İqtisadiyyat

Xarici müəssisələr əsas kapitala 4 milyard 257 milyon manatdan çox vəsait yönəldib

21-07-2016 | 10:01        

  

Bu ilin altı ayı ərzində xarici müəssisə və təşkilatlar tərəfindən ölkə iqtisadiyyatında əsas kapitala 4 milyard 257,4 milyon manat vəsait yönəldilib. Bu arada, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatı sahəsində də artım qeydə alınıb.

Bu ilin altı ayı ərzində xarici müəssisə və təşkilatlar tərəfindən ölkə iqtisadiyyatında əsas kapitala 4 milyard 257,4 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 88,5 faizi Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub. Tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 69,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 12,2 faizini əsaslı təmir, 15,4 faizini isə digər tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər. Bu arada, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,4 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,8 faiz artım qeydə alınıb. Aqrar təsərrüfatların ayrı-ayrı sahələrinə gəlincə, iribuynuzlu mal-qara sayında 0,6 faiz artım olub. Hesabat dövründə diri çəkidə ət istehsalı 2,6, süd istehsalı 4,9, yumurta istehsalı 5,4, yun istehsalında isə 3,4 faiz artıb. Bundan başqa, ölkədə 70,7 ton barama istehsal olunub.