Analitika

Azərbaycan yeni ixrac kanalına çıxır – UKRAYNA İLƏ ƏMƏKDAŞLIQ AZƏRBAYCANA NƏLƏR QAZANDIRA BİLƏR?

18-07-2016 | 12:26        

  

Ötən həftə Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycanda səfərdə oldu. Səfər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, şaxələndirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edirdi.

Ümumiyyətlə, Ukrayna-Azərbaycan münasibətləri həmişə yüksək səviyyədə olub və iki dövlət arasında əlaqələr bu gün də dinamik şəkildə inkişaf edir. Ukrayna MDB məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biridir. Yəni iki ölkə arasında əlaqələr sadəcə diplomatik anlaşma şəklində formalizə edilməyib, strateji müttəfiqlik səviyyəsindədir.

Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. Hər iki dövlət bir-birinin müstəqilliyini qısa müddətdə tanısa da, diplomatik nümayəndəliklərin açılması bir qədər sonraya təsadüf edir. Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı il mayın 5-də fəaliyyətə başlayıb. Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci il martın 17-də açılıb.

Ötən həftə iki ölkə arasında daha bir neçə sənəd imzalanıb. Belə ki,  “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Fiskal Xidməti arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol” və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqram”ın imzalanmasının iki ölkə arasında əlaqələri bir qədər də sıxlaşdıracağı bildirilir.

Dövlət başçılarının bəyanatlarında da bu nikbinlik ifadə olunur.

Prezident ilham Əliyev iki ölkə arasında əməkdaşlığın çoxspektrli olmasını bildirib, bununla belə qeyd edib ki, əməkdaşlığın bir qədər də şaxələndirliməsi üçün potensial mövcuddur:

-      Bu gün həm təkbətək görüşdə, həm də Prezidentlər Şurasının iclasında Ukrayna-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və gələcək birgə fəaliyyət üçün addımlar müəyyən edilmişdir. Şuranın gündəliyi çox geniş idi. Bir çox önəmli məsələlər müzakirə edildi - energetika, nəqliyyat, hərbi-texniki əməkdaşlıq, siyasi əlaqələr, beynəlxalq təşkilatlarda fəaliyyətimiz. Demək olar ki, müzakirə edilən bütün məsələlərlə bağlı çox ciddi tapşırıqlar verilmişdir. Əminəm ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha da yaxın olacaq və ticarət dövriyyəsi daha da artacaq. Çünki hazırda ticarət dövriyyəsi nə bizi, nə Ukrayna tərəfini qane edə bilməz.

Siyasi əlaqələrin inkişafı geniş müzakirə edildi. Biz bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və bundan sonra da bu təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də, Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda əməkdaşlığımızı dərinləşdirəcəyik.

İqtisadi məsələlərə gəldikdə, prezident bildirib ki,  bu sahədə çox böyük potensial var: “Burada həm qarşılıqlı ticarətin genişləndirilməsi üçün imkanlar var, - biz danışdıq ki, Azərbaycan idxal edilən malların ölkəmizə gətirilməsi işində Ukrayna şirkətlərinə diqqət yetirəcək, - eyni zamanda, Azərbaycanın artıq çox geniş ixrac imkanları vardır və Ukrayna bazarı – böyük bazar bizim üçün çox maraqlıdır. Konkret tapşırıqlar verilmişdir.

Birgə investisiya layihələrinin icrası nəzərdə tutulur və müvafiq göstərişlər verildi ki, hər iki ölkənin investisiya imkanları araşdırılsın. Çünki buna çox böyük maraq var.

Energetika sahəsində qeyd edildi ki, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR artıq Ukraynada fəal iştirak edir, böyük həcmdə - 200 milyon dollardan çox sərmayə qoyubdur, 60 yanacaqdoldurma məntəqəsi var. SOCAR-ın Ukraynada fəaliyyəti çox uğurludur və ölkələrimizi daha da birləşdirir.

Eyni zamanda, vaxtilə çox ciddi şəkildə müzakirə olunan Odessa-Brodı layihəsinin canlanması işində müvafiq göstərişlər verildi. Azərbaycan dünya bazarlarına, o cümlədən Avropaya böyük həcmdə öz neftini ixrac edir. Eyni zamanda, Xəzərin şərq sahillərində yerləşən ölkələr üçün tranzit rolunu da oynayır. Azərbaycan ərazisindən dünya bazarlarına neft ixrac olunur və hesab edirəm ki, Odessa-Brodı layihəsinin canlanması üçün imkanlar var.

Bütövlükdə Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi-Baltik dənizi əməkdaşlığı formatı hesab edirəm ki, çox böyük potensialı özündə ehtiva edir. Burada şübhəsiz ki, nəqliyyat dəhlizlərinin fəaliyyəti də çox önəmlidir. Artıq birinci sınaq layihə icra edilib. Ukraynadan gələn bəzi yüklər Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə nəql edilib. Bu gün qərara gəldik ki, bu dəhlizi iqtisadi cəhətdən daha da cəlbedici etmək üçün biz tariflərə baxmalıyıq. Çünki tariflər yükgöndərənlər üçün məqbul olmalıdır ki, daha da böyük həcmdə yüklər hər iki istiqamətə getsin.

Mən Prezidenti məlumatlandırdım ki, biz yaxın zamanlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istismarını təmin edəcəyik. Bu yol İpək Yolunun bərpası deməkdir və burada Ukrayna şirkətləri üçün də yeni imkanlar açılır. Eyni zamanda, Azərbaycan tərəfdaş ölkələrlə Şimal-Cənub dəhlizinin yaradılması üçün səylər göstərir. Gələcəkdə Ukrayna tərəfi bu yoldan da istifadə edə bilər. Bir sözlə, nəqliyyat sahəsində çox geniş imkanlar var və əminəm ki, bu gün verilmiş tapşırıqların yaxşı nəticələri olacaq.

Birgə sənaye sahələrinin yaradılması istiqamətində də fikir mübadiləsi aparıldı. Bu, həm ağır sənayeyə aiddir, eyni zamanda, hərbi-texniki sənayenin inkişafı üçün imkanlar var. Bu sahədə əməkdaşlığımızın artıq gözəl təcrübəsi var və bu məsələlər də müzakirə edildi”.

Prezident Petro Poroşenko Azərbaycan və Ukrayna Prezidentləri Şurasının Beşinci İclasının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Ukrayna Prezidenti iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə də toxunaraq dedi:

- Düşünürəm ki, ən perspektivli layihələrdən biri, – cənab Prezident də onu qeyd etdi, - Azərbaycana An-178 tipli təyyarələrin satışı olacaqdır. Burada - Azərbaycanda onların birgə istehsalının yaradılması da çox maraqlı bir layihədir. Düşünürəm ki, bu da yeni bazarların kəşfi üçün maraqlı bir layihə olacaqdır.

Biz yanacaq və energetika sahəsində əməkdaşlığımızı müzakirə etdik. Burada söhbət Azərbaycanın ehtiyatlarının və Ukraynanın tranzit ehtiyatlarının tətbiq edilməsindən gedir.

Ukrayna dövlətinin başçısı iki ölkənin beynəlxalq təşkilatlarda əməkdaşlığından danışaraq qeyd etdi:

- BMT Təhlükəsizlik Şurasında bizim əməkdaşlığımız çox vacibdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdur və orada da Ukrayna daim müdafiə edilmişdir. Mən Sizi əmin edə bilərəm ki, bu gün Ukrayna 2016-2017-ci illər üzrə həmin mövqedədir və Azərbaycanın mövqeyi də orada müdafiə ediləcək. Bundan əlavə, biz Azərbaycanın GUAM təşkilatında sədrlik məsələsini də müzakirə etdik.

Biz danışıqlar zamanı ölkələrimiz üçün digər maraqlı məsələləri müzakirə etdik. Ölkələrimizin qarşılıqlı şəkildə suverenliyi və ərazi bütövlüyünün müdafiəsi məsələsini müzakirə etdik. Ukrayna Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və böyük məmnuniyyətlə biz bilirik ki, Azərbaycan da Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutur.

Beləliklə, Azərbaycan üçün Ukrayna ilə əməkdaşlığın bir sıra dividendləri olacaq:

-      Beynəlxalq miqyasda Ukraynanın simasında mühüm tərəfdaşla əlaqələr möhkəmləndirilir.

-      İqtisadi əlaqələr şaxələndirilir: yeni ixrac bazarına çıxış əldə edilir.

-      Yeni investisiya platforması formalaşır.

-      Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi-Baltik dənizi əməkdaşlığı formatı yeni iqtisadi əlaqələrə aparır.

 

Vüsal Məmmədov