Rəsmi xronika

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimi

18-07-2016 | 11:22        

  

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Prezident İlham Əliyev avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində başlayacaq XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğuladı. Yay Olimpiya Oyunlarında Azərbaycanın 56 idmançı ilə təmsil olunacağını deyən dövlətimizin başçısı budəfəki Oyunlara 57 lisenziyanın qazanıldığını diqqətə çatdırdı. Ötən dövrdə idmançılarımızın beynəlxalq yarışlarda yüksək səviyyədə iştirak etdiyini, Olimpiya Oyunlarında uğurlu nəticələr qazandığını deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan idman dövlətidir və ölkəmizdə idmanın inkişafı ilə bağlı məqsədyönlü siyasət aparılır.

“Düşünülmüş siyasət idmanı Azərbaycan cəmiyyətində önəmli amilə çevirib”, - deyən dövlətimizin başçısı cəmiyyətimizdə idmançıların layiqli yer tutduğunu və idmanla məşğul olmaq istəyənlərin sayının getdikcə artdığını vurğuladı. Bildirdi ki, bunun əsas səbəbi idmançılarımızın uğurları və onlara göstərilən dövlət qayğısıdır.

İdmançıların mənzil-məişət problemlərinin həll olunduğunu, bütün ölkədə mükəmməl idman infrastrukturunun yaradıldığını diqqətə çatdıran Prezident İlham Əliyev son bir neçə ildə Bakıda gözəl memarlıq əsərləri olan möhtəşəm idman obyektlərinin istifadəyə verildiyini bildirdi. İdmanın kütləviliyinin təmin olunmasının əsas şərt olduğunu vurğulayan dövlətimizin başçısı dedi ki, bizə sağlam gələcək, sağlam millət lazımdır.

Son illərdə Azərbaycanda beynəlxalq idman yarışlarının davamlı olaraq keçirildiyini, artıq dünya və Avropa çempionatlarının Bakıda təşkilinin adi hala çevrildiyini qeyd edən Prezident İlham Əliyev bütün bunları beynəlxalq idman aləmi tərəfindən Azərbaycana göstərilən diqqətin təzahürü kimi xarakterizə etdi. Prezident İlham Əliyev ötən il tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Yay Olimpiya Oyunları səviyyəsində keçirilən birinci Avropa Oyunlarının idmançılara və qonaqlara ölkəmizlə yaxından tanış olmaq imkanı verdiyini dedi. “Dünya gördü ki, Azərbaycan inkişaf etmiş, müasir ölkədir və bu ölkənin güclü idmançıları var”, - deyən dövlətimizin başçısı vurğuladı ki, birinci Avropa Oyunları bizim tarixi qələbəmiz və nailiyyətimizdir. Bu, Azərbaycan dövlətinin zəfəridir.

Azərbaycan Prezidenti ötən ay Bakıda keçirilən və beynəlxalq reytinqdə mühüm yer tutan, tamaşaçı auditoriyası 500 milyon olan Formula-1 Avropa Qran-prisinin respublikamızın və Bakının təbliği baxımından mühüm tədbir olduğunu bildirdi, yarışın ölkəmizin turizm potensialının inkişafında xüsusi rol oynayacağını diqqətə çatdırdı.

Prezident İlham Əliyev dedi ki, bu il Bakıda Dünya Şahmat Olimpiadası, gələn il isə IV İslam Həmrəylik Oyunları keçiriləcək. Bu da bir daha ölkəmizin özünəməxsus xüsusiyyətlərini əks etdirir. Bu, həm də onu göstərir ki, dünya miqyasında ölkəmizin nüfuzu getdikcə artır. Cəmi 25 illik müstəqilliyi dövründə Azərbaycan böyük yol keçib və inkişaf edən ölkəyə çevrilib.

“Ancaq güclü dövlətlərdə güclü idman olur və Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür”, - deyən Prezident İlham Əliyev bütün idman yarışlarının bir sınaq olduğunu qeyd etdi. Vurğuladı ki, ən əsası bu sınaqdan üzüağ çıxmaqdır. Çünki bütün xalqımız idmançılarımızdan qələbə gözləyir.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda Olimpiya hərəkatının inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlatdı. Bildirdi ki, Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq prosesi uğurla həyata keçirilib. Rio Olimpiadasında ölkəmiz idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunacaq. Azərbaycan idmanın dörd növündə isə ilk dəfə təmsil ediləcək. Azərbaycan komandasının əsasən titullu idmançılardan ibarət olduğunu deyən Azad Rəhimov bu Olimpiya Oyunlarında üç hakimimizin də təmsil olunacağını bildirdi.

Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev idmançılara, ümumilikdə ölkəmizdə idmanın inkişafına verdiyi güclü dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. O, budəfəki Olimpiya Oyunlarında uğurla çıxış edəcəklərini bildirdi.

Paralimpiyaçı İlham Zəkiyev idmançılarımızın qazandığı qələbələrdə Prezident İlham Əliyevin xüsusi rolunu vurğuladı. O, birinci Avropa Oyunlarında uğurla çıxış edən atletlərimizin Rio Olimpiadasında da müvəffəqiyyət qazanacaqlarına əminliyini ifadə etdi.

Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvü Rəsul Çunayev ölkəmizi Olimpiya Oyunlarında təmsil etməkdən fərəh hissi duyduğunu dedi və bu sınaqdan üzüağ çıxmağın qarşıda duran mühüm vəzifə olduğunu bildirdi.

Sonra Rio Olimpiadasına gedən idmançılarımız Olimpiya andını içdilər.

Daha sonra idmançılar Azərbaycanın dövlət bayrağını öpdülər.

Prezident İlham Əliyev onlara xeyir-dua verərək uğurlar dilədi.

Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyevə XXXI Yay Olimpiya Oyunlarında atletlərimizin geyinəcəyi idman forması təqdim olundu.

Bildirildi ki, bütün idmançılarımız “Zika” virusu əleyhinə dərman vasitələri və digər tibbi ləvazimatlarla təmin olunub.

Sonda Prezident İlham Əliyev idmançılarla xatirə şəkli çəkdirdi.