almaniyalı deputat davamlı həll üçün işğala son qoyulmasının vacibliyini qeyd edir: “Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi Dağlıq Qarabağı Azərbaycana geri qaytarmalıdır. Bu haqda hələ 1993-cü ildə ATƏT və BMT-nin Təhlükəsizlik Şurası qərarlar qəbul edib”.

Deputat vurğulayır ki, münaqişənin dondurulması yolverilməzdir. Beynəlxalq birlik işğal altında olan ərazilərin geri qaytarılması üçün Ermənistana təzyiq göstərməlidir.

Hazırladı: Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.12.2018) :
Yağış Gecə : +3+5 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR