Xarici xəbərlər

Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının artım proqnozunu aşağı salıb

20-07-2016 | 15:06        

  

Beynəlxalq Valyuta Fondu son 15 ay ərzində 5-ci dəfə dünya iqtisadiyyatının artım proqnozunu aşağı salıb. Fondun proqnozuna görə, 2016-cı ildə qlobal iqtisadi artım 3,1%, 2017-ci ildə isə 3,4% təşkil edəcək. Bu, aprel proqnozu ilə müqayisədə 0,1% azdır. Artım proqnozunun endirilməsinin əsas səbəbi Böyük Britaniyada iyunun 23-də keçirilmiş referendumda vətəndaşların Avropa İttifaqından çıxmağın lehinə səs verməsidir. Fondun hesabatında deyilir ki, Britaniyanın ittifaqdan çıxması 2017-ci ildə dünya iqtisadiyyatının artımını zəiflədəcək. Beynəlxalq Valyuta Fondu 2016-2017-ci illər üçün Böyük Britaniya iqtisadiyyatının da artım proqnozunu aşağı salıb. Bu il Britaniyada ÜDM-in 1,7%, gələn il isə 1,3% artacağı proqnozlaşdırılır. Bu rəqəmlər aprel proqnozu ilə müqayisədə 0,2 və 0,9% azdır. Avrozona üçün isə fond yalnız gələn ilin proqnozunu aşağı salıb. 2017-ci ildə vahid valyuta məkanında iqtisadiyyat cəmi 1,4% artacaq. Apreldə isə bu rəqəmin 1,6% olacağı proqnozlaşdırılırdı. Böyük Britaniyanın Avropa İttifaqından çıxması bir çox ölkə iqtisadiyyatına, o cümlədən ABŞ və Çinə də təsir edəcək. Beynəlxalq Valyuta Fondunun “Brexit”lə bağlı dünya iqtisadiyyatında ciddi itkilərə səbəb olacaq neqativ ssenariləri də var. Ekspertlərin fikrincə, Britaniya ilə Avropa İttifaqı arasında danışıqlar iflasa uğrasa, bu, beynəlxalq ticarət razılaşmalarının pozulması, maliyyə bazarlarında narahatlıq və Britaniyada resessiyaya səbəb ola bilər.