Analitika

NATO-dan Azərbaycana birmənalı dəstək

11-07-2016 | 10:58        

  

Ötən həftə sonu Polşa paytaxtı Varşava NATO-nun növbəti Sammitinə evsahibliyi etdi. Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edirdi.

NATO-nun Varşava Sammitində Alyansa üzv olan və İSAF proqramına qoşulan tərəfdaş ölkələrdən, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirdilər.

İyulun 9-da Varşavada NATO Sammiti çərçivəsində “Dövlət və hökumət başçıları səviyyəsində “Qətiyyətli dəstək” missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş” mövzusunda sessiyada Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Məlum olduğu kimi, Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində dünya birliyinin irəli sürdüyü təşəbbüslərə Azərbaycan da öz dəstəyini verir. Ölkəmiz Əfqanıstana sülhməramlı qüvvələrimizin orada təmsil olunması, müəyyən təlimlərin keçirilməsi ilə və digər müxtəlif proseslərdə dəstək göstərir.

Sessiyada çıxış edən prezident İlham Əliyev bildirdi ki, NATO-nun etibarlı tərəfdaşı və Əfqanıstanın dostu kimi Azərbaycan “Qətiyyətli dəstək” missiyasına əsgərləri vasitəsilə verdiyi nəzərəçarpan töhfəsini davam etdirəcək və müxtəlif növ tranzit daşımalarını təmin edəcək.

Azərbaycan Əfqanıstanın milli ordusunun Qəyyumluq Fonduna artıq bir neçə dəfə əhəmiyyətli yardımlar göstərib. Biz götürdüyümüz öhdəliklərə uyğun olaraq, həmin Fondu maliyyə baxımından dəstəkləməkdə davam edəcəyik.

Biz Əfqanıstan ilə uzunmüddətli siyasi tərəfdaşlığa və praktiki əməkdaşlığa sadiq qalırıq və “Qətiyyətli dəstək” missiyası başa çatdıqdan sonra geniş Davamlı Tərəfdaşlıq Proqramı çərçivəsində töhfəmizi verməyi nəzərdə tuturuq.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın Əfqanıstanda sabitliyə və inkişafa verdiyi töhfə NATO əməliyyatlarındakı iştirakımızdan əlavə olaraq həyata keçirilir.

Biz hərbi tədris, təhsil, infrastruktur, daşıma, sərmayələr və qadınların cəmiyyətdə rolunun artırılması kimi sahələrdə praktiki yardım göstərməklə, Əfqanıstanı etibarlı gələcəyə doğru islahatlar yolunda ikitərəfli qaydada dəstəkləyirik.

Prezident vurğuladı ki, Azərbaycan yaxın gələcəkdə başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinə əhəmiyyətli dərəcədə maliyyə və texniki dəstəyini göstərib. Bu layihə Avropa və Asiyanın dəmir yolu xətlərini Azərbaycan vasitəsilə birləşdirəcək. Əfqanıstan, həmçinin bu mühüm daşımalar şəbəkəsinə qoşula bilər.

Xəzər regionunda ölkəmizin ən iri Beynəlxalq Ticarət Limanının tikintisi Avrasiyada əməkdaşlıq üçün yeni imkanlar yaradır. Əminəm ki, Əfqanıstan, həmçinin bu layihədən faydalanacaq.

“Azərbaycan–NATO tərəfdaşlığı beynəlxalq hüququn və təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əsaslanır” deyən prezident bu dəfə də ali tribunadan beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizin üzləşdiyi işğal faktına yönəltdi: “Əfsuslar olsun ki, həmin prinsiplər hələ də pozulur. Azərbaycanın ərazisinin təxminən 20 faizini silahlı qüvvələri ilə işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparmış, hərbi cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır.

İyirmi ildən artıqdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməkdən imtina edir. Biz status-kvonun qəbuledilməzliyini bəyan edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatlarını dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Biz Varşava Sammitinin Bəyannaməsində bir daha qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndiririk”.

Məlumat üçün bildirək ki, NATO-nun Varşava sammitində üzv dövlətlər tərəfindən dövlət və hökumət başçıları səviyyəsində yekun kommünike qəbul edilib və bu yekun sənəddə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənib.

Kommunikenin 24-cü paraqrafında NATO üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləməkədə sadiq olduqlarını bir daha vurğulayaraq, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun aktı əsasında həllini dəstəklədiklərini ifadə ediblər.

Xatırladaq ki, 4-5 sentyabr 2014-cü ildə NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyanatında da NATO-nun üzv dövlətləri  Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanmış və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunüb.

Vüsal Məmmədov