Analitika

Qeyri-neft sektoru möhkəmlənir: öz məşğulluğunu təminetmə yanaşması formalaşır

14-07-2016 | 16:01        

  

Qarşıya qoyulmuş prioritet hədəflərdən biri – qeyri-nef sektorunun güclənməsi, şaxələnməsi məsələsi diqqət mərkəzindədir. Artıq görülmüş tədbirlər nəticə verir. Baxmayaraq ki, bu istiqamətdə əksər istehsal sahələri hələ yeni yaradılıb və onların məhsuldarlığı bir neçə il ərzində özünü göstərəcək.

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı da əsas müzakirə predmetlərindən biri məhz qeyri-neft sektorunun inkişafı idi.

Dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini deyən Prezident İlham Əliyev Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu bildirdi. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdırdı.

Cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu bildirən ölkə başçısı qeyd etdi ki, ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. İlin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. “2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq”, - deyən dövlətimizin başçısı strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlərin davam etdirildiyini bildirdi.

Dövlətimizin başçısı ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi. Prezident İlham Əliyev dedi ki, bu il ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması istiqamətində, həmçinin Mingəçevirdə yüngül sənaye kompleksinin təməlinin qoyulması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir.

Prezident deyir:

“Baxmayaraq ki, il ərzində neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycan inkişaf edir. Düzdür, ümumi daxili məhsul bir qədər azalıb. Bunun müxtəlif səbəbləri var. Ancaq sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyatın əsas sahələri - sənaye və kənd təsərrüfatı artıb. Yəni, real sektor artıb. Sənaye istehsalı 0,6 faiz artıb. Düzdür, o qədər də böyük artım deyil, ancaq hesab edirəm ki, bu, böhran ili üçün müsbət haldır. Ölkəmizin qeyri-neft sənayesi 2,4 faiz artıb. Bu, çox ciddi artımdır və hesab edirəm ki, bu artım böyük ümidlər verir. Gələcəkdə bu, daha da artacaq. Çünki bir qədər sonra mən gələcək planlar, o cümlədən sənaye potensialının inkişafı haqqında danışacağam. Əlbəttə ki, Azərbaycanda çox güclü sənaye kompleksi yaradılacaqdır.

Kənd təsərrüfatı 3 faizdən bir qədər çox artıb. Bu da müsbət haldır, ancaq potensial daha da böyükdür. Bu il görülən və görüləcək işlər, həmçinin gələn il görüləcək işlər nəticəsində kənd təsərrüfatında çox böyük irəliləyiş olacaqdır”.

Azərbaycan sosialyönümlü siyasət həyata keçirir, ancaq əsas hədəflərdən biri odur ki, əhalinin öz məşğulluğunu təmin etməsi ənənəsi formalaşsın.

Post-neft dövrünün əsas hədəfi belədir: Bir neçə il ərzində dövlət büdcəsi, onun mütləq əksəriyyəti qeyri-neft sektoru hesabına təmin edilməlidir.

Prezident bildiri ki, 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Düzdür, biz bu islahatları uzun illərdir ki, aparırıq. Ancaq əvvəlki dövrdə vəziyyət başqa idi. Neft hasilatı artırdı. Neftin qiyməti 100 dollardan çox idi. Beləliklə, bizim əsas vəzifəmiz infrastruktur layihələrinin - həm sosial infrastruktur, həm digər infrastruktur layihələrinin icrası idi. Çox böyük vəsait ayrılırdı. Biz elektrik enerjisi, qazlaşdırma, kənd yollarının tikintisi ilə bağlı əsas infrastruktur layihələrini qısa müddətdə icra etdik. Hələ ki, bu istiqamətdə işlər davam edir, amma infrastruktur layihələrinin böyük əksəriyyəti artıq reallaşıb.

İndi vəziyyət tam başqadır. Mən artıq dəfələrlə demişəm, biz postneft dövründə yaşayırıq. Düzdür, bir neçə ildən sonra Azərbaycan dünya bazarlarına çox böyük həcmdə təbii qazı da ixrac etməyə başlayacaq və yenə də valyuta axını artacaq. Ancaq biz elə yaşamalıyıq ki, artıq postneft dövründəyik və belə olan halda, əlbəttə, ciddi, daha da dərin iqtisadi islahatlar aparılmalı idi və aparılır. Həm maliyyə-bank sektorunda, həm də kənd təsərrüfatının, sənaye potensialımızın inkişafı ilə bağlı çox ciddi islahatlar aparılır. İxracın stimullaşdırılması, investisiya cəlb edilməsi üçün çox böyük güzəştlər tətbiq olunur. Eyni zamanda, vergi sahəsində, xüsusilə gömrük sektorunda ciddi islahatlar aparılır. Bu il gömrük orqanlarından daxilolmalar plandan 17 faiz artıq yığılıbdır. Bu, çox müsbət nəticədir. Vergi orqanlarında yığım plandan 2 faiz artıq təmin edilib. Amma orada da böyük ehtiyatlar var. Hesab edirəm ki, vergi sistemində aparılan islahatlar ilin sonuna qədər bütün bu vəziyyəti şəffaflaşdıracaq. Necə ki, gömrük orqanlarında bütün məsələlər şəffaf şəkildə öz həllini tapır. Təbii ki, bunu həm insanlar, biznesmenlər, iş adamları görür, eyni zamanda, büdcəyə daha da böyük həcmdə vəsait daxil olur. Yəni, bütün sahələrdə islahatlar dərinləşməlidir, şəffaflıq təmin edilməlidir, nəzarət, maliyyə nəzarəti daha da gücləndirilməlidir. Belə olan halda biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Məsələ məhz belə qoyulub. Bir neçə il ərzində dövlət büdcəmiz, onun mütləq əksəriyyəti qeyri-neft sektoru hesabına təmin edilməlidir. Ondan sonra neftin qiyməti qalxdı-düşdü, bunun heç bir əhəmiyyəti olmayacaq.

Dövlət başçısı bildirir ki, sosial sahədə maaşlar, pensiyalar qalxıb, eyni zamanda, digər islahatlar da aparılır. İnsanlara daha çox imkanlar yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər. Bu məqsədlə Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Biz birinci təcrübənin nəticələrini yəqin ki, yaxın vaxtlarda görəcəyik. Hesab edirəm ki, öz məşğulluğunu təminetmə yanaşması üstünlük təşkil etməlidir – deyə prezident bildirir.

Öz məşğulluğunu təmin etmə yanaşması bazar iqtisadiyyatının tələblərindən doğur. Bu, həm də dövlət büdcəsini sosial xərclərdən, investisiya xərclərindən müəyyən qədər azad edir və cəmiyyətin iqtisadi və biznes baxımından daha aktiv kateqoriyasını formalaşdırır.

Vüsal Məmmədov