İqtisadiyyat

Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüş keçirilib

21-07-2016 | 13:56        

  

“Dünyada iqtisadi böhran yaşandığı bir şəraitdə Azərbaycan inamla inkişaf edir və bunun təməlində düşünülmüş iqtisadi siyasət, aparılan islahatlar və ölkəmizin gələcəyi ilə bağlı proqramlar dayanır”. Bu fikir Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə keçirilən görüşdə səslənib.

Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə Vergilər naziri Fazil Məmmədov vergi siyasəti və vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə yeni xidmət sahələrinin təqdim edilməsi, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarların ictimai təşkilatlar ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verdiyini bildirdi. Vurğuladı ki, Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən görüş məhz bu məqsədlərə xidmət edir. Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan  iclasında dövlət başçısının vergi orqanları qarşısında qoyduğu vəzifələrə toxunan Fazil Məmmədov dedi  ki, dünyada iqtisadi böhran yaşandığı bir şəraitdə Azərbaycan inamla inkişaf edir və bunun təməlində düşünülmüş iqtisadi siyasət, aparılan islahatlar və ölkəmizin gələcəyi ilə bağlı proqramlar dayanır. Yoxlamaların sayının minimuma endirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi yükünün azaldılması, biznes mühitində şəffaflığın təmin edilməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev ölkəmizdə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlı olduqlarını vurğuladı. Sonra biznes strukturlarının nümayəndələri ilə onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıldı, görüş iştirakçılarının sualları cavablandırıldı.